Çiy ətlə yemlənən itlər sahiblərini infeksiyaya yoluxdura bilər

İt Fotonun müəllifi Getty Images

Çiy ət və sümüklə yemlənən itlər bu cür yemin yüksək dərəcədə mikroblu olmasına görə sahiblərini infeksiyalı xəstəliklərə yoluxdura bilər, ekspertlər qeyd edir.

Tərkibində çiy ət, sümük və ya içalat olan yemi yedikdən dərhal sonra it sahibini yaladıqda həmin insana itdən yoluxucu infeksiyanın keçməsi riski yaranır, odur ki, belə hallarda it sahibləri itlərinə özünü yalamağa imkan verməməlidirlər, Veterinary Record nəşri xəbərdarlıq edib.

Ev heyvanları üçün hazırlanın və tərkibində çiy ət məhsulu olan yem son zamanlarda it sahibləri arasında sağlam pəhriz növü kimi populyarlaşmaqdadır.

Tədqiqatçılar İsveç, Norveç, Finlandiya, Almaniya və İngiltərədən 10 şirkətin ev heyvanları üçün 60 yem məhsulunu yoxlamadan keçiriblər.

Ev heyvanları üçün nəzərdə tutulan digər yeməklərdən fərqli olaraq, tərkibində pasterizasiyadan keçməmiş çiy ət məhsulu olan yeməklərdə yoluxucu xəstəlik yayan mikrobların olması ehtimalı daha yüksəkdir.

Yoxlamadan keçirilmiş 60 yem növünün hamısında Enterobakteriyalara aid olan mikroblar aşkar olunub.

Məhsulların 31-də (52%) bakteriyaların miqdarı Avropa İttifaqının müəyyən etdiyi hər qrama 5000 bakteriya səviyyəsindən daha çox olub.

Yoxlanılmış it yeməklərinin üçdə birində E. coli bakteriyası aşkar olunub, yeməklərdən dördü salmonellalı olub.

Britaniya Baytarlıq Assosiasiyasından Daniella Dos Santos deyib ki, "it sahibləri tərkibində çiy ət olan yemi itlərinə verməkdən əvvəl baytar həkimlə məsləhətləşməlidirlər".

Evdə saxlanılan itə çiy ət məhsulu verilərkən aşağıdakılar nəzərə alınmalıdır:

  • Çiy ət istifadə olunana qədər dondurulmuş halda olmalıdır
  • Soyuducudan götürülmüş ət məhsulunun donunun açılması maksimum 10C temperaturda keçirilməlidir
  • Ev heyvanlarına yem ayrıca verilməli, bunun üçün xüsusi ayrılmış qab olmalıdır, həmin qab sonradan yaxşıca yuyulmalıdır
  • Çiy ət məhsulundan bakteriyalar yaxınlıqdakı digər qida məhsullarına və mətbəx əşyalarına keçə bilər
  • Çiy ət yedikdən dərhal sonra itinizə sizi yalamağa icazə verməyin
  • Uşaq, yaşlı, zəif immunitetli adamlar olan ailələrdə saxlanılan itlərin yeminə çiy ət məhsulu əlavə olunmamalıdır.

Bu barədə daha geniş