İŞİD-in ana-atasız qoyduğu Həmzə: Mənim axırım necə olacaq?

Həmzə İŞİD-in yetim qoyduğu uşaqlardan biridir. Bundan sonra hara gedəcəyi məlum deyil.
Image caption Həmzə İŞİD-in yetim qoyduğu uşaqlardan biridir. Bundan sonra hara gedəcəyi məlum deyil.

Həmzə Casim el-Əlinin kiçik və qorxulu bir dünyası var. 12 illik həyatı boyu Fərat çayının sahillərindən cəmi 40 km uzaqlaşıb.

İraqın Əl-Qaim şəhərindən başlayan həyat yolu indi onu "İŞİD xilafəti" kabusunun ən qaranlıq yerinə gətirib çıxarıb. 12 yaşındakı uşaq dözə bilməyəcəyi qədər çox ölüm görüb.

İndi o, kiçik dünyasının mərkəzi olan çaydan çox uzaq bir səhrada, küləklərin silkələdiyi çadırın içində, onu heç tanımayan yaşlı bir qadınla yaşayır.

İŞİD-in nəzarəti altında yaşamağın necə olduğunu soruşuram.

Gülümsəyir, "Yaxşıydı" deyir.

"Yemək azı idi, su az idi, toqquşmalar vardı. Çox ağır toqquşmalar vardı".

"Hələ də İŞİD-i sevirsənmi?" soruşuram. "Yox. Bu qədər pislik edəndən sonra niyə sevim ki?", deyir.

Həmzə İŞİD-in ana-atasız qoyduğu uşaqlardan biridir. Atası bu təşkilata qoşulanda bütün ailəsini də özüylə bərabər aparmışdı. İŞİD-ə qarşı beş ay əvvəlki hava hücumunda ölüb, Həmzənin anası, bacıları və qardaşlarıyla birlikdə.

İŞİD milyonlarla insana zərər verib. İraqda, Suriyada və Liviyada onları qorxudaraq evlərini tərk etməyə məcbur edib.

BMT İŞİD-in yezidi kürdlərinə qarşı zorakılığını soyqırım adlandırıb.

Bu təşkilat təkcə düşmənlərinə yox, öz üzvlərinə də zülm verib.

Image caption Qadınlar və uşaqlar qaçqın düşərgələrinə yerləşdirirlir.

Sülh sazişinə görə 6 mindən çox qadın, uşaq və yaralı döyüşçü İŞİD-in zəbt etdiyi əraziləri tərk edib.

İŞİD-in "genişlənən xilafət" xülyası Bağuz kəndindəki bərbad bir düşərgədə sona çatıb.

İŞİD ərazilərini tərk edənlər boş bir çöllüyə yığışıblar. Burada onları qeydiyyata alıblar. Çölün çox sərt havası var, gələnlərin çoxu xəstədir, insanlar tualet ehtiyaclarını açıq havada qarşılayırlar.

Bir müddət qalandan sonra onların çoxunu Haseke şəhəri yaxınlığında yerləşən Əl Havl kəndindəki düşərgəyə aparırlar.

Image caption Yiyəsiz əşyalar səhraya səpələnib.

Mən çadırda Həmzəylə söhbət edəndə bayırda acı bir səssizlik vardı. Hələ ki, bu gün düşərgəyə yeni "İŞİD qaçqınları" gəlməyib. Dünən gecə gələnləri mal-qara daşıyan yük maşınlarına mindirib Əl Havl kəndinə aparacaqlar.

Qadın və uşaqların hamısı qadın döyüşçülər tərəfindən yoxlanır. Amma barmaq izlərinin götürülüb-götürülmədiyi və ya şəkillərinin çəkilib-çəkilmədiyi bilinmir.

Yaralı kişilərinsə şəkilləri çəkilir, biometrik məlumatları toplanır. Bundan sonra onları düşərgəyə göndərirlər. Hər hansı cinayət əməli törədib-törətmədikləri barədə sorğu-sual məhdud çərçivədədir.

Kürd döyüşçülərin bu insanları nə qədər saxlayacaqları məlum deyil. Bəzi kişilər bir neçə ay sonra azad olunmağı gözlədiklərini deyirlər.

Image caption Son həftələrdə minlərlə insanın İŞİD ərazilərindən qaçdığı bildirilir.

Qaçqınlardan biri deyir ki, Hələbdə dayə işləyib. Qeydiyyat yerində söhbət etdiyim bu şəxs saxlama müddətini başa vurub əzizlərinin yanına gedəcəyini söyləyir: "Ailəmlə, anamla birlikdə yaşayacam. Ən yaxşısı budur".

Bir başqası - Əbubəkr əl Ənsari isə heç peşman deyil: "Bütün müsəlmanlar bu işin bitməsinə kədərlənəcəklər, çünki ayrıca bir dövlətlərinin olmasını özləri istəyirdilər. Digər müsəlman ölkələrində azad şəkildə ibadət edib rahat yaşaya bilməyəcəklər" deyir.

Az sonra hər ikisini kürdlərin nəzarəti altındakı düşərgəyə aparırlar.

Çölün ortasında yiyəsiz əşyalar tapıram: düşərgə tonqalında yandırılmış, parçalanmış mobil telefonlar, iki hissəyə parçalanmış USB naqilləri və s.

Image caption Əşyalar arasında izçi qızların şəkilləri də var.

Şəkillər də vardı tapdıqlarımın arasında - bir izçi qrupundan biri başıbağlı olmaqla, dörd gənc qızın şəkli. Görəsən, bu qızlardan hansı Əl Havl düşərgəsinə gedib?

