Yeni Zelandiya: məscidlərə hücum edən silahlı şəxs "təkbaşına hərəkət edib"

Əl-Nur məscidinin qarşısı, 16 mart 2019 il, Christchurch, Yeni Zealandiya Fotonun müəllifi Getty Images

Yeni Zelandiyanın Christchurch şəhərində cümə günü iki məscidə hücum törətməkdə ittiham olunan kişi, güman edildiyinə görə, təkbaşına hərəkət edib, polis bildirib.

Özünü ağdərili şovinist kimi təqdim edən 28 yaşlı avstraliyalı Brenton Tarrant törətdiyi hücumu Facebook səhifəsində yanlı yayımlayıb.

Hadisədən sonra həbs olunmuş digər üç nəfərin hücumla əlaqəsi olmayıb, polis komissarı Mike Bush deyib.

Christchurch şəhərində hücum nəticəsində həlak olmuş 50 insanın xatirəsi yad edilib, ölənlərdən birinin nəşinin dəfn olunmaq üçün veriləcəyi gözlənilir.

Xəstəxanalara yerləşdirilmiş 34 nəfərin müalicəsi davam edir, onlardan bir neçəsinin ağır güllə yarası var.

Dördyaşlı qızın vəziyyəti kririkdir.

Həlak olanların nəşi çərşənbəyədək veriləcək

Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern bəyan edib ki, "silah haqqında qanuna dəyişikliklər ediləcək".

Bazar günü jurnalistlərə danışan Jacinda Ardern deyib ki, onun təbirincə, "terror aktının" qurbanlarının xatirəsi çərşənbə axşamı parlamentdə anılacaq.

O qeyd edib ki, həlak olanların nəşi ailələrinə çərşənbə gününədək veriləcək.

Jacinda Ardern deyib ki, hücumun canlı yayımı üçün istifadə edilən Facebook kimi sosial mediaların rolu ilə bağlı "cavablandırılmalı suallar var".

Onun sözlərinə görə, bu cür platformalar "geniş əhatəlidir" və bu problem "təkcə Yeni Zelandiya ilə bitmir".

Facebook bildirib ki, hücum hadisəsindən sonrakı 24 saat ərzində törədilmiş hücumu göstərən 1,5 milyon video bu platformadan silinib.

Jacinda Ardern təsdiqləyib ki, hücuma 9 dəqiqə qalmış onun ofisi şübhəlidən gəlmiş sənəd alıb, lakin həmin sənəddə məkanla bağlı konkret məlumatlar omlayıb.

O deyib ki, həmin sənəd iki dəqiqə ərzində təhlükəsizlik xidmətllərinə ötürülüb.

Bu barədə daha geniş