Endometrioz nədir?

İnsan

Statistikaya görə, qadınların təxminən 10 faizi bu üzücü dərəcədə ağrı verən xəstəliyə məruz qala bilər. Amma endometrioz adlı bu xəstəlik kifayət qədər öyrənilməyib və başa düşülməyib - odur ki, çarəsi də, hələlik, tapılmayıb.

Məqalə müəllifi Aimée Grant Cumberbatch yazır ki, onun ağrılı aybaşıları 14 yaşında ikən ilk dəfə başlayıb.

Məktəbə gedəndə, bədəninə isidici sarğı edib gedirdi ki, bəlkə, ağrıya belə dözə bilər. Bu, bəzən kömək edirdi, lakin bəzən də tibbi otağa gedib, ağrıdan qıvrılaraq yataqda uzanırdı. Həkim də nə təklif edəcəyini bilmirdi, çünki appendisiti bundan əvvəl artıq kəsilib götürülmüşdü.

10 il ağrılardan sonra nəhayət ona endometrioz diaqnozu qoyulub. Amma həkimlə söhbətdən məlum olub ki, bu xəstəlik yaxşı öyrənilməyib, müalicəsi çətin olmaqla yanaşı ömür boyu uzana bilər.

Ginekoloji xəstəlik olan endometrioz uşaqlıq orqanının daxili divarını örtən toxumaların uşaqlığın daxili hissəsindən xaricdə əmələ gəlməsilə səciyyələnir.

Bu cür toxumalar uşaqlıq borularında, çanaq nahiyəsində, bağırsaqlarda aşkar edilə bilər. Bəzi nadir hallarda isə bu toxumalar hətta ağciyər, göz və beyində ola bilər. Onların bədəndə heç vaxt aşkar edilmədiyi yeganə yer dalaqdır.

Xəstəliyin simptomları isə özünü kəskin əzabverici ağrı, çanaq nahiyəsində ağrı, yorğunluq və ağır keçən aybaşı ilə göstərir.

Fotonun müəllifi BBC/Alamy

Dünya boyu təxminən 176 milyon insan endometrioz xəstəliyinə məruz qalıb.

10 ölkə üzrə keçirilmiş bir tədqiqatın nəticələrinə görə, endometrioz hər bir xəstəyə ildə €9,579 məbləğdə səhiyyə xərcləri deməkdir. Bu xəstəlik sağlamlığa, nəsilartırma funksiyasına, həyat keyfiyyətinə mənfi təsir göstərir, sonsuzluğa gətirib çıxarır.

"Kəskin ağrılar mərkəzi sinir sisteminə təsir edərək insanı başqa xroniki ağrılara qarşı həssas edə bilər", - Oxford Universitetinin elmi əməkdaşı Katy Vincent deyir.

Fotonun müəllifi @Alamy

Qadınlarda endometrioz özünü çanaq nahiyəsində, səbəb olmadan, kəskin ağrı ilə bildirir.

Bu xəstəliyin yalnız qadınlarda və aybaşı ilə əlaqəli olması faktı isə bu xəstəliyin müəmmasını artırır.

Qədim köklər

Hesab olunur ki, endometrioz mikroskop vasitəsilə 1860-ci ildə çex alimi Karl von Rokitansky tərəfindən aşkar edilib.

Lakin bu xəstəliyi xatırladan simptomların təsviri qədim zamanlara gedib çıxır.

Belə ki, endometriozu çox vaxt "isteriya" ilə əlaqələndiriblər. Tibbi ədəbiyyatda çanaq nahiyəsi ağrılarının təsviri göstərib ki, "isteriya" sayılan əslində endometrioz simptomu ola bilərmiş.

"Qədimdə, qadının, bükülərək qarnını tutub yerə yıxılmasını isteriya tutması adlandırıblar. Amma bu simptomlar kəskin ağrıya reaksiyanı xatırladır", - tədqiqatda qeyd olunur.

Fotonun müəllifi BBC/Getty

Müasir tibb elminə endometrioz haqqında məlum olan faktlar çox azdır. Xəstəliyin səbəbi məlum deyil, mualicəsi yoxdur. Dəqiq diaqnozun qoyulması 10 ilədək uzana bilər.

Dəqiq diaqnoz yalnız cərrahiyyə yolu ilə - laparosksopiya üsulu ilə - müəyyən oluna bilər.

31 yaşlı Alice Bodenham deyir ki, endometrioz diaqnozunu düzgün qoyan bir nəfər də olsun həkim xatırlamır.

"Deyirdilər ki, bu "normal haldır" və ya "siz şişirdirsiniz". Bir dəfə UZI keçirilərkən, kəskin ağrı hiss etdim Həkimə bu barədə dedim. Sonradan analizin nəticələri gələndə, həkimin "xəstə yüngülcə diskomfort keçirib" qeydini yazdığını gördüm", - Alice xatırlayır.

