Trump-Rusiya: Xüsusi prokuror Robert Mueller hesabatını təqdim edib

Composite image of Trump and Mueller Fotonun müəllifi AFP/Getty
Image caption Prezident Donald Trump (solda) xüsusi prokuror Robert Mueller-in (sağda) istintaqını bir "əcinnə ovu" adlandırıb

Xüsusi prokuror Robert Mueller Donald Trump-ın 2016-cə il prezident seçkisi komandasının Rusiya ilə sövdələşdiyi barədə ittihamlara dair hesabatını ABŞ ədliyyə nazirliyinə təqdim edib.

Ədliyyə nazirliyindən bir rəsmi cənab Mueller-in hesabatının yeni iddianamələrin hazırlanmasını tövsiyə etmədiyini bildirib.

Xüsusi prokuror indiyədək Donald Trump-ın altı keçmiş məsləhətçisi və onlarla Rusiya vətəndaşına qarşı iddianamələr hazırlayıb.

ABŞ Baş prokuroru William Barr hesabatın qısa məzmununu hazırlayaraq ABŞ konqresilə hansı məlumatları paylaşacağına qərar verəcəyini qeyd edib.

Konqresdəki partiya liderlərinə ünvanladığı məktubunda, cənab Barr hesabatın əsas tapıntılarını onlarla bu həftəsonu paylaşacağını bildirib.

Hesabat 22 ay əvvəl Baş prokuror müavini Rod Rostenstein tərəfindən xüsusi prokuror təyin olunduğundan indiyədək cənab Mueller-in verdiyi qərarları izah edəcək.

Cənab Trump və bəzi respublikaçı siyasətçilər Mueller-in istintaqından dəfələrlə şikayətlənərək onu bir "əcinnə ovu" olduğunu iddia ediblər.

Konqresdəki ədliyyə komitəsinin liderləri, senatorlar Lindsey Graham və Dianne Feinstein və konqresmenlər Jerrold Nadler və Doug Collins-ə ünvanladığı məktubunda, istintaq dövründə Ədliyyə Nazirliyinin cənab Mueller-in işinə heç bir maneəçilik yaratmadığını bildirib.

Cənab Barr, vəzifəsinə başladıqdan əvvəl istintaqı nəzarət edən Baş prokuror müavini Rod Rosenstein-lə məsləhətləşdikdən sonra konqres və ictimaiyyətlə hansı məlumatların paylaşaçağına qərar verəcəyini qeyd edib.

"Mən hələ də mümkün olduqca şəffaf olmağa və rəyimin statusunu barədə sizi məlumatlandırmaq qənaətindəyəm", o, deyib.

Son 22 ay ərzində xüsusi prokuror Rusiyalı agentlərin ABŞ seçkiləri barədə məlumat əldə edərək Rusiyanın amerikalılara təsir etmək kampaniyasına başladığını, siyasi fəaliyyətləri məliyyələşdirdiyini və yüksək vəzifəli demokratların e-poçt hesablarına daxil olaraq Hillary Clinton-un seçki kampaniyasına müdaxilə etdiyini iddia edib.

Cənab Mueller həmçinin prezident Trump-ın Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş direktoru James Comey-ni işindən çıxarmaqla ədliyyə sisteminə maneəçilik yaradıb-yaratmadığını və bu istintaqa son qoymağa səy göstərdiyinə dair iddiaları da araşdırıb.

Cənab Trump Rusiya ilə sövdələşdiyi barədə iddiaları dəfələrlə rədd edib və qanunun qarşısnı almadğını vurğulayıb.

Prezident Trump cənab Mueller-in istintaq komandasına müsahibə verməkdən imtina edib, lakin vəkillərinin köməyilə istintaqın suallarına cavablarını yazılı şəkildə təqdim edib.

İstintaq sadəcə bir məktubla sona çatacaqmı?

Təhlil - BBC Şimali Amerika müxbiri Anthony Zurcher

Hesabatın detalları hələ açıqlanmayıb, lakin cənab Barr-ın Ədliyyə Nazirliyinin istintaqın hərhansı bir qərarını ləğv etmədiyini bildirməsi və yeni iddianamələrin hazırlanmaması hesabatın təqdimatından sonra ciddi qanuni yeniliklərin ortaya çıxmayacağı qənaətini yaradır.

Siyasi baxımdan yeni zərərli məlumatların ortaya çıxması hələ də mümkündür. Lakin Donald Trump Ağ Evə yüksəlişində bir çox siyasi təhlükənin dəf edə bilib.

Trump-ın seçki kampaniyasının üzvlərinin Rusiya ilə sövdələşməsi iddialarına dair cinayət materiallarının olmaması prezidentə və tərəfdarlarına istintaqın onun günahsız olmasına bəraət qazandırdığını deməyə imkan yaradacaq.

Lakin Mueller-in rəhbərlik etdiyi istintaqın sonu prezident, onun ailəsi, məsləhətçiləri və biznes imperiyasının qanuni təhlükələrdən tamamilə xilas etməyə bilər.

Demokratların çoxluq təşkil etdiyi Konqresdə prezidentin fəaliyətinə dair ciddi nəzarətlə yanaşı, Trump kampaniyasının maliyyələşməsinə dair federal və ştat səviyyəli araşdırmalar davam etməkdədir.

Buna baxmayaraq, çox güman ki, prezident ona qarşı "əcinnə ovu"nun təşkil olunduğunu iddia etməyə davam edəcək.

Trump-ın məhkəmələr tərəfindən məğlub edilməsinə ümid bəsləyən siyasi rəqibləri isə ona qarşı yeni üsul axtarmaq məcburiyyətindədirlər.

Əlaqəli mövzular

Bu barədə daha geniş