Britaniyada hər dörd gənc qadından birinin psixi pozğunluğu var

Yeniyetmə qız Fotonun müəllifi Getty Images

Statistikaya görə, İngiltərədə təxminən hər dörd qadından biri psixi problemlərdən, əsasən, depressiya və təlaş hissindən əziyyət çəkir.

Britaniya Milli Səhiyyə Sisteminin (NHS) hesabatına əsasən, 17-19 yaşlı gənc qadınların təxminən 23 faizi psixi problemlər yaşayır, bu isə psixi problemləri olan gənc kişilərin sayından təxminən iki dəfə çoxdur.

Yaşı 5-15 arası olan uşaqlarda isə hər doqquz nəfərdən birinin psixi problemlərlə üzləşdiyi aşkar olunub, 13 il əvvəl həmin yaş qrupunda psixi problemi olanlara hər 10 nəfərdən birində rast gəlinirdi.

Bu statistikanın açıqlanması İngiltərənin Uşaq hüquqları müvəkkilinin NHS-də psixi problemlərlə üzləşənlərə dəstək verilməsi sahəsində "böyük boşluğun" əmələ gəldiyini qeyd etməsi dövrünə təsadüf edib.

Müvəkkil Anne Longfield qeyd edib ki, yaşayış rayonları üzrə uşaqlara yardım göstərən xidmətlərin işində yaxşılaşma prosesi ləng gedir.

Onun sözlərinə görə, həmin xidmətlərə yardım üçün müraciət edənlər uzun müddət gözləməli olurlar, bəzi ərazilərdə isə müraciətlərə verilən rədd cavablarının sayı onu narahat edir.

Statistikaya əsasən, İngiltərədə psixi problemləri olan yuxarı yaşlı yeniyetmələrin təxminən yarısı intihar etmək və ya özünə xəsarət yetirmək həddində olub.

Aşağı yaşlı yeniyetmələrdə belə hallara psixi problemi olanların təxminən dörddə birində rast gəlinib.

NHS-in keçirdiyi rəqəmsal təhlilin nəticələrinə əsasən, yaşı 11-19 arası olan və psixi pozğunluğu olan yeniyetmələrin sosial mediadan istifadə etmələri ehtimalı yüksəkdir.

Onların təxminən üçdə biri sosial media şəbəkələrinə 4 saatdan çox vaxt sərf edir.

Psixi problemi olmayanlar isə sosial mediayaya nisbətən 2-3 dəfə az vaxt sərf edirlər.

Psixi problemləri olan gənclər çox vaxt deyirlər ki, onların əhval-ruhiyyəsi sosial mediada onlara gələn "layklardan" asılı olur və bir çox hallarda onlar özlərini digər istifadəçilərlə müqayisə etməyə meyl göstərirlər.

Təhlilli hesabatda deyilir ki, kiberməkanda təhqir və bezdirmə halları da gənc istifadəçilərdə psixi problemlərin yaranmasına təsir göstərir.

Hesabatda qeyd olunur ki, uşaqlar arasında rast gəlinən psixi pozğunluq hallarının sayı son 5 ildə 26 faiz artıb.

Hesabata əsasən, yuxarı yaşlılar arasında psixi problemlər əsasən emosional tarazlığın pozulması ilə bağlı olur və bu cür halların sayı artmaqdadır.

Londondakı University College-in psixiatrı, doktor Michael Bloomfield qeyd edib ki, "yeniyetmənin böyük adama çevrilməsi dövrü fərdin şəxsiyyət kimi inkişafı üçün kritik əhəmiyyətə malikdir, çünki yeniyetmə yaşlarında beyində kritik dəyişikliklər baş verir".

"Profilaktika müalicədən daha üstün olduğundan, bu halların nə səbəbdən yarandığını və onların sayının azalmasına səy göstərmək olduqca vacibdir", - Michael Bloomfield deyib.

Bu barədə daha geniş