Çin iqtisadiyyatı zəifləyib. Bu, bütün dünya üçün pis xəbərdir. Niyə?

Çinin buz qalası əriməyə başlayan zaman, dünya daşqına hazırlaşır Fotonun müəllifi AFP
Image caption Çinin buz qalası əriməyə başlayan zaman, dünya daşqına hazırlaşır

Çin iqtisadiyyatı zəifləyib və bütün dünya narahatlıq gözləntisiylə donub qalıb.

Əgər yarım milyard çinli kəmərini sıxarsa ölkə dünya iqtisadiyyatı mühərrikindən onun boynundakı ağırlığa çevriləcəkdir.

Hələ ki, söhbət nə böhrandan, nə də tənəzzüldən gedir.

Çin əvvəlki kimi görünməmiş inkişaf edən iqtisadi sürətlə varlanmaqdadır. Lakin ildən ilə bu artım daha təvazökar şəkil alır. Ötən il bu artım əvvəlki 6,8 faizlə müqayisədə geriləyərək 6,6 faiz olub.

Bu zəifləmənin səbəbləri nikbinlik üçün heç bir əsas vermir və bu ilin proqnozları artımın əhəmiyyətli dərəcədə - 6,2 faizə qədər zəifləyəcəyini vəd edir.

Əsas xarici səbəb ABŞ-la ticarət müharibəsidir.

Onun həlli çox uzaqdır, lakin hələki ondan gələn ziyan da o qədər əhəmiyyətli dərəcədə deyil. Daha dərin və ciddi "xəstəlik" Çinin xaricində deyil, onun daxilindədir.

13,5 trilyon dollar həcmində olan Çin iqtisadiyyatı ABŞ-dan sonra dünyada ikincidir.

Çinin təsvirində əsas tərif "böyük"dür. Dünyada ən böyük ixracatçı, ən böyük xammal idxalçısı, ən böyük avtomobil bazarı.

Bu siyahını davam etdirmək də olar.

Ona görə də Çinin problemləri bütün ölkələr - həm varlı, həm inkişaf etmiş, həm də kasıb ölkələr üçün çətinliklərlə doludur.

BBC Rus Xidməti Çinin iqtisadi iztirabının 3 əsas xüsusiyyətini, onun nəticələrini və potensial qurbanlarını vurğulayıb.

Fotonun müəllifi Getty Images
Image caption Havanın çirkliliyi Çinin sənayeləşməsini məhdudlaşdırır

1. İstehlakın zəifləməsi. Çinlilər iPhone, avtomobil və lüks əşyaları daha az almağa başlayıblar, bu isə Apple, BMW və Tiffany kimi Qərb istehsalçılarına ziyan vurur.

Sualın qiyməti astronomikdir - Çində xüsusi istehlak ildə 5 trilyondan yuxarıdır.

2. İstehsalda və tikintidə zəifləmə. Buna görə də Çinə daha az neft və polad lazımdır ki, bu da dünya qiymətlərinin aşağı düşməsinə, Avstraliya və Rusiya kimi nəhəng ixracatçılara ziyan vurmasına gətirib çıxarır.

3. Xaricdə sərmayə ehtiyatı. Çinlilər onlarla ölkədə sərmayə qoyurlar, yollar və elektrik stansiyaları inşa edirlər, limanlar və yataqlar alırlar.

Lakin öz iqtisadi problemləri onlara pulun kimə lazım olduğunu düşünməyə məcbur edir.

Onlar yeni ipək yolu flaqman layihəsi də daxil olmaqla xaricdə genişlənməyi maliyyələşdirən borclarla daha ehtiyatla davranacaqlar.

İlk ziyan çəkənlər onun əsas iştirakçıları - Ukrayna, Rusiya və Qazaxıstan kimi tranzit ölkələr, eləcə də Asiya və Afrikadakı kasıb ölkələr - Pakıstandan Banqladeşə, Malayziyadan Efiopiyaya qədər ola bilər.

