John Bolton Azərbaycana niyə gəlib?

John Bolton Bakıya gəlir John Boltonun Qafqaz səfəri ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Fotonun müəllifi AFP/GETTY

Çərşənbə günü ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri John Boltonun Qafqaz turu çərçivəsində Azərbaycan səfəri başlayıb.

"Belə bir şəxsin Azərbaycana səfəri çox önəmli hadisədir", bunu siyasi təhlilçi Şahin Cəfərli BBC News Azərbaycancaya amerikalı müşavirin regiona səfərini dəyərləndirərkən deyib.

Boltonun Azərbaycanın yüksək vəzifəli məmurları, o cümlədən ölkə rəhbərliyi ilə görüşü gözlənilir.

Amerikalı müşavir Azərbaycandan sonra Ermənistan və Gürcüstana da səfər edəcək.

"Prioritet noyabrda İrana tətbiq olunacaq sanksiyanın müzakirəsidir"

"Səfər zamanı təbii ki, istər ikitərəfli münasibətlər, istərsə də aktual regional problemləri əhatə edən məsələlər müzakirə olunacaq, siyasi təhlilçi Şahin Cəfərli belə deyib.

Lakin o, ilk növbədə "İran məsələsinin diqqət mərkəzində olacağını" bildirib.

"Bilirsiniz ki, noyabrın 5-dən etibarən Amerikanın İrana qarşı sanksiyalarının ikinci mərhələsi qüvvəyə minəcək.

Bu mərhələdə İranın neft satışına qadağa qoyulacaq. Eyni zamanda İranın neft-kimya sənayesinə, gəmiçilik sektoruna və maliyyə-bank sektoruna da sanksiyalar tətbiq olunacaq.

Təbii ki, Amerika çalışacaq ki, bu sanksiyalara mümkün qədər ciddi əməl olunsun", təhlilçi deyib.

O, həmçinin bildirib ki, Amerikanın rəsmi şəxsləri tərəfdaş və dost-müttəfiq ölkələrə səfərlər edərək, bu sanksiyaların mahiyyətini, onların necə tətbiq olunacağını ölkələrə izah edirlər.

"Düşünürəm ki, Boltonun da Cənubi Qafqaza səfərində hər üç ölkə rəhbərliyinə İrana qarşı tətbiq olunacaq sanksiyaları izah edəcək və onları sanksiyalara əməl etməyə çağıracaq".

Fotonun müəllifi Getty Images
Image caption Vladimir Putin və John Bolton

"Xüsusən də, Azərbaycan və Ermənistanın İranla ortaq sərhədi var və hər iki ölkə İranla geniş iqtisadi-siyasi əlaqələrə malikdirlər. Hesab edirəm ki, Bolton iki ölkə rəhbərlərini İranla müəyyən sahələrdə münasibətləri məhdudlaşdırmağa çağıracaq", Şahin Cəfərli belə hesab edir.

"Gürcüstana gəldikdə isə, bu ölkə ilə Amerika arasında tam qarşılıqlı anlayış mövcuddur. Azərbaycan və Ermənistandan fərqli olaraq, Amerikanın Gürcüstanla münasibətləri daha yaxındır və Amerika bu bölgədə Gürcüstana daha çox önəm verir. Ona görə də iki ölkə arasında bu məsələlərdə hər hansı narahatlıq gözlənilmir.

Ancaq Azərbaycanın İranla münasibətləri son illər inkişaf edir və Azərbaycan çalışır ki, İran və Amerika arasındakı, eləcə də Rusiya və Amerika arasındakı rəqabətdə neytral qalsın. Hesab edirəm ki, rəsmi Bakı bu dəfə də balans siyasətinə sadiq qalmağa çalışacaq. Bu münaqişədə tərəf tutmayacaq", Şahin Cəfərli bildirib.

Təhlilçi onu da əlavə edib ki, Amerika sanksiyalara əməl etməyən ölkələrə də sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

"Ona görə də hesab edirəm ki, Azərbaycan rəhbərliyi bu məsələdə mümkün qədər ehtiyatla hərəkət edəcək ki, Amerikanın sanksiyalarının tələbləri altına düşməsin, təhlilçi deyib.

Dağlıq Qarabağ məsələsi ABŞ üçün prioritet "deyil"

Regionda mövcud olan problemlər, ilk növbədə, Dağlıq Qarabağ məsələsi müzakirə olunacaq, çünki ABŞ ATƏT-in Minsk Qrupunun həmsədridir və bu münaqişənin həllinə cavabdeh ölkələrdən biridir, Şahin Cəfərli vurğulayıb.

"Lakin etiraf etmək lazımdır ki, Amerika siyasətində Dağlıq Qarabağ münaqişəsi heç də ön sıralarda deyil, mən deyərdim ki, heç orta sıralarda da deyil. Dolayısıyla, ABŞ-ın regionda kritik maraqları yoxdur. Üstəlik, Qarabağ münaqişəsi donmuş münaqişədir və müharibə yoxdur, bu vəziyyət Qərbi tam olmasa da, qane edir.

Eyni zamanda bu münaqişədə Rusiyanın dominant rolu var və Qərb də açığı bu rolla sanki barışıb.

Üstəlik, Rusiya burada təhlükəsizliyi təmin edirsə, bu ölkə müharibənin qarşısını alan faktor kimi müsbət qarşılanır, onun bu məsələdə dominantlığı qalır və Qərb də bunu mübahisələndirməyə çalışmır", Şahin Cəfərli söyləyib.

