Trump və Türkiyə arasında nə baş verir?

Syrian Kurdish protesters wave flags during a demonstration in the northeastern Syrian Kurdish-majority city of Qamishli on December 28, 2018, against threats from Turkey to carry out a fresh offensive following the US decision to withdraw their troops Fotonun müəllifi AFP

Türkiyə Trump-ın Suriya kürdlərinə görə təhdid mesajı ilə bağlı bildirib ki, Türkiyə heç bir təhdiddən qorxmur.

"Heç bir təhdiddən qorxmuruq", - Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu Trump-ın Twitter yazısına cavab olaraq qeyd edib.

"Qarşımızda duran problemin öhdəsindən nəyin bahasına olursa olsun gələcəyik. Bir tərəfdə terror təhdidi, digər tərəfdə isə iqtisadi təhdid varsa, ikisindən birini seç deyirsinizsə, bizim millət "ac qalaram, boyun əymərəm" deyir və bu təhdidin qarşısını almaq üçün əlimizdən gələni edərik. Trump-ın açıqlamasını və işlətdiyi dili uyğun hesab etmirik. Türkiyənin layiq oluğu hörməti və rəftarı hamı göstərməlidir".

Bundan əvvəl ABŞ prezidenti Donald Trump Twitterdə yazıb ki, ABŞ qoşunları Suriyadan çıxarılandan sonra Türkiyə Suriyadakı kürd qüvvələrinə hücum edərsə, "Türkiyənin iqtisadiyyatı viran qoyulacaq".

Mevlüt Çavuşoğlu həmçinin deyib ki, strateji partnyorlar sosial media, Twitter vasitəsilə danışmazlar. Çavuşoğlu ABŞ-ı Suriyada terrora qarşı birgə mübarizə aparmağa dəvət edib.

"Bizim Suriyada İŞİD-ə qarşı, PKK-ya qarşı apardığımız mübarizə Avropa üçün də çox önəmlidir. Kürdləri terroristlərdən ayırmaq istəmədiyiniz zaman, yanlış açıqlamalar edirsiniz. Bu terror təşkilatı Suriya torpaqlarının 33 faizinə nəzarət edir, bölmək üçün. Niyə bununla mübarizə aparmırsınız?", - Türkiyənin Xarici İşlər naziri qeyd edib.

ABŞ prezidenti Donald Trump bazar günü yazdığı iki tvitində Türkiyənin Suriyadakı kürd qüvvələrinə hücum ehtimalından bəhs edib.

Onun sözlərinə görə, ABŞ qoşunları Suriyadan çıxarılandan sonra Türkiyə Suriyadakı kürd qüvvələrinə hücum edərsə, "Türkiyənin iqtisadiyyatı viran qoyulacaq".

O eyni zamanda qeyd edib ki, kürdlərin Türkiyəyə qarşı təxribat törətmələrini də istəmir.

Türkiyə Suriya kürdlərinin YPG təşkilatını PKK kimi terror təşkilatı hesab edir, ABŞ isə Suriyada apardığı əməliyyatlarda YPG bölmələrindən müttəfiq qüvvə kimi istifadə edib.

Prezident Recep Tayyip Erdoğan YPG-yə ABŞ tərəfindən dəstək verilməsi barədə qəzəblə danışaraq bu təşkilatı darmadağın edəcəyəni vəd edib.

Donald Trump Türkiyə ünvanına Suriya kürdlərilə bağlı təhdidini ABŞ qoşunlarını Suriyadan çıxarmaq qərarını bəyan etməsinin ardından açıqlayıb.

Səudiyyə Ərəbistanın kral ailəsinin yüksək səviyyəli üzvü şahzadə Turki əl-Feysal BBC-yə deyib ki, ABŞ-ın bu addımının "təsiri mənfi olacaq", çünki bu, İran, Rusiya və Bəşər Əsədin hakimiyyətini daha da gücləndirəcək.

Trump nə deyib?

Prezident Trump qoşunları çıxarmaq qərarını müdafiə edərək deyib ki, İŞİD qüvvələrinin qalıqlarına zərbə havadan endirilə bilər.

Trump Türkiyə YPG-yə hücum edərsə, onun iqtisadiyyatına necə zərər yetirəcəyini bildirməyib.

Eyni zamanda Trump "32 kilometrlik təhlükəsizlik zonasının" yaradılmasının zərurətini qeyd edib.

Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu öz şərhində qeyd edib ki, bu təklifi ilk olaraq Türkiyə prezidenti Recep Tayyip Erdoğan edib, özü də ki, bu təklif Erdoğan-ın bütün Qərb ölkələrinə müraciətində yer alıb.

Trump qeyd edib ki, ABŞ-ın Suriyada əməliyyatlarından ən çox fayda götürən Rusiya, İran və Suriyadır, odur ki, ABŞ əsgərlərinin evlərinə qayıtmasının vaxtı gəlib çatıb.

Mike Pompeo nə deyib?

Ötən həftəsonu Mike Pompeo Mevlüt Çavusoğlu ilə telefonla danışdığını bildirib və qeyd edib ki, kürd döyüşçülərinin təhlükəsizliyini təmin edilməsinə dair Türkiyə ilə razılıq əldə ediləcəyinə dair "nikbindir".

Əbu-Dabidə danışan Pompeo deyib ki, ABŞ "Türkiyə xalqının və cənab Erdoğanın ölkəsini terrorçulardan müdafiə etmək hüququnu tanıyır".

O eləcə də əlavə edib ki, ABŞ-la birgə döyüşənlər "qorunmağa layiqdirlər".

Fotonun müəllifi Reuters
Image caption ABŞ Dövlət katibi Mike Pompeo yanvarın 13-də Səudiyyə Ərəbistanına səfər edib.

Suriyada nə qədər ABŞ qoşunu var?

Xəbərlərə görə, Suriyanın şimalında 2000-dək ABŞ qoşunu var.

ABŞ-ın ilk quru qüvvələri Suriyaya 2015-ci ilin payızında gəlib. O dövrdə prezident Barack Obama YPG döyüşçülərinə təlim keçmək üçün Suriyaya az sayda xüsusi təyinatlı hərbi qoşun qüvvələri göndərmişdi.

Sonradan ABŞ qoşunlarının sayı artırılıb.

Bu barədə daha geniş