“Qızım üçün ata tutmuşam, amma onun bundan xəbəri yoxdur”

Valideynləri ayrılanda və atası həyatından yoxa çıxanda Mequmi körpə olub. Lakin illər sonra anası deyib ki, atası ilə yenidən qovuşmaq istəyir. Beləliklə, Mequmi Yamadanı müntəzəm görməyə başlayıb. Qız elə bilir ki, bu kişi onun atasıdır və Yamada onun həqiqi adıdır. Amma bu, bir yalandır.

"Balaca vaxtından məndən soruşardı ki, atası haradadır, - Mequminin anası Asako deyir, - Bildiyi ancaq bu idi ki, atası o, doğulan kimi çıxıb gedib. Buna görə də elə hey özünü günahlandırırdı".

Əvvəlcə bu elə bir problem kimi görünmürdü. Lakin Mequmi 10 yaşına çatanda Asako qızının davranışındakı dəyişikliyi hiss etməyə başlamışdı:

"O, mənimlə danışmırdı və çox sakit, qaradinməz olmuşdu. Onun məktəbdə incidildiyini çox sonra bildim".

Asako bunu da aşkar edib ki, Mequmi valideynlərinin ayrılmasında təkcə özünü günahlandırmır. Sən demə məktəbdəki uşaqlar atasız olduğuna görə onu lağa qoyurlarmış. Yaponiyada tək valideyni olan uşaqlarla tez-tez belə rəftarlar olur.

Nəhayət qız o qədər cana yığılıb ki, məktəbə getməkdən imtina edib.

"O, mənim yeganə övladımdır və onu belə görəndə ürəyim ağrıyırdı", - Asako deyir.

Rəsm

Ana qızını bu vəziyyətdən çıxarmaq üçün məktəbdə müəllimlərdən kömək istəyib. Bu da bir fayda verməyəndə ağlına başqa bir ideya gəlib:

"Düşündüm ki, nəzakətli və ədəbli bir kişi, ideal ata, qızımın könlünü alacaq birisini tapsam, necə olar?"

Ana toylarda və görüşlərdə qonaq kimi aktyor kirayələyən agentliklərin olduğunu eşitmişdi. Bu, Yaponiyada geniş yayılmış bir işdir. Asako zəng edib soruşmuşdu ki, onun üçün saxta ata təşkil oluna bilərmi? Bundan sonra beş namizədi müsabiqədən keçirən ana Takaşi adlı kişinin üzərində dayanıb:

"Onunla danışmaq çox asan idi. Çox nəzakətli və suyu şirin idi. Odur ki, instinktlərimin dediyini elədim".

Takaşi 20 əməkdaşı və 1000-dək ştatdankənar işçisi olan kirayə agentliyinə rəhbərlik edir. Bu adamlar istənilən vəziyyətə uyğunlaşa bilən müxtəlif yaşlı qadın və kişilərdir. Onlar saxta adlar götürür və saxta rollar oynayırlar. Bunun üçün onlar tez-tez yalan danışmalı olurlar, amma qanunu heç vaxt pozmurlar.

O, indiyədək sevgili, biznesmen, dost və ata rollarını oynayıb. Beş saxta toyda bəy kimi iştirak edib.

Takaşi etiraf edir ki, bu rollara hazırlaşmalı olur. Bunun üçün Balaca Miss Xoşbəxtlik (Little Miss Sunshine) və ya "Törəmələr" (The Descendants) kimi Oscar mükafatlı Hollywood filmlərinə baxmalı olur. Bunlardan birincisində söhbət yola çıxmış ailədən gedir. İkinci filmdə isdə George Cloony yalnız ailə faciəsindən sonra atalığın nə demək olduğunu başa düşür.

Rəsm

"Mən bu filmləri öyrənir, oradakı kəlmə və ifadələri yadda saxlayıram. Mən müxtəlif ailə üzvlərinin arasındakı münasibət və təmaslara diqqət yetirirəm. Bu mənə necə bir ata və ya ər olmaqda kömək edir. Bu mənə kömək edir ki, müxtəlif ailə dinamikalarını və münasibətlərini başa düşüm".