Çin "asqıran" zaman bütün inkişaf etmiş dünya ölkələri "xəstələnir" və hətta varlı ölkələr belə özlərini pis hiss edirlər.

Bu barədə Beynəlxalq Valyuta Fondu 2018-ci ildə Çinin ümumi daxili məhsulun (ÜDM) sürətinin aşağı düşməsi barədə bədbin statistikası açıqlanan gün xatırladıb.

"Çin iqtisadiyyatının artımındakı zəifləmə gözlənildiyindən daha əhəmiyyətli ola bilər, xüsusilə ticarətdə gərginlik davam edərsə, bu, 2015-2016-cı illərdə olduğu kimi maliyyə və xammal bazarının kəskin zəifləməsiylə nəticələnə bilər", - deyə BVF-nun baş iqtisadçısı Gita Gopinath xəbərdarlıq edib.

Əvəzedilməz çinlilər

Fotonun müəllifi VCG/Getty Images
Image caption Çinin istehlak gücü ildə 5 trilyon dollardır.

İqtisadçılar çinlilərin xəsisliyini çoxdandır ki müzakirə edirlər. Apple-ın başçısı Tim Cook da ictimaiyyətə ünvanladığı Yeni İl məktubunda bundan bəhs edib.

O, Çindən gələn tələbat azaldığına görə, Amerika şirkətinin işlərinin gözlənildiyindən daha pis getdiyi barədə xəbərdarlıq edib.

Məlum olub ki, çinlilər təkcə iPhone-u sevməkdən imtina etməyiblər. Dünyanın ən böyük Çin bazarında 1990-cı ildən bu yana ilk dəfə olaraq ötən il avtomobillərin satışı azalıb. Pərakəndə ticarət isə əsrin əvvəlindən ən pis sürətlə artır - ildə 8 faizdən bir az yuxarı.

Çinlilər rifahın sürətlə artmasına alışdılar və o zəifləyən kimi ənənəvi reaksiyanı verdilər.

Hər şeydən əvvəl bahalı xarici məhsulları almaqdan imtina edərək daha az xərcləməyə başladılar. Bundan başqa, ABŞ-la ticarət müharibəsi şəraitində vergi və yuanın kursunun aşağı düşməsi ucbatından qiymətlər daha da bahalaşıb.

Mehriban vətənpərvərlik də burda öz rolunu oynayıb. Amerikaya məxsus hər şey , iPhone-dan tutmuş Hollivud filmlərinə qədər hər şey kəskin şəkildə dəbdən düşüb.

Eyni zamanda Çin rəhbərliyi fərdi şəxslərə xaricdən lüks əşyaların gətirilməsinə məhdudiyyət qoyub.

Bütün bunların nəticələri ilk növbədə Qərbə təsir edib.

Çinlilər dünyadakı "lüks" sayılan məhsulların üçdə birini alır və ildə buna 120 milyard dollar xərcləyir. Çinlilər dünyadakı turizm artımının əsas mənbəyidir.

Və bütün bu istehlakçı gücünü əvəz edəcək heç nə yoxdur. Chatham House beynəlxalq əlaqələr institutunun başçısı, Goldman Sachs rəhbərliyində və Britaniya Maliyyə Nazirliyində çalışan Jim O'Neill xəbərdarlıq edib.

Fotonun müəllifi VCG/Getty Images
Image caption Çində istehlakçı tələbatı tədricən azalır.

O, on il əvvəl baş verən genişmiqyaslı böhrandan sonra dünya iqtisadiyyatının bərpasında Çinin orta sinfinin əsas rolu olduğunu söyləyir.

Varlanan çinlilər qlobal tələbatı 3 trilyona qədər genişləndiriblər: 2010-cu ildə onlar 2 trilyondan bir az artıq, 2017-ci ildə isə artıq 5 trilyon xərcləyiblər.