Fotonun müəllifi @BBC/Alamy

Endometrioz diaqnozu qoyulan 2600 qadından təxminən yarısı həkimlərə ən azı 10 dəfə müraciət etdikdən sonra bu xəstəlik üzrə ixtisaslaşan həkimə göndəriş ala biliblər.

Alice Bodenham ona düzgün diaqnoz qoyulanadək, ağrıdan bir neçə dəfə huşunu itirib.

24 yaşlı Caitilin Conyers tibbi ədəbiyyat oxuyaraq diaqnozunu az qala özü müəyyən edib.

"Mənim endometrioz diaqnozum" gündəliyini aparan Caitilin yazır ki, "həkimlərə qarın nahiyəsinin aşağı hissəsində kəskin ağrıları təsvir etsə də, həkimlər bunun endometrioz olmadığını deyirdilər".

Fotonun müəllifi @BBC/Alamy

Hətta UZI keçirilən zaman həkimlər heç də həmişə endometrioz diaqnozunu dəqiq müəyyən edə bilmirlər. Bu mövzuda təşkil edilən forumlarda qeyri-dəqiq UZI nəticələrinə dair xeyli sayda əhvalatlarla tanış olmaq mümkündür.

Qadın fiziologiyasının müzakirəsi ətrafında çoxsaylı qadağalar, xəstələrin bu məsələdə kifayaət dərəcədə məlumata malik olmaması düzgün diaqnozun qoyulmasını əngəlləyir.

Fotonun müəllifi BBC/Alamy

Xeyriyyə təşkilatlarının xəttilə endometrioz xəstələrinə dəstək məqsədilə keçirilən kampaniyalar çərçivəsində bu xəstəliklə bağlı maarifləndirmə işi getdikcə genişlənir və bu istiqamətdə görülən səylər artıq öz bəhrəsini verməyə başlayıb.

2017-ci ildə Avstraliya höküməti "Endometriozla mübarizə milli planını" təsdiqləyib.

Endometrioz ilkin tibbi yardım göstərən mütəxəssislərin hazırlanması proqramına daxil olunub.

Müalicəsi qəlizdir

Hətta diaqnoz düzgün qoyulanda belə, müalicə zamanı həkim səhvə yol verə bilər.

Fotonun müəllifi BBC/Alamy

Bəzi həkimlər xəstələrinə deyir ki, endometriozdan xilas olmağın ən yaxşı yolu hamiləlikdir.

Nəzərə alınsa ki, bu xəstəlik sonsuzluğa gətirib çıxara bilər, belə məsləhətin verilməsi, azından, məntiqsiz görünür.

Bu arada isə, misal üçün, yazıçı Lena Dunham problemi histerektomiya (uşaqlığın kəsilib götürülməsi) yolu ilə həllini təklif edir.

Lakin bu cür radikal üsul mübahisəlidir, çünki, endometrioz uşaqlığın xaricindəki toxumaları zədələyir və uşaqlığın kəsilib götürülməsindən sonra problemin aradan qalxmayacağını istisna etmək mümkün deyil.

Endometrioza estrogen hormonu təsir etdiyindən, bu xəstəliyin hormonlarla müalicəsi üsulu daha geniş yayılıb.

Lakin hormonlar xəstəliyi yalnız tənzimləyir, onu müalicə etmir, digər tərəfdən, hormonlar, misal üçün, depressiya kimi fəsadlara da gətirib çıxara bilər.

Fotonun müəllifi BBC/Academy

Mümkün müalicə üsullarından biri tibbi yolla xəstədə süni klimaks vəziyyəti yaratmaqdır.

Lakin bu, uzunmüddətli olanda qadınların və ilk növbədə gənc qadınların sümüklərinin sıxlığına mənfi təsir göstərir.

Bu üsulun daha bir mənfi fəsadı isə süni klimaksın gerçək klimaksa gətirib çıxarması təhlükəsidir.

Digər bir imkan - ağrıkəsicilərdən istifadə etməkdir, amma bu üsul xəstəni sağaltmır, yalnız simptomları müvəqqəti olaraq aradan qaldırır.

Fotonun müəllifi BBC/Academy

Lakin ümidlər yaşamaqdadır. Xəstəliklə əlaqədar maarifləndirmə işə getdikcə sürət almaqdadır, həkimlər xəstələrin qarın nahiyəsindəki ağrı barədə şikayətlərə daha diqqətli yanaşmağa öyrədilir.

Hələliksə, çanaq nahiyəsində kəskin ağrı sindromundan əziyyət çəkən qadınlar hormonal müalicə kursu ilə cərrahiyə müdaxiləsi arasında heç də asan olmayan seçim etməli olurlar.

Bu barədə daha geniş