İngilis demokratiyasının yaranması: parlament necə yarandı (və dağıldı)?

Oxford-da qarqoyllar Fotonun müəllifi Getty Images
Image caption Oxford-da qarqoyllar parlamentin yaradılmasına gətirib çıxaran həmin o müddəaların şahididir

İngiltərə tez-tez müasir demokratiyanın və parlamentarizm ənənəsinin vətəni adlandırılır. Britaniya parlamenti dünyanın ən qədim parlamenti deyil, lakin birmənalı olaraq digər parlamentlər üçün örnək sayılır.

Bu material BBC Rus Xidmətinin Britaniyada kral hakimiyyətini məhdudlaşdırmış sənəd və hadisələrə həsr olunan "İngilis demokratiyasının yaranması" adlı layihəsinin bir hissəsidir.

Əvvəlki hissələrdə Azadlıqlar Xartiyası və Magna Carta-dan bəhs olunub.

Üçüncü hissə: Oxford müddəaları və ya parlament necə yarandı

Fotonun müəllifi Getty Images
Image caption Britaniya parlamenti və Westminster Abbatlığı

III Henry-nin adını tarixə salan iki səbəb olub - və hər ikisi də indi Londonun mərkəzində yerləşir.

O, Westminster Abbey-ni yenidən qurub və parlamentin yaranmasına kömək edib.

Parlamentin yaradılması mövzusunda söhbəti uzaqdan başlamaq lazımdır - kralın Siciliyanı ələ keçirmək cəhdindən.

Siciliya uğursuzluğu

Fotonun müəllifi G.dallorto
Image caption Roma Papası IV Innocent (barelyefin mərkəzində) III Henry-ə kiçik oğlu Edmund üçün Siciliya-nı satın almağı təklif edib. Qiymət astronomik olduğundan ingilis aristokratları bu planı bəyənmədi.

O dövrdə müharibə xərclərini örtmək üçün pulu kral baronlardan xahiş etmək yolu ilə alırdı, baronlar isə bunu həvəssiz edirdilər.

1253-cü ildə Roma Papası IV Innocent kral III Henry-ə kiçik oğlu Edmund üçün Siciliya krallığının taxt-tacını almağı təklif edir. Bunun əvəzində Papa olduqca böyük məbləğdə pul istəyib, lakin ingilis aristokratları bu məbləğin astronomik olduğunu hesab edərək, bu planı bəyənməyiblər.

Image caption Westminster Abbatlığında yenidənqurma işlərinə Henry böyük məbləğdə pul xərcləyib.

Avropanın xəritəsinə nəzər salanda aydın olur ki, bu plan doğrudan da ağılsız olub - İngiltərə hara, Siciliyə hara?

Buna baxmayarq Henry baronlardan pul istəməkdə təkidli olub.

Lakin baronlar (yəni torpaq mülkünə sahib aristokratlar) krala rədd cavabı veriblər. İxtilaf da beləcə yetişib.

Favoritlər, düşmənlər və qohumlar

Fotonun müəllifi PaulaConnelly
Image caption Kenilworth qəsrinin qalıqları - Simon de Montfort vaxtilə burada qalıb.

1256-cı ildə III Henry-nin populyarlığından əsər-əlamət qalmamışdı.

Birincisi, kralın fransız aristokrat Lusignan tayfasından olan qohumları İngiltərədə böyük torpaq və pul əmlakını əllərində cəmləşdirdiklərindən baronları bezdimişdilər.

İkincisi, o dövrdə kralın daha bir düşməni ortaya çıxdı, özü də ki, həmin o adamı kral özü doğma bacısına evləndirmişdi: şöhrət qazanmış cəngavər, Səlib yürüşlərinin iştirakçısı, müzəffər sərkərdə Simon de Montfort, 6-cı Leicester qrafı.

Hərbi işlər olsun və ya fransız əyalətlərdə üsyanın yatırılması, Henry çətin vəziyyətlərə düşəndə Simon de Monfort dəfələrlə onun köməyinə gəlib.

Lakin eyni zamanda kralla onun vassalı arasında qarşılıqlı narazılıq da getdikcə artırdı və bunun kimin günahından baş verdiyini demək çətindir.