"Ən azı yaxın 10 il ərzində Çinin istehlak sürücüsü kimi yerini əvəzləyəcək başqa ölkənin olması mümkün deyil. Hindistanın, İndoneziyanın və Nigeriyanın şansı var, amma bu 20 ildən tez olmayacaq", - deyə o yazıb.

Bununla yanaşı, Çində istehlakın artması üçün yer var, istehlak iqtisadiyyatın 40 faizini təşkil edir. İnkişaf etmiş ölkələrdə isə bu rəqəm 70 faizdir.

Tikdilər, tikdilər və nəhayət tikib qurtardılar

Çinlilər təkcə məhsul almırlar.

Ölkənin əsas idxalı xammaldır - neft, mis və dəmir filizi.

İstehsaldakı və tikintidəki zəifləmə artıq tələbata təsir göstərir və bu da vəziyyətin daha da pisləşməsi riskinə işarə edir.

Fotonun müəllifi VCG/Getty Images
Image caption Çində 25000 km yüksək sürətli dəmir yolu var.

Çin 2010-cu ildən bu yana ilk dəfə olaraq dəmir filizlərinin rüblük idxalını azaldıb.

Deməli, tikinti şirkətləri tərəfindən tələbat azaldıqca, polad istehsalı da azalır. Yaşayış binalarının və dəmir yollarının tikintisinin sürəti də yavaşlamaqdadır.

Bu isə maliyyə sektorunda problemlər yarada bilər, çünki indiyədək artım kreditlərlə təmin olunub.

Uzun müddət belə davam edə bilməzdi. Buna görə də Kommunist Partiyası borcların yığılmasından və on il əvvəl baş verən dünya böhranı kimi çökmədən yayınmaq üçün tikinti sənayesini kredit "iynəsindən" çıxarmaq barədə qərar qəbul etdi.

Dövlət və ya hökumətlə bağlı olan Çin şirkətləri illik ÜDM-i iki dəfə üstələyən borclar toplamışdı.

Bu xərclər sayəsində Çin dəyişdi.

Məsələn, 10 il ərzində ölkə dünyanın ən böyük sürətli dəmir yolları şəbəkəsini tikdi.

Düzdür, dəmiryolu şirkətinin 740 milyard dollar borcu var və şirkət borc faizlərinin qarşılanmasına qazandığından daha çox pul xərcləyir. Yəni daima borc götürməyə məcburdur.

Sürətli artımın əvvəlki modeli özünü tükətdi və zəifləmə qaçılmazdır.

Daxili investisiyaların azalmasını xarici investisiyaların artımı ilə kompensasiya etmək olardı. Lakin burda da hər şey ideal deyil. Baxmayaraq ki,onların ümumi həcm ötən il 130 milyard dolları ötüb, ötən il 8 faiz yüksələn artım bu il 1 faizə çatmayıb.

1 trilyon dollara ipək kəmər

Fotonun müəllifi VCG/Getty Images

Əgər daxildə əvvəlki sürətlə sərmayəni artırmaq alınmırsa, o zaman xarici genişlənmənin zəifləməsi daha çox sual doğurur.

Çin isə genişmiqyaslı "Kəmər və yol" layihəsinə başlayıb.

İdeya, ölkəni dünyadakı yüzlərlə dövlətlə birləşdirməkdir.

İnvestisiya təxminləri qeyri-müəyyəndir. Lakin bəzi məlumatlara görə, ilk 5 il ərzində Çin 1 trilyondan çox sərmayə qoymaq barədə razılıq əldə edib.

Bu sadəcə iqtisadi deyil, həm də geosiyasi layihədir. Çinin dövlət şirkətləri dünyanın onlarla ölkəsində dəmir yollarını çəkir, liman tikir, körpü salır, elektrik stansiyaları və telekommunikasiya şəbəkələrini kreditlə alır və tikirlər.

Onların əsas məqsədi Kommunist Partiyası tərəfindən qoyulan tapşırığı yerinə yetirməkdir və onlar "biz hər şeyə hazırıq" prinsipilə hərəkət edirlər.

