Britaniya: Deputatlar yenilənmiş Brexit müqaviləsini rədd edib

Britaniya parlamenti

Britaniya parlamentində deputatlar yenilənmiş Brexit müqaviləsinin əleyhinə səs verib.

Hökümət 149 səs fərqlə məğlub olub. 391 səs müqavilənin əleyhinə, 242-si ilə lehinədir.

Baş nazir Theresa May deputatların hazırki seçiminə görə "təəssüf edir".

O, deputatlara deyib ki, sabah Britaniyanın Avropa İttifaqını müqaviləsiz tərk etməsinə dair debat keçiriləcək.

Theresa May bu debatda Aİ-ni müqaviləsiz tərk etməyə səs verəcəyini və İcmalar Palatasını da belə səs verməyə çağıracağını deyib.

Hərçənd ki, o belə bir addımın "potensial zərərindən" narahat olduğunu da dilə gətirib.

Anlaşmanın ilkin variantı yanvarın 15-də parlamentin səsverməsinə çıxarılıb, lakin həmin variant 432 səs əleyhinə, 202 səs lehinə nəticəsilə rədd edilib.

Hazırki şərtlər altında Britaniya Avropa İttifaqından üç həftədən sonra ayrılmalıdır.

Səsvermə

Gün ərzində Baş Nazir Theresa May-in Brexit müqaviləsi Britaniya parlamentinin aşağı palatasında müzakirə olunub.

Səsvermə Bakı saat ilə axşam 11:00-da başlayıb və təxminən 15 dəqiqə davam edib.

Fotonun müəllifi PA

Parlament üzvləri nəyə səs veriblər?

Baş nazir Theresa May və onun komandası iki ildir ki, Brüssellə Brexit-in şərtlərini müzakirə edirlər.

Parlament üzvləri bu səsvermədə müqaviləni rədd ediblər.

Bugünkü səsvermə niyə həlledici idi?

Parlament müqaviləni rədd etsə iki mümkün variant ola bilər:

  • Britaniya Aİ-nı martın 29-da müqaviləsiz tərk edir.
  • Brexit təxirə salınır, yəni Aİ-dən ayrılma tarixi uzadılır.

Theresa May-in təklif etdiyi müqavilə parlament tərəfindən qəbul olunsa Britaniyanın Aİ-dən ayrılma prosesi martın 29-da başlayacaq. Ayrılma prosesinin keçid dövrü isə 2020-ci ilin dekabrınadək davam edəcək.

Keçid dövrü müddətində London və Brüssel Britaniya ilə Aİ arasında gələcək münasibətlərin və əməkdaşlığın əsaslarını işləyib hazırlamalıdır.

Müzakirə ediləcək məsələlər, o cümlədən ticarət müqaviləsini və İrlandiya Respublikası ilə Şimali İrlandiya arasında sərhədin tənzimlənməsini də əhatə edir.

Fotonun müəllifi Getty Images

İlk anlaşma mətni nəyə görə rədd edildi?

Baş nazir Theresa May-in Brexit müqaviləsinin ilkin variantı yanvarın 15-də parlamentin səsverməsinə çıxarılıb, lakin həmin variant 432 səs əleyhinə, 202 səs lehinə nəticəsilə rədd edilib.

Beləliklə, Baş nazir Theresa May-in höküməti Britaniyanın siyasi tarixində özünəməxsus bir rekord qırıb: Britaniya parlamenti tarixində heç bir hökümət bu dərəcədə böyük səs fərqilə hələ məğlub olmamışdı.

Həmin məğlubiyyətin əsas səbəbi "backstop" adı almış Şimali İrlandiya ilə İrlandiya Respublikası arasında sərhəd rejiminin Brexit müqaviləsinin mətnində qeyri-müəyyən halda qalması olub.

Ötən axşam Strasbourg-a yollanan Thersa May bildirib ki, bu dəfə "backstop"-la bağlı Aİ-dən hüquqi təminatlar alıb.

Belə ki, "backstop" problem ilə bağlı verilmiş təminatlar Aİ tərəfindən pozulacağı təqdirdə, Britaniya Brüssələ qarşı hüquqi müstəvidə iddia irəli sürə bilər.

İkinci təminat müştərək siyasi bəyanatın mətnilə bağlıdır. Həmin mətndə tərəflər 2020-ilin dekabrınadək Şimali İrlandiya ilə İrlandiya Respublikası arasında sərhəd rejimi problemini çözmək əzmində olduqlarını bildiriblər.

Anlaşma yenidən rədd edilsə nə olacaq?

Baş nazir bundan əvvəl söz verib ki, onun Brexit müqaviləsi variantı parlament tərəfindən rədd olunarsa, o zaman Aİ-dən müqaviləsiz ayrılma məsələsi səsverməyə qoyulacaq.

Brexit müqaviləsi parlamentdə bu gün rədd edilsə, bu məsələyə dair səsvermə çərşənbə axşamı keçiriləcək.

Müqavilə parlament tərəfindən qəbul olunsa, Britaniya martın 29-da Aİ-ni müqaviləsiz tərk edə bilər.

Lakin parlament müqaviləsiz Brexit-i rədd etsə, onda Britaniya Aİ-dən Brexit üçün əlavə vaxt, yəni vaxtın uzadılmasını xahiş edə bilər.

Həmin məsələyə dair səsvermə Britaniya parlamentində cümə axamı keçirilə bilər.

Aİ-dən ayrılmaq üçün bugünkü səsvermə son şansdırmı?

Bugünkü səsvermə Theresa May-in son şansı olmaya bilər. Anlaşma mətni cüzi fərqlə parlament tərəfindən rədd edilərsə, May Aİ-dən qısa müddətli möhlət istəyə bilər.

Bir və ya iki ay çəkəcək bu vaxt möhləti ərzində hökümət müqavilənin əleyhinə səs vermiş parlament üzvlərilə iş aparıb onları anlaşmanın lehinə səs verməyə inandırmağa çalışa bilər.

Martın 21-22-də keçiriləcək Aİ sammitindən sonra Theresa May yenidən Brexit müqaviləsinin mətnini parlamentdə səsverməyə çıxara bilər.

Fotonun müəllifi PA

İkinci referendum ola bilərmi?

Əsas müxalifət partiyası olan Leyboristlərin lideri Jeremy Corbin aylarla sürən qeyri-müəyyənlikdən sonra bu yaxınlarda eyham vurub ki, onun partiyası ikinci referendumu dəstəkləyə bilər.

Ancaq Corbyn onu da qeyd edib ki, Leyborist partiyasının başlaca məqsədi ölkədə erkən seçkilərin keçirilməsinə nail olmaqdır.

Bu barədə daha geniş