Asako necə bir ata rolu istədiyini izah etmək üçün Takaşi ilə bir neçə dəfə görüşüb:

"Mənim istədiklərim çox sadə idi. Birincisi, istəyirdim ki, o, indiyədək Mequminin həyatında ola bilmədiyinə görə necə peşmançılıq keçirdiyini desin. İkincisi isə istəyirdim ki, qızımın bütün dediklərini dinləsin".

Asako bundan sonra Mequmiyə deyib ki, atası ikinci dəfə evlənib və indi öz ailəsi var, amma bu yaxınlarda əlaqə saxlayaraq deyib ki, onları görmək istəyir.

Qızına deyib ki, atası "aktyordur".

Mequmi əvvəlcə şoka düşüb, amma sonra görüşməyə razılıq verib. Beləliklə, Takaşi on il əvvəlki Yamada olub. Mequminin atası onun ən uzun və etik baxımdan ən birmənalı olmayan roludur.

Takaşi il görüşü hələ də xatırlayır:

"Çox qarışıq hisslər keçirirdim. O soruşurdu ki, niyə əvvəllər gəlib onu görməmişəm. Mən onun qəzəbini hiss edirdim".

Takaşi Yamada rolunda Mequmiyə və anasına ayda bir neçə dəfə baş çəkməyə başlayıb. Bir-iki dəfə birlikdə kinoya, ad günlərinə də gediblər. Asako deyir ki, qızı qısa bir müddətdə dəyişib:

"Bir müddətdən sonra Mequmi xoşbəxt bir insana çevrilib. Danışmağı sevir, şad-xürrəm idi. Hətta məktəbə qayıtmaq istəyirdi. Onda düşündüm ki, zəhmətinə dəyərmiş…"

Rəsm

Amma bir hadisə Asakonun yaddaşına həmişəlik həkk olunub. Asako Yamada ilə məktəbə valideyn iclasına getmişdi:

"Biz sinif otağının arxasında oturmuşduq. O bizi görmüşdü və dəqiqəbaşı dönüb bizə baxırdı. Onun üzündəki o böyük təbəssümü əvvəllər görməmişdim. Mən doğrudan da xoşbəxt idim".

Takaşinin xidməti ucuz deyil. Onun hər dəfə Yamadanı oynamasına Asako 10 min yen (70-90 dollar) ödəyir. Maaşının yaxşı olmasına baxmayaraq, daim qənaət etməli olur.

Takaşi də Mequmidəki dəyişikliyi hiss edir:

"O, tədricən daha xoşbəxt və özünə güvənli olurdu. Mən, adətən, onların ikisi ilə bir yerdə görüşürdüm. Amma bir gün o dedi ki, atası ilə ikilikdə gəzməyə getmək istəyir. O vaxt o ilk dəfə olaraq mənim əlimdən tutmuşdu".

Rəsm

Son on ildə Takaşinin Yamada obrazı Mequmiyə yamanca doğmalaşıb. O, artıq gənc qızdır. Takaşi bu ailənin üzvünə çevrilib. O, Mequmiyə onu sevdiyini deyir. Atanın qızını sevəcəyi qədər kamil oynamalıdır bu rolu. Amma ata kimi sevmir axı…

Bəs yalançılığına necə haqq qazandırır?

"Mənim işimdə şəxsiyyət və kimlik dəyişməsi çox mühümdür. Amma mən də insanam. Bir uşağa "səni sevirəm" deyərkən içimdə heç bir emosional ziddiyyət yaşamıram desəm yalan olar. Amma bu, biznesdir. Bunu etməliyəm. Bunu daim özüm öz yadıma salıram".

Asako da başa düşür ki, bəziləri onu qınaya bilərlər:

"Gördüyüm işin fövqəladəliyini başa düşürəm. Amma mən həqiqətən, həqiqətən qızımı xilas etməliydim".

İşləri bir az da qəlizləşdirən odur ki, Asakonun özü də Yamada obrazına yaxınlıq nümayiş etdirməlidir.