Siyasi təhlilçi əlavə edir ki, Amerika və Qərb Azərbaycan və Ermənistan arasında sülhün olmasında "maraqlıdırlar", elə buna görə də "Minsk qrupu çərçivəsində də zaman-zaman Qərbin müəyyən qədər aktivləşməsi" müşahidə edilir.

Gürcüstan və Ermənistana səfər

Cənab Cəfərli deyib ki, Bolton Gürcüstanda keçiriləcək prezident seçkilərilə bağlı bəyanat verəcək, lakin əsas məsələ Gürcüstanın NATO-ya daxil olmasının müzakirəsidir.

"Gürcüstanda bu ölkənin NATO-ya üzvlük məsələsi ön planda olacaq. Amerika bu prosesə dəstək verir", o bildirib.

Ermənistanın yeni rəhbərliyi və Qərbin bu yeni rəhbərliklə tanışlıq prosesi davam edir. Boltonun İrəvana səfəri zamanı da mən hesab edirəm ki, hansısa konkret məsələlərin müzakirəsindən öncə, məhz bu tanışlıq məsələsi ön planda olacaq, Şahin Cəfərli deyib.

O vurğulayıb ki, Qərb hələlik Paşinyanı "tanımaq istəyir".

"Nikol Paşinyanın istefası texniki xarakterlidir və o, növbədənkənar parlament seçkilərinin keçirilməsinə cəhd edir. Bunun üçün də Ermənistan Konstitusiyasına uyğun olaraq, baş nazir istefa verməlidir" siyasi təhlilçi bildirib.

Enerji və Təhlükəsizlik sahəsində əməkdaşlıq

"Azərbaycan uzun müddətdir elə bir siyasət yeridir ki, birtərəfli şəkildə Rusiyanın təzyiqləri altında qalmasın", deyən Şahin Cəfərli həmçinin, Azərbaycan rəhbərliyi və ictimaiyyətinin Rusiyanın regionda dominant rolunun bir qədər zəifləməsində maraqlı olduğunu da vurğulayıb.

"Yəni Azərbaycan rəhbərliyi Rusiyanın buradakı təsirini Amerika və Qərb vasitəsilə bir az balanslaşdırmağa çalışır. Bu siyasət hazırda da davam edir", o deyib.

ABŞ-ın xüsusən enerji məsələlərində Azərbaycana verdiyi dəstəyin "önəmli" olduğunu deyən Şahin Cəfərli, ABŞ-ın Bakı-Tbilisi-Ceyhanın həyata keçirilməsində, Azərbaycanın da içində olduğu digər layihələrin baş tutmasında, istərsə də Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasındakı rolunun vacibliyini vurğulayıb.

"Təhlükəsizlik sahəsindəki əsas əməkdaşlıq isə bilirsiniz ki, Əfqanıstandakı sülhməramlı əməliyyata Azərbaycanın verdiyi dəstəkdir.

Azərbaycan həm Əfqanıstana burdan yüklərin daşınmasında iştirak edir, NATO yüklərini Əfqanıstana daşıyır, həm də Azərbaycan sülhməramlıları NATO-nun Əfqanıstandakı əməliyyatlarında iştirak edir.

Yəni bu baxımdan, Azərbaycanın təhlükəsizlik sahəsindəki verdiyi dəstəyi Vaşinqton yüksək qiymətləndirir", təhlilçi bildirib.

Səfərin regiona xeyri nədir?

Xeyri o olar ki, ABŞ bu regiondan çəkilməsin, əksinə Rusiyanın regionda hökmranlıq qurmasına mane olsun, siyasi təhlilçi deyib.

"Bu Azərbaycanın müstəqilliyi üçün təminatdır. ABŞ-ın bu regionda Rusiyanın təsirini müəyyən qədər balanslaşdırması Azərbaycanın müstəqilliyinə təminat deməkdir, cənab Cəfərli vurğulayıb.

"Bu baxımdan ABŞ-ın Azərbaycana marağının davam etməsi bu cür yüksək səviyyəli şəxslərin ölkəmizə səfərləri əhəmiyyətlidir", Şahin Cəfərli əlavə edib.

Amerikalı müşavirlə Putin nədən danışıb?

John Bolton Azərbaycandan əvvəl Rusiyaya səfər edərək prezident Vladimir Putinlə görüşüb.

Putinlə görüşdən sonra John Bolton jurnalistlərə bildirib ki, Rusiya lideri ilə Donald Trump-ın ötən şənbə günü verdiyi orta və qısa məsafəli raketlərin ləğvi haqqında müqavilədən çəkiləcəyi qərarını müzakirə ediblər.

John Bolton onu da deyib ki, Putinlə söhbət zamanı ABŞ-ın Rusiyaya qarşı sanksiyaları, Rusiyanın Amerika seçkilərinə qarışması, Suriya məsələsi də müzakirə obyekti olub.

Görüş zamanı Putin və Trump-ın növbəti görüşünün vaxtı da müəyyənləşdirilib.

BBC-nin Rusiya xidməti xəbər verib ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov artıq noyabrın 11-də Birinci Dünya Müharibəsinin başa çatması münasibətilə keçiriləcək mərasimdən sonra Putin və Trump-ın "normal ikitərəfli görüşlər keçirə biləcəklər" deyib.

Bu barədə daha geniş