Amerikada insanların insulinə çəkdikləri xərc

Laura Marston

Laura Marston diabetdən ölməmək üçün avtomobilini, mebelini, təqaüd fondunda yığılmış pulunu və itini satmalı olub. 36 yaşlı qadın ona lazım olan insulin preparatını almaq üçün bütün əşyalarını satıb.

İnsulin qanda şəkərin miqdarını tənzimləyən təbii hormon olduğundan digər tibbi preparatlardan fərqlənir.

İnsulinin bədəndə miqdarının normadan aşağı və ya yuxarı olması müxtəlif xoşagəlməz xəstəliklərə səbəb ola bilər. Bu, görmə qabiliyyətinin pozulmasına, əqli zəifliyə, urəkbulanmaya, daxili orqanların işinin pozulmasına, ürək çatışmazlığına və bu kimi digər hallara gətirib çıxara bilər.

İnsulin insanın bədənində təbii yolla yaranır. Lakin Laura Marston kimi 1-ci tip diabet xəstələri insulini aptekdən almalı olurlar.

Laura Marston-un istifadə etdiyi bir şüşə insulinin tibbi sığortasız qiyməti 275 dollar təşkil edir.

1923-cü ildə, insulin preparatı təzə kəşf ediləndə onu xəstələrə 1 dollara satırdılar ki, hamı bu preparatı ala bilsin.

Lakin bu gün ABŞ-ın dərman bazarında insulinin təxmini qiyməti 300 dollar civarındadır. Bu isə o deməkdir ki, hətta inflyasiya nəzərə alınmaqla belə, qiymət artımı 1000 faizdən çoxdur.

Pul çatışmazlığı səbəbindən insulin ala bilməyən və nəticədə diabetdən ölən xəstələrin əhvalatı tez-tez ABŞ-da qəzet başlıqlarına çıxarılır. Belələrindən biri 26 yaşında şəkərdən ölən Alec Smith olub.

Yaş həddini aşdığına görə, anasının tibbi sığortasından çıxarılmış Alec öz hesabına insulin almaq imkanında olmayıb və xəstəliyə tab gətirə bilməyərək ölüb.

Fotonun müəllifi Getty Images
Image caption Alec Smith-in anası əlində oğlunun yandırılan nəşinin külü olan şüşəni tutaraq Massachusetts-də insulinə baha qiymətlər əleyhinə etiraz aksiyasında iştirak edib

Laura Marston da imkansızlıq səbəbindən insulinsiz qalmağın nə olduğunu bilir. Bir neçə il bundan əvvəl Laura-nın işlədiyi kiçik şirkət bağlandıqdan sonra o, məvacibsiz və tibbi sığortasız qalıb.

"Ölməmək üçün ayda 2880 dollar xərcləməli olurdum", - Laura Marston deyir.

ABŞ-da müxtəlif səbəblərdən tibbi sığortasız qalmaq olar, - o cümlədən işi itirəndə və ya misal üçün, müəyyən kriteriyalara uyğun gəlməyəndə, ya da ki, sığorta ödəmələrini qarşılamaq imkanı olmayanda.

Fotonun müəllifi Laura Marston
Image caption Laura Marston insulin ala bilməsi üçün itini satmalı olub

Laura Marston-da T1 diabeti onun 14 yaşı olanda aşkar edilib. O zaman, yəni 1996-cı ildə insulinin bir şüşəsi 25 dollara idi, Laura xatırlayır.

20 ildən sonra isə həmin preparatın qiyməti 275 dollardır.

Təqsir kimdədir?

Xəstələrin əksəriyyəti hesab edir ki, insulinin baha olmasının səbəbi əczaçılıq şirkətləri ilə bağlıdır.

Bu məsələnin müzakirəsi üçün beş əsas termin vacib məna kəsb edir - siyahı qiyməti, təmiz qiymət, güzəştlər, əlavə ödəniş və çıxarış ödəmələri.

  • Siyahı qiyməti - əczaçı şirkətin qoyduğu qiymətdir, yəni çox vaxt sığortası olmayan xəstənin ödəməli olduğu qiymət deməkdir.
  • Təmiz qiymət - şirkətin satdığı preparatdan əldə etdiyi gəlir
  • Güzəştlər- sığorta şirkətləri üçün dərmanlara müəyyən edilən endirimlərdir
  • Yanaşı ödəniş - sığortalanmış şəxsin reseptə görə etdiyi ödənişdir
  • Çıxarış ödəmələri - bu ödəmələr 10000 dollara qədər çata bilər və sığorta müqaviləsinin xaricində olan xərcdən ibarətdir

Sığorta şirkətləri bu işə üçüncü tərəf olan vasitəçi şirkətləri cəlb edirlər ki, onlar da öz növbəsində əczaçılardan preparatları güzəştli qiymətlərlə əldə etsin.

Nəticədə preparatların qiyməti onu alan xəstə üçün bir qədər qalxır.

Ekspertlər hesab edir ki, problemin səbəbi güzəştlərlə bağlı danışıqların şəffaf olmaması və həmin güzəştlərin nə yolla təmin edilməsindədir.