"Üçümüz bir yerdə olanda rahatam. Danışıb-gülürük, bir-birimizə çox nəzakətliyik. İndi artıq o, uzun müddətdir ki, həyatımızdadır. Mən doğrudan da ona ərə getmək, bir ailə olmaq istəyirəm".

Rəsm

Amma Asako belə bir acı həqiqəti həmişə xatırlamalıdır ki, real həyatda mövcud olmayan, sevgisinə cavab verə bilməyəcək birisini sevir:

"Mən bir dəfə hətta bunu ona dedim. Amma qayıdıb üzümə dedi ki, bu, sadəcə, onun işidir. Əlbəttə, başa düşürəm ki, ona pul ödəndiyi üçün bizimlədir. Amma mümkün münasibətlərimiz barədə xəyallar qururam. Bu, mənə həm emosional, həm də ruhi baxımdan güc verir".

Əslində Asako bu "atalıq müqaviləsini" həmişəlik davam etdirmək niyyətindədir. O, işin nə qədər dərinə, fantaziya aləminə getdiyini başa düşsə də, Takaşinin Mequminin atası rolunu daimi oynamasını istəyir:

"İdeal situasiya bu olardı ki, qızım onu daim atası kimi görəydi. Mən istəyirəm ki, o, bir gün qızımın toyunda da olsun. İstəyirəm ki, qızımın uşağı olanda o da baba osun. Ən pis ssenari budur ki, qızım həqiqəti bilsin".

Birdən Mequminin öz həqiqi atası qayıdıb gəlsə, necə?..

Bu variant barədə Asako heç düşünməyib. Boşanandan sonra heç bir əlaqələri olmayıb və çətin ki, o, nə vaxtsa dönüb qayıda bilər. Amma belə bir şey olsa, Mequmi yəqin ki, ata olaraq Yamadanı görməkdə davam edəcək...

Takaşi də başa düşür ki, yalan böyüməkdə davam edir:

"Bu kirayə edən ailənin ən böyük problemlərindən biridir. Mequmi bir gün ərə gedəcək və onun əri düşünəcək ki, mən onun qaynatasıyam. Mequminin uşağı olsa, özümü baba kimi aparmalıyam. Bax, yalan beləcə böyüyə-böyüyə gedir".

Rəsm

Takaşini tez-tez düşündürən bir sual var. Bir gün Mequmi hər şeyi bilsə, onda necə olacaq? Amma bu halda nikbin ssenariyə inanır:

"Ən yaxşı ssenaridə o düşünəcək ki, ən azı onun qayğısına qalmışam. Bunun 80 faizi mənim xəyalımdır. 20 faiz ehtimal var ki, onun bütün dünyası alt-üst olacaq. Ola bilsin, deyəcək ki, niyə üstünü açdın, axıracan yalan danışmaqda davam edə bilməzdinmi? Bütün hallarda… mən onun həyatında böyük dayaq olmuşam. Doğrudur, buna görə ondan təşəkkür gözləməyim ağ olardı, amma istərdim ki, heç olmasa xidmətimizi qiymətləndirsin".

Bəziləri soruşa bilərlər ki, Asako üstü açılarsa, qızına bu qədər kədər gətirəcək bir oyunu niyə başlayıb? Amma Asako etdiyindən peşman deyil:

"Bilirəm, bəziləri düşünürlər ki, kiminsə öz qızına yalan danışması üçün pul ödəməsi axmaqlıqdır. Amma nə edə bilərdim. Başqa çarə yox idi… Məncə ,mənim vəziyyətimi, nələr çəkdiyimi başa düşmək olar. Bu, uşağımı qəlbi yaralı görməkdən daha yaxşı idi".

Asako deyir ki, Mequmi həqiqəti bilsə, bundan necə pis mütəəssir olacağını bilir, amma bu barədə düşünməməyə çalışır.

"İnanmıram ki, belə vəziyyətdə olan bircə mənəm. Əminəm ki, dünyada çox sayda qondarma ata və analar var".

Mequminin bütün bunlardan xəbər tutmaması üçün oçerkdəki bütün adlar dəyişdirilib.

Rəsmlərin müəllifi Katie Horwich

Bu barədə daha geniş