Brexit: Theresa May-ə istefaya getmək təklif olunur

Theresa May Fotonun müəllifi EPA

Britaniyanın Baş naziri Theresa May özünün Brexit planına dəstək qazanmaq üçün vəzifəsindən gedəcəyini söz verməlidir, Mühafizəkar partiyasının yüksəkvəzifəli üzvləri BBC-yə bildiriblər.

Partiyanı parlamentdə təmsil edən deputatlar deyiblər ki, onlar Brexit-ə dair müqaviləni həvəssiz də olsa, dəstəkləyə bilərlər, lakin bir şərtlə ki, Avropa İttifaqı (Aİ) ilə danışıqların növbəti mərhələsinə Theresa May rəhbərlik etməsin.

Britaniyanın Maliyyə naziri isə qeyd edib ki, Baş nazir vazəfəsində dəyişklik etməklə məsələ həll olunmur, çünki söhbət "şəxsiyyətlərlə bağlı deyil".

Hökümət Theresa May-in istefa verməyə məcbur edilməsi barədə xəbərləri təkzib edib.

Bu arada Britaniya qəzetləri hökümət nazirlərinin Theresa May-i istefaya göndərmək məqsədilə iş gördüklərini yazıb.

Ötən çərşənbə günü, martın 20-də Britaniya parlamenti Theresa May-in hazırladığı Brexit planını rədd etdikdən sonra Baş nazir parlament üzvlərini təxribat törətməkdə ittiham edib.

Parlament səsverməsini uduzduqdan sonra Britaniyanın Baş naziri Avropa İttifaqına Brexit tarixini müəyyən müddətə təxirə salmaq xahişilə müraciət edib.

Nəticədə, Aİ liderləri Britaniyanın Avropa İttifaqından ayrılma tarixini martın 29-dan aprelin 12-ə keçirmək barədə qərar qəbul ediblər.

Bu zaman qeyd olunub ki, Theresa May-in Brexit planı gələn həftə Britaniya parlamenti tərəfindən qəbul edilərsə, Brexit üçün son tarix mayın 22-dək uzadıla bilər.

Şənbə günü, martın 23-də yüz minlərlə insan Londonun mərkəzində yürüşə çıxaraq Brexit-lə bağlı Britaniyada ikinci ümumxalq referendumunun keçirilməsini tələb ediblər.

Bu barədə daha geniş