Bu cür sistem ona gətirib çıxarır ki, hər bir əczaçılıq şirkətinin fərqli qiymət siyahısı olur, nəticədə şirkətdən-şirkətə eyni insulin preparatının qiyməti dəyişir.

Laura Marston apardığı hesablamaların sonunda bu nəticəyə gəlib ki, 70 yaşadək yaşamaq üçün o öz cibindən təxminən 7 milyon dollar xərcləməlidir.

Lakin əczaçılıq şirkətləri təkid edirlər ki, preparatları öz qiymətinə alanlar çox cüzi saydadır.

Eli Lilly şirkəti BBC-yə bildirib ki, ABŞ-da Humalog preparatından istifadə edənlərin 95 faizi ayda bu dərman üçün 100 dollardan az pul ödəyirlər.

Humalog preparatı istifadə edən 600 min adamdan isə "sığortası olmayan, təxminən 1600 nəfər təklif olunan imtiyazlardan istifadə etməyib".

Novo Nordisk və Sanofi öz bəyanatlarında oxşar yardım proqramının təklif olunduğunu qeyd ediblər.

Söhbət etdiyim bir neçə xəstə həmin proqramların onlara kömək etdiyini bildirib.

Lakin bu proqramları müdafiə edən daha bir nəfər Kristen Daniels deyir ki, o, bir dəfə insulin üçün bir aya 2,400 dollar ödəmək məcburiyyəti ilə üzləşib.

"Sığorta şirkətinə və istehsalçıya zənglər etdim, lakin onlardan heç biri mənə kömək edə bilmədi, çünki çıxarış ödəmələri qarşılanmamışdı", - Kristen Daniels deyib.

Əczaçılıq şirkətləri qeyd edirlər ki, siyahı qiymətlərində artım gəlirin müvafiq dərəcədə artımına gətirib çıxarmır.

Eli Lilly şirkətinin sözçüsü bildirib ki, son beş ildə preparatlardan əldə edilən gəlir azalmaqdadır. Sanofi şirkəti bildirib ki, onların insulin satışından əldə etdiyi gəlir 2012-ci illə müqayisədə 2019-cu ildə 25 faiz azalıb.

Amerika Diabet Assosiasiyası (ADA) və Cənubi Kaliforniya Universitetinin Sağlamlıq və İqtisadiyyat Mərkəzinin məlumatına görə, 2007-2016-cı illər arası insulin preparatlarına qiymət 252 faiz artdığı halda, əczaçılıq şirkətlərinin gəlirində artım 57 faiz olub.

İnsulinin sürətlə artan qiyməti mövzusunun müzakirəsində digər mühüm məsələ müxtəlif düsturlu preparatların fərqli təsirə malik olmasıdır.

Belə ki, ucuz insulinin düsturu daha köhnəlmiş olur və onun təsirinin hiss edilməsinə daha çox vaxt tələb olunur.

Diabet xəstələrinin qeyd etdiyi kimi, bir çox hallarda onlara uyğun olan preparat həddindən artıq baha olduğuna görə, onlar daha ucuz və daha zəif təsiri olan insulin planına keçməli olurlar.

ADA qeyd edir ki, bu cür "qeyri-tibbi səbəblərdən" insulin planının dəyişdirilməsi xəstənin vəziyyəti üçün zərərli ola bilər.

ABŞ-da tibbi sığorta xəstənin məvacibli işlə təmin olunub-olunmamasından birbaşa asılıdır, - çox vaxt diabet xəstəsi stresli işdə işləməyə və ya işdəki rəisinin tələbiylə insulinin növünü dəyişməyə məcbur olur.

ABŞ-da T1 diabet xəstələri arasında belə bir deyim geniş yayılıb: "Biz girov vəziyyətindəyik".

Britaniyada vəziyyət necədir?

Hazırda Britaniyada yaşayan amerikalı Elizabeth Rowley tərəfindən təsis edilən T1International qeyri-kommersiya təşkilatı dünya boyu diabet xəstələrini ucuz insulinlə təmin edilməsini qarşısına məqsəd qoyub.

Özü də T1 diabet xəstəsi olan Elizabeth Rowley bu sahədə ABŞ və Britaniyada olan vəziyyəti müqayisə edə bilir.

Onun sözlərinə görə, ABŞ-da insanlar iş yerlərini itirmək və nəticədə tibbi sığortadan məhrum olmaq qorxusu ilə yaşayır.

"Bəziləri insulini lazım olan qədər ala bilmir, bu isə xəstələrin ölümünə səbəb olur. İnsanlar insulini internet vasitəsilə naməlum satıcılardan alır, xəstələr pulu dolanışığa və ya dərmana xərcləmək arasında seçim etməli olurlar", - Elizabeth Rowley deyir.

T1International təşkilatının məlumatına görə, 2016-cı ildə ABŞ-da diabet xəstələrin insulin xərci hər ay orta hesabla 210 dollar təşkil edib, Hindistanda bu cür xərc ayda 50 dollar olub, bəzi Avropa ölkələrində isə insulini xəstələr pulsuz alıb.