Hazırda Çinin xarici investisiyalarının hər 10 dollardan biri bu layihədən gəlir.

Ukrayna, Rusiya və Qazaxıstan bu yolun əsas seqmentləridir. Və zəifləmə onların itkiləriylə nəticələnə bilər.

Kommunist kapitalizmi

Çinin problemlərini ötən il Donald Trump tərəfindən başladılan ABŞ-la ticarət müharibəsi daha da çətinləşdirib.

Vəziyyət tükdən asılıdır. Trump bildirir ki, martın 2-nə kimi razılıq əldə olunmasa, Çin məhsullarına qadağa tarifləri tətbiq ediləcək.

Lakin müşahidəçilər tədricən münaqişənin sakitləşəcəyinə ümid edirlər, cünki bundan sadəcə Çin deyil, ABŞ-ın özü və müttəfiqləri də zərər görür.

Fotonun müəllifi AFP
Image caption Çin rəhbəri öz ölkəsini dünya lideri kimi görür

Çinin struktur problemləri, nəhəng borclar və investisiyaların zəifləməsi kimi Pekini çox narahat edir. Və o bu istiqamətdə işlər görür.

Ötən ilin yayından rəhbərlik iqtisadiyyatı maliyyə inyeksiyası və vergi güzəştləriylə dəstəkləyir. Lakin hələ ki bu tədbirlər arzu olunan nəticəni verməyib, zəifləmə davam edir.

Kommunist Partiyası sakitliyini qoruyub saxlayır və hər şeyin plan üzrə getdiyini deyir. Əvvəllər artım ölkəni müasirləşdirməyə və yoxsulluğu azaltmağa imkan verən genişmiqyaslı sərmayə xərclərilə təmin olunurdu.

İstehlaka əsaslanan növbəti inkişaf modelinə keçmək vaxtıdır. Deyilənlərə görə, sürətli investisiya artımının zəifləməsi qaçılmazdır.

Lakin qərbli ekspertlər kommunst Çinin bu cür təkamülə hazır olduğuna şübhə ilə yanaşır və bir səslə partiya dövlət sistemini onun başlıca problemi adlandırırlar.

Xi Jinping-in Çinin şaqulu rəhbərliyini möhkəmləndirməsi və ömürlük idarə etmək hüququnu əldə etməsi faktı onların şübhələrini sadəcə artırır.

BVF-nin keçmiş baş iqtisadçısı və Harvard Universitetinin professoru Kenneth Rogoff-un sözlərinə görə, kommunist rəhbərliyinin planlaşdırma sistemində nəhəng infrastruktur layihələrinə pul xərcləmək istehlak sinfi yaratmaqdan daha asandır.

"Çində artımın nə qədər zəifləyəcəyi açıq sualdır. Daha çox mərkəzləşdirilməyə meylli olan partiya siyasi sistemi ilə istehlaka əsaslanan mərkəzdən kənar istisadi model tələbatı arasındakı ziddiyəti nəzərə alsaq uzunmüddətli perspektivdə artımın sürəti kifayət qədər aşağı düşə bilər", -deyə o bildirib.

Financial Times qəzetinin yazdığına görə, nə az nə çox, dünya ölkələrinin taleyi Çinin iqtisadi fəaliyyətinin zəifləməsini necə həll edəcəyindən asılıdr.

"Ticarət müharibəsi sadəcə bir təkandır. O, Çin iqtisadiyyatının daha ciddi "xəstəliyini" ortaya çıxarıb.

"Xəstəliyin" dərmanı isə qətiyyətli və sürətli islahatlardır.

Çinin iqtisadi tarixində həlledici an yetişib.

Son əsrlər ərzində bir dəfə də olsun uğur və ya uğursuzluq bütün dünya üçün bu qədər əhəmiyyətli olmayıb", - Financial Times məqaləsində deyilir.

Bu barədə daha geniş