Evdə səliqəni necə yaratmalı? Marie Kondonun məsləhətləri

Marie Kondo Fotonun müəllifi Getty Images
Image caption Marie Kondo-nun proqramları yanvar ayında Netflix kanalında çox populyar olub.

Yaponiyanın məişətdə səliqə yaratma mentoru Marie Kondo Netflix kanalında yayımlanan yeni proqramları sayəsində yanvar ayının ulduzuna çevrilib. O, "KonMari" adlanan səliqə yaratmaq üsulu ilə təkcə evi yox, beyni də təmiz saxlamağı təklif edir.

"Evinizi yığışdıranda siz işlərinizdə və hətta keçmişinizdə də səliqə yaratmış olursunuz", Kondo 2014-cü ildə nəşr olunmuş "Həyatı dəyişən səliqə möcüzəsi" adlı kitabında yazıb.

"Yır-yığış işlərindən sonra nəyi saxlamalı, nəyi atmalı olduğunuz daha aydın görünür", Kondo deyir.

Onun metodu, dediyinə görə, çox sadədir: hansısa məkanı yığışdırarkən, yığılıb qalmış əşyalardan təmizləyərkən özünüzdən soruşmalısınız, bu və ya digər əşya sizdə sevinc hissi doğurumu? Əgər doğurmursa, onda həmin əşyaları atmaq olar. Ortada qalanları isə qutulara yığmaq lazımdır.

Görəsən, onun təklif etdiyi üsul həyatda özünü doğruldurmu?

Təbərrük əvəzinə insan əlaqələri

Jerrie Sharp və onun partnyoru Marie Kondo-nun səliqə barədə proqramlarına baxandan sonra Londondakı evlərində əşyaların üçdə birini atıblar.

Onlar deyirlər ki, bu addımın müsbət təsirini hiss edə biliblər.

"Partnyorumun bipolyar pozuntusu var, kabinetinin yığışdırılmasının ona böyük müsbət təsiri olub", o deyib.

"Mənim iş məhsuldarlığım artıb, çünki diqqətimi heç nə yayındırmır. Rəflərdə yalnız sevimli kitablarım düzülüb və "bu kitabı hələ oxumamışam" kimi fikirlər artıq məni narahat etmir", - Jerrie Sharp əlavə edir.

Bu yaxınlarda Marie Kondo-nun məsləhətlərinə əməl etməyə başlamış Abigail Evans bu metodun dərhal müsbət təsir göstərdiyi fikrilə razıdır.

"Evdə səliqə-səhman olmayanda özümü rahat hiss edə bilmirəm", - 26 yaşlı Abigail deyib. O, Kondo-nun daha bir məsləhətini həyata keçirib - yır-yığış işlərini bir dəfəyə yox, hissə-hissə edib və bunun da müsbət təsirini hiss edib.

"Səliqə-səhmanı həmişə sevmişəm, Kondonun məsləhətləri isə buna rahat tərzdə nail olmağa imkan verir", - Abigail qeyd edib.

Chicago-da De Paul Universitetinin psixologiya professoru Joseph Ferrari belə yanaşma ilə razıdır.

Fotonun müəllifi Netflix
Image caption Marie Kondo iştirak etdiyi televiziya proqramında məsləhətlərini verir.

O özü də 2016-cı ildə bu mövzuda "Evin qaranlıq hissəsi" adlı tədqiqat aparıb və belə bir nəticəyə gəlib ki, evdə qarmaqarışıqlıq nə qədər çox olursa, məhsuldarlıq da o dərəcədə aşağı olur.

"Qarmaqarışıqlıq yaxşı şey deyil. Yaşadığımız cəmiyyətdə arzularımız ehtiyacımıza çevrilir, o qeyd edir. - Biz əşyalardan yapışıb qalmamalıyıq. İnsanlara deyirəm ki, əşya yox, insan əlaqələri toplasınlar".

Evdə, işdə və hətta email poçtunuzda səliqə-səhmanı təbliğ edən təkcə Marie Kondo və professor Ferrari deyil.

Məsələn, götürək "Inbox Zero" adlı email idarəetmə proqramını. O, gün ərzində istifadəçinin email poçt qutusuna gələn elektron məktubları emal edib günün sonunadək poçt qutusunu elə təmizləməlidir ki, orada heç bir məktub qalmasın.

