Britaniya intihar təsvirlərinə görə sosial medianı "bağlaya bilər", nazir xəbərdarlıq edib

Molly Russell
Image caption 14 yaşlı Molly Russell 2017-ci ildə sosial mediada intihar haqqında məzmunla rastlaşandan sonra intihar edib.

Sosial media şirkətləri zərərli məzmunlu səhifələri platformalarından yığışdırmasalar, bağlana bilərlər, Britaniyanın Səhiyyə naziri xəbərdarlıq edib.

BBC-nin Andrew Marr proqramına danışan nazir Matt Hancock deyib: "Görəndə ki, onlar atmalı olduqları addımı atmırlar, onda qanunvericilik tətbiq olunmalıdır."

"Amma mən buna gətirib çıxmasını istəməzdim", - nazir əlav edib.

Bundan əvvəl nazir yeniyetmələr arasında intihar hallarına görə sosial media nəhənglərini intihar və özünə xəsarətyetirməni təqlid edən materialları səhifələrindən "yığışdırmağa" çağırmışdı.

2017-ci ildə 14 yaşlı Molly Russell sosial mediada intihar haqqında məzmunla rastlaşandan sonra intihar edib.

BBC-yə danışan Molly-nin atası deyib ki, Instagram onun "qızını öldürməyə kömək edib".

Instagram-ın sahibi olan Facebook bu hadisə ilə bağlı "dərin təəssüf hissi" keçirdiyini bildirib və üzr istəyib.

İnternet nəhəngi bildirib ki, özünə xəsarətyetirmə və intiharı təqlid edən məzmuna "platformasında yer yoxdur".

Gənclər arasında intihar hallarının qarşısını almağa çalışan Papyrus xeyriyyə təşkilatı ötən həftə, uşaqlarının intiharında sosial medianın rol oynadığında əmin olan 30-a yaxın ailə ilə ünsiyyətdə olub.

Fotonun müəllifi Getty Images
Image caption Britaniyanın Səhiyyə naziri Matt Hancock

Matt Hancock deyib ki, Molly-nin ölümü barədə xəbər onu "dəhşətə " gətirib və "gənclərin qorunması ilə bağlı" addımların atılması barədə düşündürür.

Twitter, Snapchat, Pinterest, Apple, Google və Instagram-ın sahibi olan Facebook-a göndərdiyi məktubunda nazir bu şirkətlər tərəfindən artıq atılan addımları "alqışlaıyaraq", qeyd edib ki, "təcili olaraq daha çox işlər görülməlidir ".

Bu barədə daha geniş