Washington Post: Trump 2018-ci ildə gündə 15 yalan söyləyib

Donald Trump Fotonun müəllifi Getty Images

Washington Post qəzeti ABŞ prezidenti Donald Trump-ın 2018-ci ildə verdiyi bəyanatlarının 5611-nin səhv və ya yanıldıcı informasiya ehtiva etdiyini irəli sürüb.

Bu, gündə təxminən 15 yalan deməkdir.

Qəzetin iddiası, Trump-ın bütün dediklərini hər gün izləyərək yoxlamağa çalışan bir xidmətin araşdırmasına əsaslanır.

Araşdırmaya görə, Trump 2017-ci ildə ümumi olaraq 1989 dəfə səhv bilgi verib və ya əsassız iddialar edib. Ötən il isə bu rəqəm 3 qat artıq olub.

Qəzet həmçinin bildirib ki, Trump 22 oktyabrda Texas senatoru Ted Cruz ilə Texas-a səyahəti zamanı bir gündə 83 dəfə "gerçəkləri təhrif edərək" rekord vurub.

"Mümkün olduqca düzünü deyirəm"

Independent qəzeti isə diqqəti Trump-ın tez-tez ABŞ mediasının "saxta xəbər" verməkdə günahlandırmasına və həmişə düzün tərəfində olmasının mesajını verməyə çalışdığına çəkir.

Trump 2018-ci ilin əvvəlində ABC News-un onun tez-tez düzlükdən uzaqlaşması barədə iddiasına "Həmişə gerçəkləri demək istəyirəm, bunu etməyə çalışıram. Mümkün olduqca düzünü deyirəm" deyə cavab verib.

Sentyabr ayında BMT-nin Baş Assambleyasında çıxışı zamanı Trump-ın "Mənim idarəetməm ölkəmizin tarixində hardasa bütün hökümətlərdən daha çox şey bacarıb" sözləri qəhqəhələrlə qarşılanmışdı. O, "Bu reaksiyanı gözləmirdim, amma əhəmiyyətli deyil" demişdi.

NBC kanalı Trump-ın iyunda Ağ Evin Gül Bağçasındakı nitqi zamanı "Tarixi miqyasda böyük bir iqtisadi uğur əldə etdik" sözlərini misal gətirib.

Kanala görə, 20 yanvar 2017-ci ildə Trump vəzifəyə başlayanda iqtisadi vəziyyət heç də pis olmayıb, əksinə o, iqtisadiyyata önəmli bir yenilik gətirməyib.

Trump "Obama-nın evinin ətrafında 3 metrlik divar var" dedi, qonşuları təkzib etdi

ABŞ prezidenti 31 dekabrda Meksika sərhədinə divar hörülməsi müzakirəsində sələfi Barack Obama-nın Washington-dakı evinin ətrafına 3 metrlik divar hördüyünü iddia edərək "Bunun təhlükəsizlikləri üçün gərəkli olması ilə razıyam. ABŞ-ın da təhlükəsizliyi üçün bunun biraz daha uzununa ehtiyac var" deyib.

Lakin Obama-nın qonşuları keçmiş prezidentin evinin ətrafında divar olmadığını və mənzilin küçədən açıq-aşkar göründüyünü deyiblər. Obama-nın bir qonşusu deyib ki, "Trump-ın çox aktiv bir xəyal gücü var".

Bu barədə daha geniş