Bahalı maşınları satıb sosial büdcəni artıran mer

Sardana Avksentyeva Instagram-da. Fotonun müəllifi Sardana Avksentyeva
Image caption Sardana Avksentyeva: "Bu şəkildə görünən maşınlar birinci satılacaq".

Sibirin Yakutsk şəhərinin meri sosial proqramları maliyyələşdirmək üçün şəhərin balansında olan bahalı xarici avtomobilləri satmaq qərarına gəlib.

Özünü "xalq meri" adlandıran Sardana Avksentyeva sentyabrda şəhər meri vəzifəsi uğrunda seçkidə Vladimir Putinin Vahid Rusiya partiyasından olan namizədə qalib gəldikdən sonra məşhurlaşıb.

Onun seçkiqabağı proqramı şəhər büdcəsində bahalı tədbirlər keçirilməsi, xarici səfərlər və işçilər üçün digər imtiyazlara yönəldilən xərclərin kəsiləcəyi vədinə köklənmişdi.

Vəzifəyə seçiılən kimi, o, diqqətini şəhərin balansında olan avtomobillərə xərclənən vəsaitə yönəltdi.

Sardana Avksentyeva öz Instagram-ında Toyota 4x4 və Mercedes avtomobillərinin fotolarını yerləşdirərək, bu maşınların birinci növbədə satılacağını bildirib.

Noyabr ayında şəhərin balansında olan 13 avtomobildən dördü satışa çıxarılıb.

Fotonun müəllifi Sardana Avksentyeva
Image caption Sardana Avksentyeva Yakutsk meri vəzifəsinə sentyabr ayında seçilib.

Həmin maşınlar - 3 Toyota Land Cruiser və 1 Nissan Patrol avtomobilləri - Rusiyada istehsal olunmuş UAZ Patriot maşını ilə əvəzlənəcək, satışdan əldə edilən pullar isə şəhər büdcəsinə keçiriləcək.

Yakutsk meriyasından Interfax agentliyinə bildiriblər ki, maşınların satışından əldə olunan vəsaitin bir hissəsi şəhərin balansında olan qurumların borclarının ödənməsinə, digər hissəsi isə şəhərdə sosial taksi sxeminin işə salınmasına xərclənəcək.

Rusiyada sosial taksi sxemləri əlillərə və aşağı gəliri olan çoxuşaqlı ailələrə nəqliyyat xidmətləri göstərilməsi üçün yaradılır.

Yeni merin sosial səciyyəli digər təşəbbüsləri də var.

Sardana Avksentyeva şəhər büdcəsi hesabına maliyyələşən resital balet proqramını bağlayıb, ona xərclənən pulu uşaq yaradıcılığı proqramlarına yönəldib.

YouTube-da yol təmiri işlərinin keyfiyyətsiz aparıldığına dair videonu görəndən sonra isə, həmin işləri yerinə yetirən podratçı ilə müqaviləni dərhal pozub.

Lakin Yaktskun yeni merinin gördüyü işlər barədə hamı eyni fikirdə deyil.

Misal üçün, Rusiyanın BFM radiosu yeni meri tərifləyərək bildirib ki, Sardana Avksentyeva vəzifədə artıq iki aydır və müddət ərzində siyasi stereotipləri dağıda bilən bir şəxs kimi özənü göstərib.

Amma BFM-in verilişinə danışan yerli Yakutiya qəzetinin daimi müəllifi Ruslan Basıqısov "bahalı xarici maşınların satılması" barədə bəyanatları populist addım adlandırıb.

"Bu cür bəyanatlardan başqa hansısa real addım görmürük", - Ruslan Basıqısov deyib."

Fotonun müəllifi Sardana Avksentyeva
Image caption Şəhər meri yeni mənzilə ehtiyacı olan sakinlərlə görüş keçirir.

Bu barədə daha geniş