Çirkli uşaq bezləri, boş konserv qabları arasında bir də bir ailəyə aid sənəd vardı - kosovalı bir ailəyə. Ata İŞİD-də yüksək post tuturmuş. Amma bu başqa mövzudur…

Bu tərk edilmiş dağınıqlığın içində "möhürlənmiş" - üstü insan nəcisilə örtülmüş yaddaş diski də var.

Burdakı qadınların çoxu özləri istədikləri üçün yox, təlimat verildiyi üçün İŞİD-i tərk ediblər. Bəziləri hələ də ərlərinin hərbi bel çantasını daşıyır.

Sanki düşmənlərinin, kürdlərin və Qərb koalisiyasının hələ də onlar haqqında bir fikirləri olmasını istəyirlər. Türkiyədən, İraqdan, Çeçenistandan, Rusiyadan, Dağıstandan olan qadınlarla söhbət etdim. Bəziləri hələ də Bağuzda son döyüşü gözləyən ərləriylə görüşmək istəyir. Çoxu İŞİD fanatı olaraq qalmaqdadır.

Image caption Əcnəbi döyüşçülərin və onların uşaqlarının taleyi hələ də müəmmalıdır.
Image caption Qadınların çoxunun əri Bağuzda qalıb.

Bənövşəyi çərçivəli eynəyi, ləkəli çadrası olan tunisli-kanadalı qadın adının Umm Yusif olduğunu deyir. Fəsdən olan yoldaşı öldürülüb.

Amma mümkündür ki, Umm Yusif İŞİD nəzarətindəykən başqasıyla da evləndirilib. O, heç peşman olmadığını və İŞİD-dən çox şey öyrəndiyini deyir:

"Allah sınamaq üçün bizi yeməksiz, pulsuz, evsiz qoydu. Amma indi xoşbəxtəm, bəlkə bir-iki saat istədiyim qədər su içə biləcəm".

İngiltərə və koalisiya üzvü olan digər ölkələr kürdlərin "İŞİD qaçqınlarını" saxlamaqda davam etməsi üçün onlara təzyiq göstərir. Kürdlərsə qaçqınların getməsini istəyirlər.

Gecə çöllüyə daha çox qadın gəlir. Uşaqların bəziləri ağlayır, bəziləri isə səssizcə ətrafda baş verənlərə baxırlar.

Kameranın işıqlarını onlara çevirib sual verəndə səhra tozuna bulaşmış başlarını aşağı salıb heç nə demirlər.

Daha əvvəl heç bir mərhəmət hissi olmayan bu qrup indi mərhəmət axtarır.

Təxminən 200 qadın və uşağın olduğu qaranlıq yerdən iraqlı bir qadın çıxıb mənə yaxınlaşır, "Gözünün qabağındakı uşaqları görmürsənmi" deyə soruşur:

"Ağrılarını hiss etmirsənmi? Bombalarla paramparça olan yaşlı qadınların, kişilərin ağrısını hiss etmirsənmi? Bəs, hava hücumları vaxtı ölən uşaqların ağrısını? Sən insansan, biz də insanıq. Mənim ağrımı hiss etmirsənmi, qardaşım?"

Image caption Yaralı bir döyüşçü: "İŞİD-dən əsər-əlamət qalmayıb".

Sıxlığın arasında bir tibb mərkəzi də var. "Free Burma Rangers" adlı yardım qurumu tərəfindən idarə olunur.

Həkimlərdən biri kaliforniyalı Paul Brady-dir. O, İŞİD-dən gələnlərin sayı çoxaldıqca, müalicə etdikləri yaralıların da sayının dəyişdiyini deyir:

"Təxminən 10 gün əvvəl güllə izinə oxşayan yaralar görürdük. Qaçdıqlarına görə vurulduqlarını deyirdilər. Amma artıq belə yaralar az olur. İndikilər hava hücumlarının və hava toplarının açdığı yaralara oxşayır".

"Yaralıların olduğu yerdən çox pis iy gəlir... Müalicə edilməmiş yaralar zamanla çürüməyə başlayırlar".

Zamanla bu çölə insan axını azalmalıdır. Bağuzda isə son bir döyüş olacağı gözlənir. Səhrada söhbət etdiyimiz insanlar orada hələ də minlərlə İŞİD döyüşçüsünün olduğunu deyir.

İŞİD-in yetim qoyduğu Həmzə isə 5 həftə əvvəl minaya basaraq yaralanıb. Deyir ki, qırılan ayağının vəziyyəti indi nisbətən yaxşıdır.

Getməyə hazırlaşanda Həmzə məni saxlayır, bir şey soruşmaq istədiyini hiss edirəm, amma bu dəfə üzündə təbəssüm yoxdur.

"Mənim axırım necə olacaq?" deyə soruşur.

Bu suala heç bir cavabım yoxdur… İraqın onu bir də heç vaxt geri buraxmayacağını Həmzəyə deyə bilməzdim. Yəqin ki, burdakı hər kəs kimi onu da Əl Havl düşərgəsinə göndərəcəklər.

Kürd döyüşçülərin və həkimlərin qaldığı mərkəzə Həmzə üçün şirələr, şokolad və banan qoydum.

Sonrakı gün ora gələndə Həmzə artıq getmişdi. Onun bir gün əvvəl oturduğu yerdə başqa xəstə və yaralılar vardı.

Bu barədə daha geniş