Fotonun müəllifi France_blank.svg: Eric Gaba
Image caption II Henry qüdrətinin zirvə nöqtəsində İngiltərə krallarının idarə etdiyi Anjou imperiyası, faktiki olaraq, Fransanın böyük bir hissəsinə nəzarət edirdi. III Henry dövründə ingilis nəzarəti altında olan ərazilər xeyli azaldı. Bu xəritədə ingilislərin nəzarətində olan ərazilər narıncı, Fransa taxt-tacının nəzarətində olan ərazilər isə bənövşəyi rənglə göstərilib.

Henry, əlbəttə, verdiyi vədləri pozmağa meyilli idi, lakin Simon da kralın bacısı ilə nikaha arxayın olaraq heç də ağıllı olmayan hərəkətlər edirdi.

Misal üçün, bir dəfə o, kralı zəmanətçi kimi göstərərək böyük məbləğdə pulu götürüb, kralın özünə isə bu barədə xəbər verməyib.

Bu əhvalat onların arasında münasibətlərin qırılmasına gətirib çıxarmadı: kral Monfortu Fransada ona məxsus Guyenne əylətinə ezam edir.

Həmin bölgədə yerli əhali ingilis kralının hakimiyyətinə qarşı üsyana qalxmağa cəhd etmişdi. Kral de Monforta hələ də etibar edirdi.

Fotonun müəllifi Wikimedia Commons
Image caption VIII Louis Fransa kralı olan dövrdə Guyenne sakinləri ingilis kralına ultimatum göndərmişdilər

De Montfort üsyanı yatırtdı, amma bunu çox qəddarcasına etdi.

Qəzəblənmiş Guyenne əhalisi krala şikayət yazıb bildirdilər ki, ya sən, III Henry bu adamı buradan yığışdırırsan, ya da kı, yerli əhali Fransa kralı VIII Louis-dən kömək istəyib Fransa taxt-tacının tabeçiliyinə keçəcək.

Kral III Henry vassalı de Monfort-u Londona geri çağırıb onu xəyanətkarlıqda günahlandırdı.

Və bununla da onların arasında münasibətlər birdəfəlik qırılmış oldu.

Parlamentin yaranması

Fotonun müəllifi Getty Images
Image caption "Məni əsir götürürsünüz?" - kral parlamentin yaradılmasını müzakirə edərkən qəzəblə soruşub

1258-ci ildə kral əlverişsiz vəziyyətə düşdü. Baronlar krala mütəmadi olaraq pul verməkdən boğaza yığılmışdılar, çünki o, verdiyi vədləri yerinə yetirmirdi.

Üstəlik, həmin il məhsul son dərəcə aşağı olmuşdu, əhali kəskin dərəcədə kasıblaşmışdı, günahı da hamı havada yox, kralda və zadəgan zümrədə görürdü.

Henry, Kral Şurası üzvlərini vəziyyəti müzakirə etməyə çağırdı, onun vassalları isə Westminster-dəki yığıncağa Montfort başda olmaqla əllərində qılınc, yaraqlanaraq döyüşə tam hazır vəziyyətdə gəldilər.

"Məni əsir götürürsünüz?" - məəttəl qalmış kral onlardan soruşur.

"Xeyr, ser. - vassallardan biri cavab verir. - Amma krallıq pis gündədir. Biz hakimiyyət səlahiyyətlərinin baronlara və ruhanilərə ötürülməsini istəyirik ki, onlar dövləti sağalda bilən, əyrilikləri aradan qaldıran qanunlar qəbul etsin".

Bu, kralın xoşuna gəlmədi, lakin onun çıxış yolu yox idi.

Qərara alındı ki, o, krallıqda islahatların aparılması üçün komissiyanın yaradılmasına icazə verəcək.

Komissiya 24 baron və ruhanidən təşkil olunmalı idi.

Onlardan yarısını kral, qalan yarısını isə baronların özləri seçməli idi. Detalları müzakirə etmək üçün Oxford-da toplaşmaq qərara alındı.

Məhz bu görüş və həmin görüşdə qəbul edilmiş və "Oxford müddəaları" adı ilə tarixə düşmüş qərarlar Britaniyada parlament demokratiyasının başlanğıcı sayılır.

