Britaniya hökumətinin Soyuq Müharibə illərində hazırladığı "saxta xəbərlər"

Həqiqi press-reliz
Image caption Kommunist yönümlü Ümumdünya Demokratik Gənclər Federasiyasını (WFYD) gözdən salmaq üçün Britaniya XİN-in İnformasiya Araşdırmaları Departamenti saxta press-reliz hazırlamışdı.

Məxfilik müddəti bitəndən sonra açıqlanmış sənədlərə görə, Soyuq Müharibə illərində Britaniya hökuməti "saxta xəbərlər" yaratmaqla məşğul olub.

Britaniya Xarici İşlər Nazirliyində təbliğat işinə İnformasiya Araşdırmaları Departamenti (IRD) cavabdeh idi.

Bu qurum 30 il ərzində jurnalistləri informasiya ilə təmin edirdi və özünün xəbər agentliyi də var idi.

2019-cu ilin əvvəlindən departamentin 2 minə yaxın sənədi Britaniya Milli Arxivinə verilmişdi.

"Soyuq müharibə"

Sənədlərin əsas hissəsi 1960-cı illərin əvvəlinə aiddir, yəni IRD-nin fəaliyyətinin zirvə dövrünə.

Həmin dövrdə bu qurumda 400-dən 600-dək adam işləyib, "Britaniyanın gizli təbliğat müharibəsi" adlı kitabında müəllif Paul Lashmar bildirir.

1978-ci ildə Paul Lashmar IRD-nin mövcudluğu barədə ilk dəfə məlumat vermiş jurnalistlər qrupunun tərkibində olub.

Onun sözlərinə görə, saxta xəbərlərin yaradılmasında bu təbliğat departamentinin rolu yalnız indi aydınlaşmağa başlayır.

IRD-nin maliyyələşməsini "gizli səsvermə" deyilən mexanizm təmin edirdi - həmin mexanizm hökumət vəsaitlərinin parlament yoxlamasından keçmədən xərclənməsinə yol verir.

Şöbənin əsas fəaliyyəti Britaniyanın xaricində keçirilirdi, lakin məlumatlar Londonda mənzillənən alimlər və müxbirlərə də ötürülürdü.

Image caption Berlin divarı Soyuq Müharibənin ən məşhur simvoludur.

Açıqlanmış sənədlər arasında etibar edilən jurnalistlərin siyahısı var.

1960-cı ildə həmin siyahıda Neal Ascherson-un adı da olub.

O dövrdə Neal Ascherson Observer qəzetində müxbir işləyirdi, onu IRD-ə SSRİ üzrə mütəxəssis Edward Crankshaw təqdim etmişdi.

"Məni London klublarından birinə apardılar, Edward və daha bir yoldaşla birgə yaxşı bir yemək yedik, - Ascherson xatırlayır. - Onlar mənimlə tanış oldular, götür-qoy etdilər, sonra isə mənə tərkibində Şərqi Avropa barədə "məhsul" olan xəbər bülletenini almaq imkanı verdilər.

IRD-in məlumatı fərdi qaydada yayılırdı və məxfi sayılırdı - lakin Ascherson bir müddətdən sonra anladı ki, həmin məlumat tamamilə faydasızdır, çünki köhnəlmiş xəbərlərdən tərtiblənmişdi.

Ascherson belə qənaətə gəldi ki, həmin bülletenlərdəki təhlil "uşaq səviyyəsində və Soyuq Müharibə şablonlarından çox sayda istifadə etməklə" tərtiblənib və bu cür məlumatlardan öz işində heç zaman istifadə etməyib.

Saxta blank

Paul Lashmar-ın sözlərinə görə, IRD rəsmiləri qarşı tərəflə oyun oynamağı xoşlayırdılar.

Bu qurumun layihələrindən biri Budapeştdə mənzillənən sol yönümlü Ümumdünya Demokratik Gənclər Federasiyasının (WFYD) mətbuat konfransından mətbuat üçün saxta məlumatın hazırlanması olub.

1963-cü ildə Bolqarıstanda təhsil alan afrikalı tələbələr dünya xəbər başlıqlarında yer aldı.

Onlarla tələbə irqi diskriminasiyanı səbəb kimi göstərərək ölkəni tərk etdi.

IRD Şərq blokuna qarşı nifrət kampaniyasını qızışdırmaq üçün bu fürsətdən istifadə etmək qərarına gəldi.

