Brexit: Britaniyanın Aİ-dən çıxışına dair sadə bələdçi

Aİ və Britaniya bayrağı Fotonun müəllifi AFP

Brexit mövzusunu anlamaqda çətinlik çəkirsiniz? Niyə baş verdiyini bilmək istəyirsiniz? Gəlin, sizə kömək edək.

Brexit nədir?

Brexit "British exit" ifadəsinin qısaldılmış formasıdır və Birləşmiş Krallıq (BK) əhalisinin Aİ-dən (Avropa İttifaqı) çıxmaq qərarı haqqında danışmaq üçün istifadə olunur.

Aİ nədir?

Aİ bir-biri ilə ticarət edən və vətəndaşlarının üzv ölkələrə rahat köçməsi və işləməsini təmin edən 28 ölkədən ibarət siyasi və iqtisadi ittifaqdır.

BK Aİ-yə 1973-cü ildə qoşulub. O vaxt ittifaqın adı AİB - Avropa İqtisadi Birliyi (EEC - European Economic Community) idi.

Niyə BK ittifaqdan ayrılır?

2016-cı il iyunun 23-ü baş tutan və bir sualdan ibarət (BK Avropa İttifaqında qalsın, yoxsa çıxsın) referendum nəticəsində BK vətəndaşları ayrılmağı seçib.

Çıxsın tərəfi 52 faizin 48 faizə nisbətində qalib gəlsə də, çıxmaq prosesi gözləndiyindən kifayət qədər uzun çəkir.

Çıxışın 2019-cu il martın 29-na nəzərdə tutulmasına baxmayaraq, Aİ bu tarixi təxirə salmağa razılaşıb. Artıq Brexit ilə bağlı mühüm iki tarix aprelin 12-si və mayın 22-si hesab olunur və aşağıda izahı təqdim olunacaq.

İndiyə qədər nələr baş verib?

2016-cı il səsverməsi yalnız başlanğıc idi. O vaxtdan bəri BK və digər Aİ ölkələri arasında danışıqlar aparılır.

Danışıqlar əsasən "boşanma" sazişi üzərində gedir. Müzakirə mövzusu isə BK Aİ-dən ayrıldıqdan sonra nə baş verəcəyi yox, BK-nın necə ayrılmasıdır.

Saziş çıxış razılaşması kimi tanınır.

Çıxış razılaşmasında nə deyilir?

Çıxış razılaşması bəzi əsas müddəaları əhatə edir:

  • BK əməkdaşlığı pozmaq üçün Aİ-yə nə qədər pul ödəməlidir - təxminən 39 milyard funt-sterlinq (87 milyard manat)
  • Aİ üzvü ölkələrdə yaşayan BK vətəndaşları və BK-da yaşayan Aİ vətəndaşlarının taleyi necə olacaq
  • BK ilə Aİ-nin hüduduna çevriləcək Şimali İrlandiya və İrlandiya Respublikası arasında yenidən fiziki sərhədə keçməyin qarşısını necə almaq olar

BK-ya Aİ ilə ticarət anlaşması imkanı verən və bizneslərin işlərini qaydaya qoya bilməsi üçün keçid müddəti adlandırılan bir vaxt kəsiyi müəyyənləşdirilib.

Bu o deməkdir ki, çıxış razılaşması əldə olunsa belə, Brexit tarixi ilə 31 dekabr 2020-ci il arasında heç bir böyük dəyişiklik baş verməyəcək.

Digər bir sənəd də, BK ilə Aİ-nin gələcəkdə uzunmüddətli münasibətinin icmalını təsvir edir.

Bu isə siyasi bəyannamə adlanır. Lakin heç bir tərəf orada yazılanlara dəqiq əməl etmir.

Razılıq BK ilə Aİ arasında 2018-ci ilin noyabrda əldə edilsə də, britaniyalı millət vəkilləri tərəfindən də təsdiq olunmalıdır.

Deputatlar çıxış razılığı üçün səs veriblərmi?

Düzü, yox. İki dəfə onun əksinə səs veriblər.

Yanvarın 15-i razılıq 432-202 nisbəti ilə rədd edilib. Bu isə Britaniya parlament tarixində ən böyük məğlubiyyət hesab olunur.

Theresa May-in Aİ ilə əlavə hüquqi təminatlar əldə etməsi üçün görüşündən sonra, martın 12-si onlar yenidən razılaşmanı rədd ediblər.

İndi nə baş verəcək?

Martın 29-na təyin olunmuş Brexit, BK-nın ya xanım May-in təklifinin qəbulu, ya da növbəti addımlar qərarlaşdıra bilməsi üçün təxirə salınıb.

Xanım May razılığını yenidən səsverməyə çıxarmağı düşünür. Yəqin ki, kifayət qədər deputatın fikrini dəyişdirdiyinə ümid edir.