Əsas islahatlar

Fotonun müəllifi Getty Images
Image caption Lewis yaxınlığında baş verən toqquşmada kralın ordusu Simon de Montfort-un qüvvələrinə məğlub oldu.

Oxford danışıqlarının hər bir iştirakçısı "Tanrının şərəfinə, kralın qulluğunda və xalqın rifahı üçün" krallıqda islahatlara dəstək verəcəyinə təntənəli şəkildə and içdi.

İslahatlar qısaca olaraq aşağıdakı bəndləri nəzərdə tuturdu:

  • Hər bir qraflıqdan dörd azad torpaq mülkədarı (İngiltərədə Orta Əsrlərdə sadiq xidmətə görə torpaq verilən cəngavərlər belə adlandırılırdılar) seçilərək kral administrasiyasının yol verdiyi bütün pozuntu hallarını parlamentin mühakiməsinə verəcəklər.
  • Hər qraflığın azad mülkədarları hər il qanunun yerinə yetirilməsinə cavabdehlik edən şerif seçəcəklər.
  • Bütün şeriflər, xəzinədarlar və hakimlər hər il çəkdikləri xərclər barədə parlament qarşısında hesabat verməlidirlər.
  • Parlament ildə üç dəfə toplaşmalıdır: fevralın əvvəlində, iyunda və oktyabrda.

Yalan və həqiqətlər

Fotonun müəllifi BabelStone
Image caption Hampshire qraflığında Odiham qəsrinin qalıqları. Burada Simon de Monfort-un arvadı, kral John-un qızı Eleanor əri öldürüləndən sonra yaşayıb.

Şübhəsiz, Orta Əsrlər üçün bu, tamamilə inqilabi fikirlər idi. Tətbiqə gəldikdə isə hər şey elə də yaxşı deyildi.

Birincisi, Montfort-un tərəfdarları (və elə özü də) çalışdılar ki, seçicilərin, şeriflərin və hakimlərin tərkibinə yalnız öz adamları düşsün.

İkincisi, Montfort-un əli hakimiyyətə çatan kimi, o, ondan sui-istifadə etməyə başladı.

Üçüncüsü, aristokratların çoxu, çırtqoz Monfort-dansa, taxt-tacda qanunla oturan krala tabe olmağı daha üstün tuturdular.

Fotonun müəllifi Wikimedia Commons
Image caption Orta Əsrlərə aid olan bu qravüradan aydın olur ki, Simon de Monfort-un cəsədini parça-parça ediblər.

Nəticədə kralın oğlu, gələcəkdə kral olacaq I Edward böyük bir qoşun yığmağa nail olur və 1265 ildə Evesham döyüşündə de Monfort-un qüvvələrini darmadağın edir.

De Montfort-la haqq-hesab xüsusi qəddarlıqla çürüdüldü. Kral qoşunlarına rəhbərlik edən Henry-nin oğlu Edward üsyançı cəngavəri öldürmək əmri verdi.

Döyüşdə məğlub olandan sonra Monfort-un başı, qolu, ayağı və cinsi orqanları qılınc ilə kəsildi.

Kəsilmiş cinsi orqanlarını xüsusi təhqir növü kimi, ölünün ağzına taxıblar və ya ola bilsin ki, kəsilmiş boynundan asıblar.

Kral hakimiyyəti tam həcmdə bərpa olundu, öz dövrünü xeyli qabaqlamış inqilabi islahatlar isə unuduldu.

Yekun

Simon de Montfort-un yaratdığı parlament dünyada müasir demokratiyanın carçısı sayılmağa başlandı.

Washington-da Nümayəndələr Platasının divarını üsyançı qrafın təsviri olan barelyef bəzəyir.

Fransa imperatoru Napoleon Bonaparte de Monfort-u tarixin ən görkəmli ingilisi adlandırıb.

Kraliça Victoria dövründə de Monfort-a "İcmalar Palatasının atası" adı verilib.

İngilis demokratiyasının əsas sənədləri siyahısında Oxford müddəaları, bəlkə də, haqsız olaraq Azadlıq Xartiyasının arxasında yer tutur.

Amma o da var ki, XIII əsrdə belə radikal islahatların müvəffəqiyyət qazanacağına ümid etmək sadəlöflük olardı.

Bu barədə daha geniş