Times "Maşa və ayı" cizgi filmini Putin təbliğatı adlandırıb. İzləyicilər təəccüblənib.

Times "Maşa və Ayı" cizgi filmini Putin təbliğatı adlandırıb. Fotonun müəllifi Times
Image caption Times "Maşa və Ayı" cizgi filmini Putin təbliğatı adlandırıb

Britaniya qəzetində dərc olunmuş məqalə rusdilli mətbuatda və sosial şəbəkələrdə təəccüblə qarşılanıb.

Times qəzeti Finlandiyada nəşr olunan Helsingin Sanomat qəzetinin Estoniyadakı Tallin universitetinin müəlliməsi Priit Hõbemägi-nin dediklərini misal çəkir.

Həmin müəllimə deyib ki, ayı obrazı cizgi filmində Rusiyanın rəmzi rolunu oynayır və ümumilikdə bu personajın və cizgi filminin hədəfi uşaqlarda Rusiya haqqında müsbət münasibət formalaşdırmaqdır.

"Maşa və ayı" cizgi filmi Rusiyanın hüdudlarından uzaqlarda olduqca populyarlaşıb.

YouTube kanalında bu cizgi filminin 4 milyondan çox abunəçisi var.

Həmin filmin bütün seriyalarına ümumilikdə 40 milyard dəfə baxılıb.

Cizgi filminə eləcə də Netflix onlayın kinoteatrında da baxmaq mümkündür.

Hõbemägi hesab edir ki, bu cizgi filmi Estoniyanın milli təhlükəsizliyi üçün risklər yaradır.

Buckingham universitetinin təhlükəsizlik məsələləri üzrə mütəxəssisi Anthony Glees Times-a deyib: "Masha dikbaş və ipə-sapa yatmayandır, lakin həm də qətiyyətliliyini göstərir. O, başından yuxarı tullanmağa çalışır. Onda Putinə məxsus cizgiləri görmək gözlənilməz olmazdı".

Rusiya dövlət nəşrləri isə Qərb mediasında "patoloji rusofobiyanın" müşahidə edildiyini yazırlar.

"Rossiyaskaya qazeta" yazıb ki, "Masha və ayı"" Qərbdə isteriya ilə qarşılanıb.

"Qərb şərhçiləri hesab edir ki, Maşa özünü Putinsayağı aparır, ayı isə uşaqların düşüncə tərzini dəyişir", - "Vesti" proqramı bildirib.

Bu məsələyə Rusiyanın Britaniyadakı səfiri də münasibət bildirib.

"Times qəzeti mühüm məsələyə toxunub: Britaniyanı "Ma.a və ayıdan" necə xilas etmək olar?" - rusiyalı diplomatlar istehza ilə Twitter-də bildiriblər.

Kremlpərəstlik hisslərindən uzaq olan jurnalistlər də bu məsələyə dair fikir bildiriblər.

"Putinin təbliğat maşını əlbəttə ki, Times qəzetindəki axmaq məqaləyə görə sevinir", - saxta xəbərlərin ifşa olunması ilə məşğul olan Aleksey Kovalyov Twitter-də bildirib.

BBC və Newsweek-də işləmiş Leonid Raqozin isə qeyd edib ki, əvvəllər Rusiya Dumasında deyirdilər ki, "Harry Potter" və "Teletubbies" filmləri Rusiyanın gənc nəslinə qarşı düşünülmüş bir qəsddir, indi isə Times analoji iddialarla Rusiya cizgi filminə qarşı çıxış edir. "Görünür, vəziyyət çox pisdir", - Leonid Raqozin qeyd edir.

Fotonun müəllifi Getty Images
Image caption "Maşa və ayı" cizgi filmindən səhnə

Bəs digər populyar cizgi filmlərini nəyə görə tənqid ediblər?

  • Tom və Jerry cizgi filmi qaradərili xadimənin təsvirinə görə iqrçilikdə ittiham olunub. Personajların siqaret çəkməsi də təqidçilərin nəzərindən qaçmayıb.
  • 2017-ci ildə amerikalı qadın tamaşaçı "Maya adlı arı" cizgi filminin epizodlarından birində ağacın üzərində penis təsviri göründüyünə görə şikayət etmişdi. Bundan sonra Netflix həmin epizodu cizgi filmindən kəsib götürmüşdü.
  • 2010-cu ildə satirik "Cənubi park" cizgi filmində Məhəmməd peyğəmbərin təsviri müsəlmanların qəzəbinə səbəb olmuşdu. Filmin müəllifləri xeyli hədəli messajlar aldı, filmin premyerası baş tutmuş Comedy Central kanalı isə qalmaqallı səhnəni kəsib çıxarmışdı. Bu addıma görə söz azadlığı müdafiəçiləri kanalı tənqid etmişdilər.
  • 1936-cı ildə Disneyland-in rəmzi olan Miskey Mouse nasist Almaniyasında qadağan olmuşdu. Hitler Walt Disney-i yəhudi sayırdı; epizodlardan birində isə siçanın alman zabiti geyimində görünməsi Hitleri qəzəbləndirmişdi. Sosialist Almaniya Demokratik Respublikasında isə rəsmilər Miskey Mouse filmini Amerika imperializmini təbliğat etdirən film sayıb.
  • ABŞ-da çəkilmiş "Simpsons" cizgi filmini müxtəlif ölkələrdə tənqid edənlər kifayət qədərdir. Rusiya Dumasının deputatları bu filmi "zorakılıq və təcavüzü təbliğ etdiyinə və uşaqlarla valideynlər arasında nifaq yaratdığına" görə tənqid ediblər. Bu filmi mühafizəkar amerikalılar da tənqid edib. ABŞ-ın keçmiş Birinci xanımı Barbara Bush müsahibələrindən birində deyib ki, "Simpsons" onun ömründə gördüyü ən "axmaq filmdir".

Bu barədə daha geniş