Misir piramidalarında "çılpaq video" qalmaqalı

Böyük Gizə ehramı (Böyük və Xufu ehramı kimi də tanınır) qədim dünyanın yeddi möcüzəsindən biri sayılır. Fotonun müəllifi Getty Images
Image caption Böyük Gizə ehramı (Böyük və Xufu ehramı kimi də tanınır) qədim dünyanın yeddi möcüzəsindən biri sayılır.

Misir, danimarkalı cütlüyün Böyük Ehramın zirvəsində çılpaq halda çəkiliş aparmasını əks etdirən videonu araşdırır.

Bu hadisə mühafizəkar müsəlman ölkəsində hiddət doğurub.

Prokurorlar videonun gerçək olub-olmadığını yoxlayacaqlar: video gerçək olsa, cütlüyün 140 metr hündürlüyü olan ehrama necə çıxdığı yoxlanacaq, dövlətə məxsus Al-Ahram qəzeti xəbər verib.

Rəsmilər əvvəlcə videonun saxta olduğunu güman ediblər.

Böyük Gizə ehramı (Böyük və Xufu ehramı kimi də tanınır) qədim dünyanın yeddi möcüzəsindən biri sayılır.

Fotoqraf deyib ki, o və yoldaşı ehramın başına qalxmaqdan əvvəl bir neçə saatı ehramın ətrafında keçiriblər.

Misirin qədim tarix irsi üzrə naziri bazar günü parlament üzvlərinə bildirib ki, prokurorlar danimarkalı cütlüyün Gizə ehramında "pornoqrafik video" çəkib-çəkmədiyini araşdırır.

Al-Ahram qəzetinin bildirdiyinə görə, Xalid əl-Ənani bildirib ki, videonun saxta olub-olmadığı yoxlanılır və səhlənkarlığa yol vermiş rəsmilər məhkəməyə veriləcək.

O qeyd edib ki, ehramlara qalxmaq "qətiyyən qadağandır", cütlüyün sosial mediada yaydığı görüntüləri isə "ictimai əxlaqı pozan" təsvirlər kimi səciyyələndirib.

Videoda nə göstərilir?

Danimarkalı fotoqraf Andreas Hvid-in YouTube-da yerləşdirdiyi üç dəqiqəlik videoda Gizə ehramının başına gecə vaxtı dırmaşan qadın göstərilir.

Ehramın zirvəsində qadın arxasını kameraya çevirib, beldən yuxarı soyunur.

Videonun sonunda cütlüyün tamamilə çılpaq vəziyyətdə, birgə uzanmış vəziyyətdə çəkilmiş fotosu da görünür.

Reaksiya necə olub?

Sözügedən video və foto sosial mediada ötən həftə sürətlə yayılıb.

Bu, Misiridə və Misirin xaricində bir çox sosial media istifadəçiləri tərəfindən hiddətlə qarşılanıb.

Çoxları bunu Misirin tarixinə və mədəni irsinə hörmətsizlik kimi qiymətləndirirlər.

Facebook-da bir qadın istifadəçi yazır: "Biyabırçılıq. Bu, ölkəyə, onun mədəniyyətinə, fərqli həyat tərzinə hörmətsizlikdir".

Danimarkalı istifadəçilər də cütün hərəkətini tənqid ediblər.

Bu arada Misirin qədim tarixi irs məsələləri üzrə komitəsinin rəhbəri Mustafa əl-Vəziri fotonun Photoshop montajı ola bilməsini istisna etməyib, al-Masry al-Youm nəşri xəbər verib.

Fotoqraf nə deyib?

YouTube postunda Andreas Hvid deyib ki, o və onun yoldaşı Böyük Ehram ərazisində noyabr ayında olublar.

Danimarkanın Ekstrabladet tabloidinə müsahibəsində Hvid deyib ki, ehramın zirvəsinə qalxmaq onun uzun illər arzusu olub.

"Bu qədər adamın qəzəblənməsi məni kədərləndirir. Lakin Misirdən, eyni zamanda, xeyli sayda müsbət reylər də almışam".

Andreas Hvid ehramın başında sekslə məşğul olduqlarını inkar edərək deyib ki, onlar sadəcə şəkil çəkdiriblər.

Bu barədə daha geniş