Bu, çoxlarımız üçün əlçatmaz bir məqsəd kimi görünsə də, buna nail ola bilənlər deyirlər ki, bu onların psixi sağlamlığına müsbət təsir göstərib.

"Çox vaxt nəyisə unutduğumu, buraxdığımı düşündüyümə görə stresli oluram, odur ki, bu sistem mənə gerçəkdən kömək edir", istifadəçilərdən biri deyir.

Evi necə təmizləməyi izah edən saytların internetdə populyarlığı son zamanlar artmaqdadır.

Sophie Hinchliffe adlı istifadəçinin Instagram səhifəsinin 1,6 milyon izləyicisi var. O, artıq Penguin nəşrilə də müqavilə bağlayıb və bu yaxınlarda onun kitabı çıxacaq. Və bütün bunlar yaxşı yır-yığışın aparılmasına dair məsləhətlərə görədir.

Onun evində həqiqətən də bir cüzi ləkə tapmaq belə mümkünsüzdür.

Ancaq çoxlarını onun yır-yığış işlərinə yanaşması ilhamlandırsa da, digərlərini məyus edir.

"Onun səliqəli evini görəndən sonra mənim evim məni depressiyaya salır, odur ki, mən onun səhifəsini izləyənlərin qrupunu tərk etdim", Mumsnet vebsaytında istifadəçi qadınlardan biri etiraf edib.

Marie Kondo-nun səliqəli evləri də tənqiddən sığortalanmayıb - heç olmasa, ona görə ki, stresli həyatımıza daha bir stress mənbəyi əlavə etmiş olurlar.

"Biz əhatə edən media - ənənəvi və sosial - bizi inandırmağa çalışır ki, bizim şəxsi məkanımız bizim özümüz və işimiz kimi də optimallaşdırılmalıdır, - Anne Helen Petersen Buzzfeed saytında dərc olunmuş məqaləsində qeyd edib. - Nəticədə, yorğunluq bizi hər yerdə, o cümlədən evdə də əhatə edir".

New York-dakı psixoloq Vivien Diller daima nəyisə təmizləmək, yır-yığış etmək hissindən stress keçirən xəstələri nəzərdə tutaraq 2015-ci ildə Atlantic nəşrində təəccüblə yazmışdı: "Bizi inandırmağa çalışırlar ki, əşya toplamağın əksi olduğuna görə əşyaları atmaq yaxşıdır".

"Əgər qarşınızdakı insan nəyisə təmizləmədən və ya atmadan sakit otura bilmirsə, onda söhbət artıq xəstəlikdən getməlidir", o qeyd edib.

Bəs iş masalarında və ya evlərində səliqəsizlikdən stress keçirməyənlər, məyus olmayanlar nə etməli?

Belələri üçün də məsləhət verə bilən mentor ( və ya ona bənzər kimsə) var. Tim Harford "Qarmaqarışıqlıq: Səliqə-səhman həvəsinə düşən dünyada yaradıcı və güclü olmağın yolu" adlı kitabının müəllifi, publisist və radioaparıcıdır.

Fotonun müəllifi Library of Congress
Image caption ABŞ-ın yaradıcısı Benjamin Franklin səliqəli ola bilməyib.

Harford hesab edir ki, iş masasında qarmaqarışıqlıq dünyanın sonu demək deyil.

"Siz yaradıcı olanda, nəsə yaratmağa çalışanda - qarmaqarışıqlıq əmələ gəlir, - o, BBC-yə deyib. - Vaxtından əvvəl və ya tez-tez səliqə-səhman yaratmağa cəhd etsəniz, özünüzü nahaq yerə tənqid etməli olacaqsınız".

İş yerlərini, evlərini və ya elektron poçtlarını səliqəli saxlaya bilməyənlər özləri üçün təsəllini ABŞ-ın təsisçi atası sayılan Benjamin Franklin-in özündən sonra qoyub getdiyi xatirələrdə tapa bilərlər.

"O, gündəlik tutmuşdu və orada qarşısına qoyduğu məqsədlər və həmin məqsədlərə nail olmaq üçün gördüyü işlər barədə qeydlər edirdi, - Harford izah edib. Həyatının sonunda, arxaya baxarkən, o, gündəliyinin faydalı olduğunu deyib. Ancaq qeyd edib ki, ömründə nail ola bilmədiyi yeganə bir şey olub - səliqəli olmaq".

Bu barədə daha geniş