Erdoğanın məqsədi Səudiyyə kralı ilə oğlu arasında uçurum salmaqdır - təhlil
- Mark Lowen
- BBC Türkiyə müxbiri, İstanbul

Şəklin mənbəyi, Reuters
Səudiyyə Ərəbistanının kralı Salman və Türkiyə prezidenti Erdoğan Yaxın Şərqdə güc uğrunda rəqabət aparırlar
Google-da "Erdogan slams..." (Erdoğan tənqid edir) yazın və uzun bir siyahı ilə rastlaşacaqsınız - BMT, Aİ, İsrail, fransalı intellektuallar, Hollandiya, Almaniya. Bir il əvvəl hollandlar və almanlar Türkiyə prezidenti tərəfindən "nasist" və "faşist" adlandırılmışdı.
İndi isə bunları, cənab Erdoğanın Səudiyyə Ərəbistanı barədə sözləri ilə müqayisə edin. Dissident jurnalist Camal Kaşıkçının Səudiyyə Ərəbistanının İstanbulda yerləşən konsulluğunda öldürüldüyünü etiraf etməsinə baxmayaraq, o, "kral Salmanın səmimiyyətinə heç bir şübhəm yoxdur," deyib.
Sözçüsü isə Ərəbistanı "dost və qardaş ölkə" adlandırıb.
Qətlin vəliəhd şahzadə Məhəmməd bin Salmanın əmri ilə həyata keçirildiyi şübhələrin fonunda rəsmi Riyad ilə münasibətlərə təzyiq məqsədilə hökumətyönlü Türkiyə mediasına sızdırılan xəbərlərdə ittihamı gücləndirən məlumatlar artır.
Bəs, prezident Recep Tayyip Erdoğanın oyunu nədən ibarətdir?

Şəklin mənbəyi, Getty Images
Erdoğan: Camal Kaşıkçı cinayətini törədənlərin məhkəməsi İstanbulda aparılsın
Onun çıxışları Türkiyənin Səudiyyə Ərəbistanına qarşı olması haqqında deyil, əksinə, iki ölkə arasında münasibətlərin çox mühüm olması barədədir. O, kral Salmanı hədəf almır, amma çıxışları ilə onun hərəkətə keçməsini istəyir.
"Məsələn, əgər Erdoğan kraldan Məhəmməd bin Salmanı qovmasını birbaşa istəsə, o zaman kral şahzadəni qovmaz" prezidentə yaxın bir mənbə belə deyir.
Cənab Erdoğan parlamentə müraciətində belə, Məhəmməd bin Salmanın adını çəkməyib. Vəliəhd şahzadəni özü ilə bir səviyyədə təqdim etməmək üçün bu, bilərəkdən seçilmiş taktika idi.
Ankaranın məqsədi kral ilə oğlu arasında uçurum salmaqdır. Lakin buna nail olmağa gedən yol Riyaddan yox, Washington-dan keçir.
Əgər vəliəhd şahzadənin sadiq müttəfiqi Donald Trump şahzadəni gözdən salsa, onda bu, kral Salman üçün böyük məsələyə çevrilər.
Regional güc oyununda əsas rəqiblər
Yeri gəlmişkən, 82 yaşlı kralın oğlunu sıxışdırmaq kimi bir niyyəti olduğu hiss olunmur.
Qətl ilə bağlı onun verdiyi reaksiyalardan biri, Səudiyyə kəşfiyyat xidmətlərinin yenidən qurulmasını elan etmək olub. Təbii ki, vəliəhd şahzadənin başçılığı altında.
Bütün bunlara səbəb isə regional güc oyunudur.
Türkiyə Səudiyyə Ərəbistanına İslamın ən müqəddəs şəhərlərinə görə hörmət edir. Bu isə cənab Erdoğanın islamçı hökuməti üçün çox vacibdir.
Lakin müsəlman dünyasının liderləri kimi rəqabət çərçivəsində vəliəhd şahzadə cənab Erdoğanın əsas rəqibinə çevrilib. O, Türkiyənin yaxın Şərqdəki ən yaxın müttəfiqi Qətərə blokada tətbiq edib. Eləcə də cənab Erdoğanın hakim AK Partiyası ilə əlaqələri olan Müsəlman Qardaşlarına qarşı təzyiqlər etməyə başlayıb.
Onun İsrail ilə yaxınlığı Türkiyə ilə barışan İrana qarşı bir sədd əmələ gətirib ki, Riyad ilə Ankara regional siyasətin əks tərəflərində yer almalı olublar.
Erdoğanın risk strategiyası
Cənab Erdoğan nadir baş versə də, səudiyyəlilər üçün əlverişsiz bir şərait axtarır.
Birləşmiş Ərəb Əmirlikləri və Misirin Riyadın müdafiəsinə qalxması faktı da cənab Erdoğanın işini çətinləşdirib. Ankaranın hər iki tərəf ilə arası soyuyub.
Türkiyə hökuməti onsuz da Əmirlik vətəndaşlarını 2016-cı ildə baş tutmayan çevriliş cəhdinə dəstəkdə ittiham edirdi. Cənab Erdoğan bu yaxınlarda onları "bədbəxt insanlar" adlandırıb. Və prezident, Müsəlman Qardaşlarını buraxdığı üçün misirli Əbdül Fəttah əl-Sisini heç vaxt bağışlamayacaq.
Səudiyyə təyyarələrinin Riyada gedən yolda Qahirə və Dubayda yanacaqla doldurulması faktı da mürəkkəblik şübhələrini artıracaq.
Cənab Erdoğanın strategiyası isə risklidir. Gücü hələ də əlində cəmləyən MBS-i qulaqardına vurmaqla, gələn illərdə Səudiyyə Ərəbistanının Türkiyəyə dərin kini olan bir şəxs tərəfindən idarə edilməsini gözə almaq deməkdir.
Vəliəhd şahzadənin Camal Kaşıkçının Səudiyyə Ərəbistanından çıxış qadağası olan oğlu ilə əl sıxarkən çəkilən fotosu isə onun amansız gücündən xəbər verir. Mesajın məğzi: biz barışdıq, keçdi getdi.

Şəklin mənbəyi, EPA
Səudiyyə Ərəbistanını vəliəhd şahzadəsi Kaşıkçının oğlu Salah ilə Riyadda görüşüb.
Hələlik Ağ Ev vəliəhd şahzadənin tərəfindədir.
"Biz bir neçə mənbədən faktları toplayırıq," Donald Trump-ın kürəkəni və baş məsləhətçisi Jared Kushner deyib.
"Həmin faktları əldə edən kimi, inanmaq istədiyimiz şeyi müəyyənləşdirmək üçün dövlət katibi milli təhlükəsizlik komandamız ilə birgə işə başlayacaq."
Nəticə göz qabağındadır: məzmun formalaşdır və dəstək bazasına sat.
Bir hekayə nadir hallarda bu qədər tez yığcam hala düşür: tük ürpədici qətl, uğursuz ört-basdır, alt-üst olan regional münasibətlər, Washington ilə Yaxın Şərq arasındakı geosiyasət və güclü neft istehsalatçısı və hərbi hegemona yaxılan silinməz ləkə.
Əgər səudiyyəlilər İstanbulda tələsik əməliyyat həyata keçirib, onu palaz altına süpürməyi düşünürmüşlərsə, böyük yanlışlığa yol veriblər.