Oscar mükafatçısı italiyalı rejissor Bernardo Bertolucci 77 yaşında vəfat edib

Bernardo Bertolucci Fotonun müəllifi AFP

"Parisdə sonuncu tanqo" və" Sonuncu imperator" filmlərinin müəllifi, İtaliya kinorejissoru Bernardo Bertolucci, Romada 77 yaşında vəfat edib.

O, Parmada 1941 ildə doğulub.

Bertolucci-nin çəkdiyi digər filmlər arasında "Konformist", "Xəyalpərəstlər", "1900" və "Göy örtüyü altında" kimi kinoəsərlər də var.

Bertolucci "Sonuncu Imperator" filminə görə rejissor və ssenarinin həmmüəllifi kimi iki Oscar mükafatına layiq görülüb. Onun filmləri açıq-saçıq seksual məzmunu ilə fərqlənib. Bertolucci-nin bu vizual üslubu "Parisdə son tanqo" filmində özünü daha qabarıq göstərib.

Bertolucci-nin sözçüsü BBC-ə onun xərçəngdən öldüyünü təsdiqləyib.

Onun "Mən və Sən" adlı sonuncu kinolentinin premyerası 2012-ci ildə Cannes Film Festivalında olub.

Bertolucci kinematoqrafiyada karyerasına 1961-ci ildə "Accattone" filmində rejissor Pier Paolo Pasolini-nin köməkçisi qismində başlayıb.

Fotonun müəllifi Getty Images

O, özünün "La Commare Secca" adlı ilk filmini 1962-ci ildə çəkib, onda onun 21 yaşı olub.

Marlon Brando-nun baş rolda çəkildiyi "Sonuncu Tanqo" filmi Bertolucci-yə dünya şöhrəti gətirib.

Amerikalı biznesmenin gənc fransız qadın ilə seksual çalarlı münasibətlərindən bəhs edən bu filmin nümayişi bir neçə ölkədə qadağan olunmuşdu.

Həmin filmdəki kərə yağı ilə bağlı məşhur səhnə 2016-cı ildə Bertolucci-nin adı ətrafında qalmaqalın başlamasına səbəb oldu.

Filmdə gənc qadın rolunu ifa edən və o zaman 19 yaşı olan Maria Schneider bəyan edib ki, kərə yağı səhnəsi filmin orijinal ssenarisində yox idi.

O, bunu Bertolucci-nin Maria Schneider-i həmin səhnəyə tam hazırlamadığını videoda bildirəndən sonra deyib.

Bertolucci iddia edib ki, əslində "gülünc bir anlaşılmazlıq" baş verib.

Bertolucci ən uğurli filmi Çin imperatoru Pu Yi haqqında bəhs edən "Sonuncu imperator" filmi olub. İtaliyalı rejissorun bu filmi 1988-ci ildə 9 Oscar mükafatına layiq görülüb.

Bertolucci-nin şərəfinə və adına 2008-ci ildə Hollywood-un Şöhrət Xiyabanına ulduz əlavə edilib, 2011-ci ildə isə Cannes kinofestivalında o, Palme d'Or mükafatına layiq görülüb.

Əlaqəli mövzular

Bu barədə daha geniş