Hələliksə millət vəkilləri başqa bir variant əldə edənə qədər müxtəlif səsvermələr keçirəcəklər.

Həmin səslər "göstərici səslər adlanır". Mümkün fikirlərə, BK-nın Aİ ilə gələcək münasibətinə alternativ modellər və ya Brexit-in final planı üçün digər bir referendum daxil ola bilər.

Bəs təxirə salınma necə?

Brüsseldə baş tutan sammitdə həm BK, həm də Aİ Brexit tarixini təxirə salmağa razılaşıb və iki yeni mümkün tarix müəyyənləşdirilib.

Biri 22 may. Əgər millət vəkilləri xanım May-in sazişi ilə razılaşarlarsa, bu, BK-nın saziş ilə ayrılması tarixi olacaq. Bu, BK-ya razılaşmanı ratifikasiya etmək üçün kifayət qədər vaxt verir (qanunvericiliyə uyğun rəsmiləşdirmə).

O biri 12 aprel. Əgər xanım May-in sazişi deputatlar tərəfindən qəbul olunmazsa, BK Aİ-yə aprelin 12-sinə qədər nə etmək istədiyini deyəcək.

Məsələn, müddətin uzadılması və ya sazişsiz ayrılma. Lakin əgər BK vaxtın uzadılmasını istəsə, Avropa Parlamentinə seçkilərdə iştirak ilə üz-üzə qalacaq.

Niyə insanlar sazişə qarşı çıxır?

Şikayətlərin əksəriyyəti sazişdə yer alan və BK-nın məsələləri Aİ-dən asılı olmadan həll edə bilməməsi ilə bağlıdır.

Həlli çətin digər məsələ isə İrlandiya sərhədidir.

Həm BK, həm də Aİ mühafizə postları və yoxlanışlara qarşıdır. Buna görə də sazişə backstop (arxa dayaq) adlı bir növ "təhlükəsizlik şəbəkəsi" daxil edilib.

Backstop nədir?

Backstop Brexit danışıqlarının nəticəsindən asılı olmayaraq, İrlandiya adasında açıq sərhəd saxlamaqdır.

Yəni, BK-nın qalan yerlərindən fərqli olaraq, Şimali İrlandiya qida məhsulları kimi bəzi məmulatlarda bəzi Aİ qaydalarına əməl etməli olacaq.

Fotonun müəllifi Getty Images

Baş nazir təkidlə iddia edir ki, hər şey qaydasında gedərsə, bunu işlətməyə ehtiyac qalmayacaq.

Lakin vəziyyət, BK-nın Aİ-nin icazəsi olmadan buna son verə bilməyəcəyinə qarşı çıxan bəzi deputatları narahat edib.

Bəzi millət vəkilləri isə BK-nın Aİ-yə yaxın və hətta, Aİ-də qalmasını istəyirlər.

Və bəziləri də deyir ki, Şimali İrlandiya BK-nın qalan hissəsindən fərqləndirilməməlidir.

Martın 11-i xanım May və Aİ yeni bir bəyannamə elan edərək, backstop planına əlavə hüquqi sövdələşmə əlavə ediblər. Belə ki, onu istifadə etmək ehtiyacı yaransa belə, bu müvəqqəti olacaq.

Xanım May bəyannamə vasitəsilə millət vəkillərinin onun sazişinə səs verəcəyinə ümid etsə də, bu baş tutmayıb.

Ümumiyyətlə Brexit heç baş tutmaya bilərmi?

Qanunda BK-nın Aİ-dən ayrılma tarixi hələ də 29 mart 23:00 kimi göstərilir.

Lakin Aİ Brexit-i təxirə salmağa razılaşıb və bu tarix aprelin 12-i və ya mayın 22-i ola bilər. Xanım May-in İcmalar və Lordlar palatalarından həmin tarixi Brexit qanunvericiliyindən çıxarmağı istəyəcək.

Avropa Ədalət Məhkəməsi BK-nın Brexit-i digər dövlətlərin razılığı olmadan da tamamilə dayandıra biləcəyini deyib. Ancaq siyasi mənada bunu gözləməyə dəyməz.

BK razılaşmasız ayrılarsa nə olacaq?

"No deal" BK-nın ayrılma razılığını qəbul edə bilmədiyi mənasına gələcək.

Yəni, BK-nın ayrılmasında keçid dövrü olmayacaq və Aİ qanunları BK-ya tətbiq olunmayacaq.

Hakimiyyət bu potensial situasiyaya hazırlaşdığını deyir.

Bu halda bəzi qida qiymətlərinin artmaq ehtimalı qaçınılmaz olar və gömrük yoxlanışları bizneslərə milyardlarda funt sterlinq bahasına başa gələ bilər.

Hakimiyyət, tətildə mobil telefon roumiqindən tutmuş elektrik təchizatına təsirə qədər bir sıra bələdçilər də çap edib.

Bu barədə daha geniş