Göbəkdə tiftik necə yığılır?

Göbək Fotonun müəllifi Getty Images
Image caption Tiftik bakteriyaları üzərinə toplamaqla göbəyin təmiz qalmasına kömək edir.

Göbəkdə yığılan tiftik daha çox hallarda orta yaşlı, bədəni tüklü kişilərdə yığılır, xüsusilə, onlar kökələn dövrdə..

Bu nəticəyə Sydney Universitetindən tədqiqatçı Karl Kruszelnicki gəlib. Doktor Karl Avstraliya radiosunda elmi mövzuda verilişlər aparır və dinləyicilərdən biri ona göbəkdə tiftiyin yığılması barədə sualla müraciət edib.

Bundan sonra doktor internet vasitəsilə bu məsələyə dair sorğu aparıb və məlum olub ki, göbəkdə tiftiyin yaığılması əsasən orta yaşlı, bədəni tüklü kişilərdə müşahidə olunur.

Bu tədqiqatına görə Kruszelnicki 2002-ci ildə Nobel mükafatına parodiya olan IgNobel mükafatını qazanıb. Həmin mükafata "əvvəlcə güldürən. sonra isə düşündürən" tədqiqatların müəllifləri layiq görülür.

İnternet sorğusu ilə yanaşı Kruszelnicki-nin qrupu könüllülərdən göbək ətrafındakı tükləri qırxmağı xahiş edib.

Məlum olub ki, tüklərin qırxılması göbəkdə tiftiyin yığılması prosesini kəsir.

Bu məsələ üzrə dünyanın aparıcı mütəxəssisləri olmasalar da, doktor Karl və onun əməkdaşları güman ediblər ki, göbək ətrafında tüklər göbəyə tiftiyin yığılmasına səbəb olur.

Belə ki, tüklər paltardan ayrılan mikroskopik liflərin toplanıb göbəyə istiqamətlənməsində müəyyən bir mexanizm rolu oynayır.

Köhnə köynəyin tiftiyi az olur

Göbəkdə tiftik problemi təkcə Kruszelnicki-ni maraqlandırmayıb.

2009-da Vyana Texnoloji Universitetinin tədqiqatçısı Georg Steinhauser Medical Hypotheses jurnalında keçirdiyi tədqiqatın nəticələrinə dair məqalə dərc etdirib.

O, üç il ərzində göbəyindən tiftik nümunələri yığmaqla məşğul olub.

O bildirib ki, bu müddət ərzində hər gün duş qəbul etdiyinə baxmayaraq, günün sonunda onun göbəyinə tiftik yığılıb.

Ümumilikdə Steinhauser öz göbəyindən 503 tiftik nümunəsi yığıb.

Fotonun müəllifi Getty Images
Image caption Tiftiyin rəngi əmələ gəldiyi pambıq lifinin rəngində olur.

"Tiftiyin pambıq lifindən əmələ gəlməsi aydın idi", - Steinhauser yazıb. O qeyd edib ki, göbəkdə toplanan lifin rəngi həmin gün əynində olduğu maykanın rənginə uyğun gəlirdi.

Əynində köhnə mayka olanda isə, göbəyində yığılan tiftiyin həcmi daha az olub.

Bu, görünür, köhnə maykada lif tiftiyinin daha az olması ilə bağlıdır.

Steinhauser də Kruszelnicki-nin əldə etdiyi nəticəni təsdiqləyib: göbəyə tiftiyi yığıan, göbəkətrafı tüklərdir.

O, göbək ətrafındakı tükləri tikanlı məftillərə bənzədib.

Steinhauser bir addım da irəli ataraq tiftiyin kimyəvi tərkibini də təhlil edib.

Nəticədə, göbəkdəki tiftiyin tərkibində sellüloza ilə yanaşı toz, dəri kəpəyi, piy, zülal və tər də aşkar olunub.

Keçirdiyi kimyəvi analizin nəticələrinə əsaslanan Steinhauser tiftik yığan göbəklərin tiftik yığmayan göbəklərdən daha təmiz olduğunu ehtimal edib, çünki, onun qənaətincə, göbəyə yığılan bütün çirk tiftiyə hopur və tiftiklə də göbəkdən yığışdırılır.

2011 Şimali Karolina Dövlət Universitetindən (NCSU) Biologiya fakültəsinin tədqiqatçısı Rob Dunn və onun həmkarları göbəkdəki bakteriaların tərkibini təyin etməyə çalışıblar.

Göbəyə adaptasiya

Dunn və onun qrupu təhlil etdikləri 60 nümunədə azı 2368 bakteriya növü aşkar ediblər.

Həmin bakteriyalardan əksəriyyət təşkil edən 2128-i altıdan az olan sayda insanda aşkar olunub.

Bakteriyaların sayının çox böyük sayda olmasına baxmayaraq, cəmi 8 növ bakteriya təcrübədə iştirak edənlərin 70 faizində aşkar edilib.

Həmin 8 növ bakteriya aşkar olunmuş mikrobların ümumi sayının təxminən yarısını təşkil edib.

Maraqlıdır ki, heç bir bakteriya təcrübədə iştirak edənlərin hər birində aşkar edilməyib.

İllərdir ki, yuyunmadığını deyən bir iştirakçının göbəyində isə ekstremal mühit üçün xas olan iki nadir növ bakteriya aşkar olunub.

Fotonun müəllifi Getty Images
Image caption Hətta hər gün duş qəbul edənlərin də göbəyində tiftik yığılır.

Görəsən göbəkdə yığılan bakteriyaların belə geniş çeşidliyinin səbəbi nədir?

Dunn və onun komandasının ehtimal etdiyinə görə, görünür, bakteriyaların bir qismi insanın bədəninə və ya elə göbək mühitinə adaptasiya olunub, qalan bakteriyalar isə müvəqqəti olaraq göbəyə yapışır.

Burada müəyyən balıq növlərinin müəyyən çay mühitinə, və ya müəyyən ağacların tropik cəngəllik meşə mühitinə adaptasiya olunması ilə müqayisə aparıla bilər.

Adaptasiya olunmuş növlər uzun müddət həmin mühitdə qalırsa, adaptasiyadan keçməmiş növlərin sayı böyük olsa da, ömrü qısa olur.

Yuxarıda qeyd olunmuş belə geniş bakteria çeşidliyi konkret insanın göbəyində məhz hansı baktriyaların yaşadığını təyin etməkdə problem yaratsa da, alimlər hansı növ bakteriyaların göbəkdə tapılacağının ehtimalının daha yüksək, hansının isə daha aşağı olduğunu proqnozlaşdırmağa qadirdirlər.

Odur ki, sizin göbəyinizə tiftik yığılmırsa, təşvişə düşməyin: göbəyiniz hələ də diqqət cəlb edən yerinizdir.

Sözün həqiqi mənasında, orada həyat aşıb-daşır.

Bu barədə daha geniş