IRD-in hazırladığı saxta xəbər WFYD-ın adı göstərilmiş saxta blankında çap edilərək yüzlərlə qəzet və politoloqlara göndərildi.

Sənədin nüsxələri Macarıstana Britaniya diplomatik poçt kanalıyla göndərildiyindən oradakı ünvanlara çatdırılan zərflərə yerli poçt markaları vurulmuşdu.

Həmin saxta press-reliz Zanzibardakı xəbər agentliyi tərəfindən tam həcmdə dərc olunmuşdu. Sənədə afrikalılar üçün təhqiredici olan cümlədə deyilirdi ki, afrikalılar "yoxsulluğun qaranlıq cəngəlliklərindən çıxıb" və "paltar, ərzaq və yanacağın pulsuz olmadığını anlaya bilmirlər".

Bu cür bəyanat afrikalı tələbələrin kəskin qəzəbinə səbəb olmuşdu.

Nigeriya Tələbələri İttifaqı həmin bəyanatı "ağdərililərin aliliyi ideologiyasının izharı" kimi qiymətləndirdi.

Bir neçə həftədən sonra WFYD həmin press-relizin saxtalaşdırdığını bildirdi.

"Trotskistlər" Islington-da

IRD-in fəaliyyətinin böyük hissəsi xarici xəbərlərə köklənməşdi, lakin bəzən Britaniyaya aid xəbərlər də olurdu.

1962-ci ildə Britaniya parlamentində Londonun Şimali İslington rayonunu təmsil edən deputat Gerry Reynolds kömək üçün IRD-yə müraciət edib.

O, Leyborist partiyasının yerli özəyində "yaxşı təşkilatlanmış və böyük ehtimalla, trotskistlərdən ibarət radikal qrupun rəhbər vəzifələri tutacağından" ehtiyat etdiyindən istəyirdi ki, IRD həmin adamlar barədə müəyyən məlumat toplasın.

Image caption Times qəzetinin Şimali Koreyada saxtalaşdırılmış nüsxəsi

IRD təhlükəsizlik strukturlarına müraciət edəndən sonra məlum olub ki, həmin qrupun üzvü Dorothy Hayward 1947-ci ildə İnqilabi Kommunist Partiyasının üzvü olub, Sidney Lubin 1951-ci ildə yerli idarəçilik şurasına seçkidə iştirak etmiş kommunist namizədi dəstəkləyib, Francis Dunne isə trotskist məzmunlu bülletenlər yayıb.

IRD əməkdaşı isə bu materialları 1969-cu ilədək həmin rayonu parlamentdə təmsil edən Gerry Reynolds-a ötürüb.

Adları IRD siyahısına düşmüş insanların sonrakı taleyi barədə məlumat yoxdur.

Saxta plakatlar

Gizli sənədlərdən aydın olur ki, şöbə bir neçə dəfə Vyanada yerləşən Beynəlxalq Sülh İnstitutunun adından saxtalaşdırılmış bəyanatlar yayıb.

IRD həmçinin Beynəlxalq Tələbə İttifaqının plakatlarını saxtalaşdıraraq "ABŞ" abreviaturasını Çin heroqlifləriylə əvəzləyiblər - nəticədə, Amerika nüvə proqramı əleyhinə olan plakatlar Çin əleyhinə plakatlara dönüb.

IRD tərəfindən hazırlanan saxta təbliğat məhsulu yalnız indi aşkarlanıb.

Şöbə fəaliyyət göstərdiyi illərdə kommunist ölkələr tərəfindən hazırlanan saxta sənədləri ifşa etməklə məşğul olduğunda təkid edirdi.

Məlumdur ki, belə sənədlər çox olub: bir dəfə Afrika ölkələrinin liderlərinə Britaniya hökuməti adından saxta sənəd göndərilmişdi.

Şimali Koreya və Almaniya Demokratik Respublikasında saxtalaşdırma prosesi sənaye miqyasına qaldırılmışdı, açıqlanmış sənədlərdə deyilir.

"Demokratik bir ölkəyə gizlicə saxta məlumatlar hazırlamaq yaraşırmı? Yox.

Əgər totalitar ölkələrdə insanlar manipulyasiyalarla məşğuldurlarsa, bu, o demək deyil ki, biz onlardan nümunə götürməliyik", - Lashmar hesab edir.

Bu barədə daha geniş