Bu 8 yaşlı oğlan YouTube-un ən çox qazananıdır: O, ildə 37 milyon manat qazanır

Ryan of Ryan ToysReview Fotonun müəllifi YouTube
Image caption Ryan-ın qazancı ötən ildən bəri iki dəfə artıb

YouTube-da qablaşdırılmış oyuncaqlarını qutulardan necə çıxardığını və onlarla oyununu nümayiş etdirən səkkiz yaşlı oğlan YouTube-un ən çox qazanan ulduzudur. Onun illik gəliri 37 milyon manat (22 milyon dollar) təşkil edib.

Forbes jurnalı tərəfindən təqdim olunan bu rəqəm göstərir ki, Ryan ToysReview adlı kanalı vasitəsilə Ryan, Jake Paul-dan 848 min manat (500 min dollar) daha çox pul qazanıb.

Demək olar ki, hər gün yeni video təqdim olunur və ötən bazar günü kanala yerləşdirilən sirli böyük mavi yumurta videosu artıq bir milyondan çox izlənilib.

Dude Perfect kanalı isə 35 milyon manat (20 milyon dollar) ilə üçüncü yerdə qərarlaşıb, Forbes-da yazılıb.

Ən çox qazananlar
Adlar Dəyər
1 Ryan ToysReview 37 milyon manat (22 milyon dollar)
2 Jake Paul 36 milyon manat (21.5 milyon dollar)
3 Dude Perfect 34 milyon manat (20 milyon dollar)
4 Daniel Middleton 31 milyon manat (18.5 milyon dollar)
5 Jeffree Star 30 milyon manat (18 milyon dollar)
6 Markiplier 29.7 milyon manat (17.5 milyon dollar)
7 Evan Fong 28.8 milyon manat (17 milyon dollar)
8 Jacksepticeye 27 milyon manat (16 milyon dollar)
9 PewDiePie 26.3 milyon manat (15.5 milyon dollar)
10 Logan Paul 24.6 milyon manat (14.5 milyon dollar)

Ryan-ın vergi və ya agent, yaxud hüquqşünas xərcləri olmadığına görə qazancı ötən illə müqayisədə ikiqat artıb.

Ryan NBC kanalının niyə uşaqların onun videolarını bəyəndiyi sualına belə cavab verib: "Çünki mən onları əyləndirirəm və güldürürəm."

Ryan-ın 2015-ci ilin mart ayında valideynləri tərəfindən yaradılan kanalının 17.3 milyon izləyicisi var və videolarına 26 milyard dəfə baxılıb.

Forbes-ə görə, 37 milyon manatın yalnız 1.6 milyonu videolardan əvvəl göstərilən reklamlardan qazanılıb. Yerdə qalan hissə sponsorlu videolardan gəlib.

Fotonun müəllifi Ryan ToysReview/Youtube
Image caption Ryan videolarında oyuncaqları qutularından çıxarır, öyrədici və elmi təcrübələr keçirir

Sponsorlu videolardan gələn qazanc başqa ən yaxşı YouTube-çular ilə müqayisədə daha azdır, Forbes qeyd edib.

Buna səbəb "təkcə Ryan-ın (daha doğrusu valideynlərinin) hər təklifi qəbul etməməsi deyil, həm də onun bu kiçik ölçülü demoqrafiyasının ciddi istifadəçilərdən ibarət olmasıdır".

Kanaldakı videolardan göstərilən oyuncaqlar sürətlə satılır.

Avqust ayında ABŞ-ın Walmart super marketlər şəbəkəsi eksklüziv olaraq Ryan's World adlı oyuncaq və geyim seriyası təqdim edib. Walmart-da valideynləri ilə birgə öz oyuncaqlarını axtaran Ryan-ın videosuna üç ayda 14 milyon dəfə baxılıb.

Walmart ilə anlaşmasından əldə edəcəyi gəlir Ryan-ın gələn ilki ümumi gəlirini daha da artıracaq.

Uşaq olduğu üçün Ryan-ın qazancının 15 faizi bank hesabına yatırılır və yetkinlik yaşına çatdıqdan sonra istifadə edə biləcək.

Ryan-ın əkiz bacılarına da bu şöhrətdən pay düşür. Onlar, Ryan's Family Review adlı ailəvi YouTube kanalına qoyulan videolarda yer alırlar.

Hər üç uşağın iştirakı ilə lentə alınan "Top 10 Science Experiments you can do at home for kids" (Evdə uşaqlarla icra edə biləcəyiniz 10 elmi eksperiment) adlı videoya 26 milyondan çox baxılıb.

Fotonun müəllifi Ryan ToysReview/Youtube
Image caption Ryan ToysReviews ötən il 8-ci yerdə idi

2017-ci ildə 28 milyon manat (16.5 milyon dollar) gəlir ilə siyahının birincisi olan Minecraft oyunçusu Daniel Middleton, bu il dördüncü yerdə qərarlaşıb.

Jake Paul altı pillə irəliləyərək ikinci yerə yüksəlsə də, qardaşı Logan Paul bu il Forbes siyahısında onuncu yerə enib - 24.6 milyon manat (14.5 milyon dollar). Bununla belə, o, 2017-ci ildəkindən 5 milyon manat (3 milyon dollar) daha çox qazanıb.

Yanvar ayında Logan Paul Yaponiyadakı videolarının birində intihar qurbanının cəsədini göstərdiyinə görə üzr istəyib.

YouTube-un sahibi Google Paul-un kanalını Google Preferred (Google Üstünlüyü) proqramından çıxarıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş