Shamima Begum-un İD üzvü olmuş əri: "Biz Hollandiyada yaşamalıyıq"

Yago Riedijk və Shamima Begum
Image caption Yago Riedijk 23 yaşında Suriyada 15 yaşlı Shamima Begum-la evlənib

2015-ci ildə 15 yaşında olarkən İŞİD qrupuna qoşulmuş Shamima Begum-un 27 yaşlı hollandiyalı əri bildirib ki, o, arvadının onunla birgə Hollandiyaya dönməsini istəyir.

Yago Riedijk və Shamima Begum, özünü İslam Dövləti (İD) adlandıran qrupun nəzarət etdiyi ərazidə, Shamima ora gələndən bir neçə gün sonra evləniblər.

BBC-yə danışan Yago Riedijk İD tərəfində döyüşdüyünü etiraf edib və deyib ki, indi arvadı və yeni doğulmuş oğlu ilə evə qayıtmaq istəyir.

27 yaşlı Yago Riedijk Suriyanın şimal-şərqində, kürdlərin nəzarət etdiyi əsir düşərgəsində saxlanılır.

Hollandiyaya qayıdacağı təqdirdə, ona 6 illik həbs cəzası kəsilə bilər.

BBC-yə müsahibəsində Riedijk deyib ki, o, İD-dən üz döndərib və bu qrupu tərk etməyə cəhd göstərib.

Onun sözlərinə görə, o, Raqqa-da həbsdə saxlanılıb və ekstremistlər onu Hollandiya casusu olmaqda ittiham ediblər.

Yago Riedijk-in və Shamima Begum-un körpə qızı, onlar İD-nin nəzarət etdiyi ərazidə yaşaqıları dövrdə acından ölüb.


"Ona deyin ki, mən onu sevirəm"

BBC-nin Yaxın Şərq müxbiri Quentin Sommerville

O, kürdlərin nəzarət etdiyi əsir düşərgəsinin soyuq bir otağında qarşımda oturub. Nəzarətçilər onun buxovlanmış əllərini qandaldan təzəcə azad ediblər.

O, məndən xahiş edir ki, Shamima-nı görsəm, ona deyim ki, əri onu sevir və gözləyir.

"Ümid edirəm ki, tezliklə yenidən bir yerdə olacağıq və hər şey qaydasına düşəcək", - o deyir.

Lakin bunun yaxın gələcəkdə baş verəcəyinə inanmaq çətindir.


Hazırda 19 yaşı olan Şamima Begum yeni doğulmuş oğlu və İD döyüşçüsü olan ərilə Suriyanın şərqində İD "xilafəti" dağıldıqdan sonra bir qrup Suriya döyüşçüsünə təslim olublar.

Yago Riedijk eləcə də BBC-yə deyib ki, 23 yaşında 15 yaşlı Shamima Begum-la evlənməkdə bir qəbahət görmür, çünki bu Shamimanın "özünün seçimi olub".

Fotonun müəllifi Met Police
Image caption Shamima Begum Londonun Gatwick aeroportunda - fevral 2015

Shamima Begum Britaniyanı 2015-ci ilin fevralında 15 yaşlı Amira Abase və 16 yaşlı Kadiza Sultana ilə birgə tərk edib. Güman olunduğuna görə, Kadiza Sultana 2018-cı ildə hava zərbəsi nəticəsində həlak olub.

Britaniya höküməti Shamima Begum-u vətəndaşlıqdan məhrum edib.

Britaniya DİN-i bildirb ki, Shamima Begum-un anası Banqladeş vətəndaşı olduğundan, ona Banqladeşdən vətəndaşlığı düşür.

Lakin Banqladeş XİN-i bu iddianı sual altına alaraq vurğulayıb ki, Shamima Begum Banqladeş vətəndaşı deyil və ona Banqladeşə giriş üçün icazə verilməyəcək.

Ötən ay Shamima Begum-un ailəsi Britaniya Daxili İşlər nazirinə bildirib ki, Shamima-nı vətəndaşlıqdan məhrum etmək qərarından məhkəməyə şikayət etmək niyyətindədirlər.

BBC-nin gördüyü məktubda Shamima Begum-un bacısı Renu qeyd edib ki, ailəsi Shamimanı "ata bilməz" və onun təzəcə doğulmuş körpəsinin Britaniyaya gətirlməsinə kömək göstərmək xahiş olunub.

Bu barədə daha geniş