Niyə Çindəki şirkətlər 30 yaşlarında olan qadın işçilərinə "tanışlıq məzuniyyəti" verir?

Çin Fotonun müəllifi Getty Images

Ölkədə əmək qabiliyyətli əhali sayı və işçi qüvvəsi azaldığına görə otuz yaşlarındakı qadınlar yeni münasibətlər qurmağa məcbur edilirlər.

Çində yüz minlərlə insan "Ay Yeni İli" ərəfəsində ailələrinə baş çəkir.

Lakin otuz yaşlarındakı bəzi şanslı subay qadın işçilərə yeddi günlük məzuniyyətdən əlavə səkkiz gün tətil verilir ki, sevgilərini tapa bilsinlər.

Şərqi Çin Səhər Postu (Eastern China Morning Post) qəzetinə əsasən, Şərqi Çində yerləşən Hangzhou-dakı tarixi mövzulu turistik parkın iki şirkəti işçilərinə əlavə "tanışlıq məzuniyyəti" təklif edib.

Şəhərdəki başqa bir məktəb də subay müəllimələrinə "sevgi məzuniyyəti" verib.

"Evdə qalmış qızlar"

Çində 30 yaşa qədər ailə qurmayan qadınlara tez-tez "sheng nu" və ya "evdə qalmış qızlar" kimi xitab edilir.

Bu vəziyyət isə artıq daha geniş yayılıb: ya qadınlar daha çox karyeralarına köklənmək istəyirlər, ya da subay qalamağa üstünlük verirlər.

Lakin evliliklə bağlı qadınların üzərində böyük təzyiq davam edir və hökumət yaşlanan nəslin artması və işçi qüvvəsinin azalmasından narahatdır.

Fotonun müəllifi Getty Images

Leta Hong Fincher "Evdə Qalmış Qadınlar" (Leftover Women) və "Böyük Qardaşa Xəyanət: Çində Feminizmin Oyanışı" (Betraying Big Brother: The Feminist Awakening in China) adlı kitabların müəllifidir.

O inanır ki, ideya "Çin hakimiyyəti tərəfindən 20 yaşlarının sonuna qədər ailə qurmayan qadınlara qarşı damğa təsiri yaradan planlaşdırılmış təbliğat kampaniyanın bir hissəsidir".

O, BBC-yə deyib: "Hamısı hökumətin xüsusilə təhsilli qadınları evlənməyə və övlad sahibi olmağa məcbur etmək səylərinin tərkibinə daxildir."

Azalan doğuş səviyyəsi

Çin, 2015-ci ildə bir uşaq siyasətini ləğv etsə də, doğuş səviyyəsi aşağı düşməkdə davam edib. 2013-cü ildən bəri hər il evlilik dərəcəsi də aşağı enib.

2018-ci ildə doğum sayı 150 milyon olub ki, bu da əvvəlki il ilə müqayisədə 2 milyon azdır.

Xanım Hong Fincher ölkədə ciddi gender bərabərsizliyinin olduğunu deyir. Buna səbəb isə bir uşaq siyasəti əsasında ailələrin oğlan uşağına üstünlük verməsi olub.

"Əslində Çində qadın qıtlığı yaşanır. Hökumətə əsasən, kişilərin sayı qadınların sayından ən az 30 milyon çoxdur," o söyləyir.

Fotonun müəllifi Getty Images

Çinin Sosial Elmlər Akademiyası təxmin edir ki, qarşıdakı 50 ildə ölkədə əhalinin sayı 1.4 milyarddan 1.2 milyarda enə bilər.

Yarını tapmaq

Lakin əlavə tanışlıq məzuniyyətinin qadınlara həyat yoldaşı tapmaqda və dünyaya uşaq gətirməkdə nə qədər kömək olacağı bilinmir.

Hangzhou Songcheng Performance şirkətinin HR meneceri Huang Lei Zhejiang Online-a deyib: "Bəzi qadınların kənar dünya ilə əlaqəsi daha azdır. Buna görə də qadın işçilərə artıq məzuniyyət verərək onlara daha çox zaman qazandırmış oluruq və əks cins ilə ünsiyyət qurmaları üçün imkan yaradırıq."

O əlavə edib ki, tanışlıq məzuniyyəti işçilər tərəfindən yaxşı qarşılanıb.

Lakin xanım Hong Fincher təşəbbüsün "effektiv olmayacağına" inanır.

"Bu da çoxsaylı sınaqlar və siyasətlərdən biridir," o deyir.

"Lakin ailə qurmağa və ya övlad sahibi olmağa tələsməyən qadınların sayı artır."

Əlaqəli mövzular

Bu barədə daha geniş