Isabel Allende: "Kin hissimə yazıçılıqla üstün gəldim"

Isabel Allende

Acıq, nifrət və itki hissinə üstün gəlməyə Isabel Allende-yə yazıçılıq kömək edib, müəllif BBC-nin 100 qadın layihəsinə bildirib.

1973-cü ilin hərbi çevrilişindən sonra o, Çilidə evini tərk edib və sonradan ABŞ-a köçüb.

"Görəndə ki, sənə əziz və doğma olan hər şeyi itirmisən, kin hissi yaranır", o deyib.

"Elə bir hiss yaranır ki, sanki, səni nədənsə məhrum ediblər, sanki nəyisə səndən oğurlayıblar. Mən (yazıçılıqla) bu hissə üstün gəldim".

Uzun illər ABŞ-da yaşadığına baxmayaraq, o, bütün hekayələrini ispanca yazır.

"Mən ingiliscə çıxışın mətnini və ya bədii əsər olmayan nəyisə yaza bilərəm", o deyib.

"Amma bədii əsər burada (mədə olan yeri göstərir) yaranır, beyində yaranmır."

O deyib ki, hələ də ispanca düşünür: "Beynimdə arzularımı ispanca ifadə edirəm. İspanca dua edirəm. İspanca sevirəm. Həsrətimi ingiliscə ifadə etmək mənə qəribə gələrdi".

Deyildiyinə görə, Isabel Allende, əsərləri ən çox oxunan ispandilli yazıçıdır - onun 40 dilə köçürülmüş 70 milyondan çox kitabı satılıb.

2014-cü ildə ABŞ prezidenti Barack Obama onu "Azadlıq Prezident Medalı" ilə təltif edib.

O, eləcə də Augusto Pinochet-in törətdiyi hərbi çevrilişə görə vətənini tərk etdikdən 40 il sonra Ədəbiyyat üzrə Çili Dövlət Mükafatının iddiaçısıdır.

"Mən hərbi çevrilişin baş verdiyini anlamadım, çünki Çilidə buna bənzər nəsə heç zaman olmamışdı. Çevrilişin ilk günü vahiməli idi, çünki bu, gözlənilmədən baş vermişdi".

"Helikopterlər, sarayın bombalanması, atışma, kitabların yandırılması, insanların həbs edilib yük maşınlarına salınması. Bütün bunlar vahimə hissi yaradırdı".

Çevrilişdən sonra Isabel Allende səyahət vizası almaq üçün Venesuelaya yollanıb.

"Sadəcə, ölkədən getdim, düşünürdüm ki, bir aya qayıdacağam. Və bundan sonra ərim aydınlaşdırdı ki, mən geri qayıda bilmərəm."

Isabel Allende deyir ki, çevriliş ölkəni parçaladı.

"Düşünürəm ki, Çilidə hər ailənin azı bir üzvü repressiya qurbanı olub və ailələr parçalanıb. Cütlər bir-birindən ayrı düşüb".

Bu yaxınlarda Isabel Allende, keçdiyi həyat yolunda əldə etdiyi nailiyyətlərə görə ABŞ-da Milli Kitab Mükafatına layiq görülüb.

"Dostlar, yaşadığımız zaman kəsiyi qaranlıqdır", - Allende mükafatı alərkən etdiyi çıxışında deyib.

"Milətçilik və irqçilik zamanıdır; qəddarlıq və fanatizm zamanı. Sivilizasiyamızın dayaqları olan dəyərlər və prinsiplər tapdalanır".

"İndi zorakılıq və çoxları üçün yoxsulluq zamanıdır; insanlar sağ qalmaq üçün onlara doğma olan hər şeyi atıb kütləvi halda təhlükəli səyahətə çıxmağa məcbur olurlar"

Isabel Allende layiq görüldüyü mükafatını "özü kimi, yeni həyat axtarışında bu ölkəyə gəlmiş milyonlarla insana həsr edib".

100 Qadın layihəsi

BBC-nin 100 Qadın layihəsi hər il dünya boyu 100 ən ilhamverici və nüfuzlu qadını seçir və onların həyat hekayəsini paylaşır.

2018-ci il qadın hüquqları üçün mühüm il olduğundan, BBC-nin 2018-ci il üçün 100 Qadın layihəsində ehtiras, qəzəb və hiddətdən güc alaraq yaşadıqları mühitdə gercək dəyişikliklərə nail olan öncül qadınlar yer alıb.

Bu barədə daha geniş