İlham Əliyev: "Azərbaycanda sığorta sahəsində boşluqlar var"

İlham Əliyev yanmış ticarət mərkəzi barədə müşavirə keçirib Fotonun müəllifi President.az
Image caption İlham Əliyev yanmış ticarət mərkəzi barədə müşavirə keçirib

Prezident İlham Əliyev cümə axşamı "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar keçirdiyi müşavirədə Azərbaycanda sığorta sahəsindəki problemlərə toxunub.

"Adətən inkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə burada bütün maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür, bütün mallar sığortalanır. Ancaq əfsuslar olsun ki, Azərbaycanda sığorta sahəsində boşluqlar var və bir çox hallarda biz bunu görürük", - o deyib.

Prezident tövsiyyə edib ki, "sahibkarlar öz əmlakını sığortalatsınlar. Belə olan halda tam əmin ola bilərlər ki, bədbəxt hadisə baş verdikdə onların əmlakı batmayacaq".

İlham Əliyev qeyd edib ki, yanğın zamanı sahibkarlara ciddi ziyan dəyib.

Sahibkarların problemləri ilə bağlı tədbirlər görüldüyünü qeyd edən İlham Əliyev deyib ki, "İqtisadiyyat Nazirliyi sahibkarlarla bir-bir görüşməli və onların problemlərini dinləməlidir", president.az yazır.

İlham Əliyev "operativ olaraq sahibkarlara maddi dəstək göstəriləcəyini" vurğulayıb.

Cənab Əliyev bildirib ki, "bütün ticarət mərkəzlərində ciddi təftiş aparılmalı, təhlükəsizlik tədbirləri gücləndirilməlidir".

İlham Əliyev həmçinin yanğınla bağlı komissiya yaradılması haqda sərəncam verib.

Video açılmırsa, YouTube-da baxın.

"Sahibkarlara dəymiş bütün zərər dövlət tərəfindən ödənəcək", Prezident Administrasiyasının şöbə müdirinin müavini Hüseyn Mövsümov deyib.

Cümə axşamı günü Nizami Rayon İcra Hakimiyyətində yanmış "Diqlas" ticarət mərkəzində çalışan sahibkarlarla görüşən Hüseyn Mövsümov onları dinləyib.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov deyib ki, "yanğında malları yanan sahibkarların ifadə etdikləri bütün problemlər prezident İlham Əliyevə çatdırılıb, o da bu məsələyə reaksiya verib".

Çərşənbə axşamı günü Bakının Nizami Rayonu ərazisində yerləşən "Diqlas" ticarət mərkəzi yanıb.

Təxminən 1000 kv metr ərazidə yerləşən 5 mərtəbəli "Diqlas" ticarət mərkəzində yüzlərlə mağaza olub.

Prezident Administrasiyasının şöbə müdirinin müavini Hüseyn Mövsümov söyləyib ki, "yanğın baş verən andan məsələ prezidentin və vitse-prezidentin ciddi nəzarəti altında olub və prezidentin tapşırığı ilə elan edilən heyət bu gün sahibkarlarla görüşə göndərilib".

"Sui-istifadəyə yol vermək olmaz"

Cənab Mövsumov qeyd edib ki, sahibkarların, dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının iştirakı ilə komissiya yaradılacaq və bu komissiya dəymiş ziyanı hesablamalıdır.

"Bu işdə sui-istifadə hallarına yol vermək olmaz. Kimin nəyi yanıb, maddi ziyan nə qədər dəyib obyektiv hesablanmalıdır. Biri deyir mənim orada bir milyonluq malım var, biri deyir beş yüz minlik var, bunlar gərək halallıqla olsun. Burada hardasa aldatmaq cəhdi və s. yolverilməzdir", - o söyləyib.

Hüseyn Mövsümov əlavə edib ki, "ticarət mərkəzinin zirzəmisində saxlanılan malların bir qisminə ziyan dəyməyib və onlar ancaq yanğın söndürülən zaman islanıb".

Image caption Diqlas MMC-nin direktoru Rasim Məmmədov

Diqlas MMC-nin direktoru: "Bütün yanğından təhlükəsizlik sistemi var idi"

Görüşdən sonra sahibkarlarla danışan "Diqlas MMC"-nin direktoru Rasim Məmmədov BBC News Azərbaycancaya ticarət mərkəzində yanğından təhlükəsizlik siteminin olduğunu deyib.

"Diqlas ticarət mərkəzində bütün yanğından təhlükəsizlik sistemi var idi, motorlar da, su da, şlanqlar da. Yanğın iş vaxtına təsadüf etmədiyi üçün və binanın çölündən baş verdiyi üçün belə hadisə olub".

Cənab Məmmədov əlavə edib ki, "bu, dövlət tərəfindən təhvil götürülmüş binadır və hər şey qaydasındadır".

Zərərçəkmiş sahibkarlarla görüşdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və bəzi dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Zərərçəkmiş sahibkarlarla daha bir görüşün olması gözlənir.

Çərşənbə axşamı günü Bakının Nizami Rayonu ərazisində yerləşən "Diqlas" ticarət mərkəzində yanğın olub.

Təxminən 1000 kv metr ərazidə yerləşən 5 mərtəbəli "Diqlas" ticarət mərkəzində yüzlərlə mağaza olub.

Yanğını söndürməyə 3 helikopter və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti də cəlb olunub.

Hadisə yerinə gələn Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov yanğının səviyyəsini "ciddi" qiymətləndirib.

Bu barədə daha geniş