Mariah Carey-ə çağırış: Səudiyyədə konsertini təxirə sal

Pop ulduz Mariah Carey Fotonun müəllifi Reuters
Image caption Pop ulduz Mariah Carey cümə axşamı Səudiyyədə konsert verməlidir

ABŞ pop-ulduzu Mariah Carey cümə axşamı Səudiyyə Ərəbistanında DJ Tiesto və Sean Paul ilə birgə konsert verməlidir.

Bu konsert Mariah Carey-nin krallıqda verəcək ilk konsertidir.

Lakin Səudiyyə Ərəbistanında geniş yayılmış insan haqları pozuntusu hallarına görə, ilk növbədə, qadın haqlarının müdafiəsi üzrə fəallar Carey-ni Səudiyyədə konsertini təxirə salmağa çağırıblar.

Liberallaşma

Səudiyyə Ərəbistanında, Mariah Carey-nin konserti Məhəmmməd bin Salmanın dünyada reklam elətdirməyə çalışdığı liberal gündəminin mirvarisi kimi görünür.

Son dövrlərdə Səudiyyədə ilk dəfə olaraq ictimai kinoteatrlar açılıb, ötən ilin dekabrında Enrique Iglesias-dan tutmuş Black Eyed Peas qrupuna qədər tanınmış artistlər krallıqda konsertlə çıxış ediblər.

Lakin qadınların başçılıq etdiyi CodePink adlı hüquq müdafiəçiləri qrupu Mariah Carey-nin konsertinin qarşısını almaq üçün petisiya tərtib edərək ictimaiyyətdən bu sənədi imzalayaraq Səudiyyə Ərəbistanını boykot etməyə xahiş edib.

"Səudiyyə Ərəbistanındakı Kral Abdulla adına İqtisadi şəhərcikdə beynəlxalq qolf turnirilə bağlı tədbirə qatılmaqla onların hərbi cinayətlərinin, qadın, jurnalist və səsini ucaldanlara qarşı repressiyaları ört-basdır etməyə kömək edəcəksəiniz", - Mariah Carey-ə ünvanlanmış petisiyada deyilir.

CodePink davam edir: "Səudiyyə Ərəbistanında qadınlara bu yaxınlarda avtomobil sürmək haqqı verilsə də, bunun uğrunda mübarizə aparmış bir sıra cəsur qadınlar həbs olunub, həbsxanaya atılıb və işgəncəyə məruz qalıblar ".

Fotonun müəllifi Reuters
Image caption Səudiyyə Ərəbistanı etiraf edib ki, jurnalist Camal Kaşıkçı (Jamal Khashoggi) İstanbuldakı konsulluqda qəddarcasına öldürülüb

Təşkilat bildirir ki, repressiv sistem şəraitində, Səudiyyə qadınları səyahət etmək, təhsil almaq, pasport əldə etmək, evlənmək və bu kimi digər hallarda "kişilərdən icazə almalıdırlar".

İnsan haqları

Bu yaxınlarda, ailəsindən qaçdığını bildirən Rahaf Mohammed al-Qunun adlı səudiyyəli yeniyetməyə Kanada sığınacaq verib.

Səudiyyə rejimi 2018-ci ilin oktyabrında İstanbulda Səudiyyə konsulluğunda jurnalist Camal Kaşıkçının (Jamal Khashoggi) qətlinə görə də ciddi tənqidə məruz qalıb.

Digər ziddiyyətli məsələ Səudiyyə hökumətinin Yəməndə üç ildir ki, apardığı müharibədir.

Save The Children xeyriyyə təşkilatının bildirdiyinə görə, bu müharibə nəticəsində Yəməndə 5 yaşınadək 85 min uşaq acından ölüb.

Fotonun müəllifi Getty Images
Image caption Lana Del Rey-in Instagram-da 12 milyon izləyicisi var

Israil diqqət mərkəzindədir

Hadisələrin son inkişafından əvvəl boykot kampaniyası iki aparıcı ifaçını - Yeni Zelandiya müğənnisi Lorde-ni və ABŞ ulduzu Lana del Rey-i İsraildə konsertlərini təxirə salmağa məcbur etmişdi.

Kampaniya təşkilatçıları Fələstinlə rəftara görə İsraili boykot etməyə çağırmışdılar.

Lana Del Rey son anda İsrailin şimalında keçirilən Meteor festivalında çıxışını təxirə salmışdı.

Grammy mükafatçısı olan Lorde 2018-ci ildə fələstinlilərin müdafiəsi üzrə pərəstişkarlarının sosial media kampaniyasından sonra Tel Əvivdəki konsertini təxirə salmışdı.

Bu həftə bir sıra britaniyalı məşhurlar, o cümlədən dizayner Vivienne Westwood, musiqiçi Peter Gabriel və kinorejissor Mike Leigh BBC-ə məktubla müraciət edərək may ayında İsraildə keçiriləcək Eurovision-2019 mahnı müsabiqəsini işıqlandırmamağa çağırıblar.

"Eurovision əyləncəli tədbir olsa da, insan hüquqları kontekstindən kənar dura bilməz və biz İsrail tərəfindən fələstinlilərin insan haqlarının sistemli şəkildə pozulmasını nəzərə almaya bilmərik", - məktubda deyilir.

Fotonun müəllifi Getty Images
Image caption Avstraliyalı ulduz Nick Cave deyir ki, artistlər tərəfindən İsrailin boykotu "rəzil və utandırıcıdır"

"Utandırıcı boykot"

Boykot kampaniyasının müəyyən müvəffəqiyyətinə baxmayaraq, ifaçıların heç də hamısı siyasətə görə qastrollarını təxirə salmaq niyyətində deyillər.

2017-ci ilin noyabrında avstraliyalı ulduz Nick Cave İsrailin mədəniyyət adamları tərəfindən boykotunu "rəzil və utandırıcı" adlandırıb.

"Mən İsrail hökümətini dəstəkləmirəm, amma konsert vermək qərarımın həmin hökumətin siyasətinin dəstəyi kimi qiymətləndirilməsini qəbul etmirəm", - Cave yazaraq bildirib ki, onun özü xeyriyyəçilik edərək fələstinpərəst fond üçün $200000 pul toplayıb.

2017-ci ilin iyulunda Radiohead qrupu da Tel Əvivdəki konsertini təxirə salmayıb.

Qrupun aparıcı ifaçısı Thom Yorke deyib: "Ölkədə konsert vermək hökuməti dəstəkləmək demək deyil. Biz Netanyahunu Trump-dan çox dəstəkləmirik, amma Amerikada konsertlər veririk".

Bu barədə daha geniş