"Britaniyada insulin xərcləri yerli NHS tibbi sistemi tərəfindən ödənilir və bu xərclər ABŞ-da insanların çəkdiyi xərclə müqayisədə cüzidir", - Elizabeth Rowley qeyd edir.

Tibbi turistlər

Arizonada yaşayan T1International təşkilatının 30 yaşlı fəalı Lauren Hyre həyatının ikidə üçünü ABŞ-da insulin xərci problemi ilə üzləşərək yaşayıb.

O, 9 yaşında olarkən atası vəfat edib və nəticədə onun ailəsi tibbi sığortadan məhrum olub.

ABŞ-da "Obamacare" adı almış tibbi sığorta qanunvericiliyi tətbiq olunana qədər dibet xəstələrin tibbi sığortası ləğv oluna bilərdi - nəticədə Lauren Hyre illərlə tibbi sığortadan məhrum olub.

Sərfəli qiymətə insulin almaq üçün Lauren Hyre vaxtaşırı Kanadaya səfər etməli olub.

27 yaşlı Emily Mackey ucuz insulin almaq üçün Meksikanın Tijuana şəhərinə səfər edir.

Altı aya nəzərdə tutulmuş insulin ehtiyatı üçün onun xərci 100 dollar olub, halbuki ABŞ-da həmin miqdarda insulinə o, 1,300 dollar xərcləməli olacaqdı.

Fotonun müəllifi Emily Mackey
Image caption Emily Mackey insulin preparatlarını Meksikada alıb

"Mən qəzəblənmişdim ki, sağ qalmaq üçün dərmandan ötrü Meksikaya getməliyəm, halbuki [ABŞ, aptek] düz yanında yaşayıram, amma insulin əldə etmək etmək üçün 3 min mil səyahət edib başqa ölkəyə getməliydim".

Həll yolu nədədir?

ADA-nın qeyd etdiyi kimi, ABŞ-da 7 milyon diabet xəstəsi var, onların təxminən 27 faizi bildirib ki, insulinə çəkilən xərc onların gündəlik dolanışığına təsir edir.

ADA-nın aparıcı elmi və tibbi rəsmisi, doktor William Cefalu hesab edir ki, problem şəffaflığın olmaması ilə əlaqəlidir.

Qiymətləri ucuzlaşdırmağın yolu rəqabətdən keçə bilərdi, görəsən, bu niyə indiyədək baş verməyib?

İş orasındadır ki, insulin kimyəvi yox, bioloji materialdır - xüsusi hüceyrə xəttində sintez olunan zülallardan hazırlanır.

Novo Nordisk, Eli Lilly və Sanofi şirkətlərinin insulin preparatları bir-birindən azca fərqlənir və bu preparatları həmin şirkətlərin materialı və patenti olmadan təkrarlama yolu ilə istehsal etmək mümkünsüzdür.

Image caption Laura Marston bu şüşələrdə qalmış insulin damçılarını yığıb saxlayır ki, təcili ehtiyac olanda istifadə etdin

Adi dərmanlardan bu cür fərqlənməsinə baxmayaraq, insulin uzun müddətdir ki, ABŞ-da kimyəvi preparat sayılır.

ABŞ-da dərmanların istehsalına və dövriyyəsinə nəzarət edən rəsmi qurum (FDA) dekabr ayında bəyan edib ki, 2020-ci il üçün insulin "bioloji məhsul" preparatları qrupuna keçiriləcək.

Güman olunduğuna görə, bundan sonra insulinə bənzər preparatları yaratmaq və onların istifadəsinə rəsmi icazə almaq daha asan işə çevriləcək.

ABŞ Konqresində baha dərman qiymətləri ilə bağlı dinləmələrin davam etməsi də əczaçılıq şirkətlərinə təzyiqi hiss etdirməkdədir.

Eli Lilly şirkəti Humalog insulinin yeni, daha ucuz növünün istehsala buraxılacağını elan edib.

Lakin həmin yeni növ insulinin 137 dollara olması da kifayət qədər bahadır.

2020-ci ildə ABŞ-da prezident seçkisində namizədliyini irəli sürməyə ümid edən senator Elizabeth Warren və Konqres üzvü Jan Schakowsky - hər ikisi Demokrat partiyasındadır - dekabrda baha insulin probleminin həlli üçün fərqli yol təklif ediblər.

Onların təklif etdiyi qanun layihəsində ucuz dərman preparatlarının istehsalını planlaşdıran və dərman bazarında rəqabəti təmin edən rəsmi qurumun yaradılması nəzərdə tutulur.

Bu qanun layihəsinin təsdiqlənəcəyi ehtimalı yüksək olmasa da, sənədin ortaya çıxması bu məsələyə qanunvericilərin ciddi marağından xəbər verir.

2020-ci ildə namizədliklərini irəli sürmək arzusunda olan digər namizədlərin hamısı "Tbbi Sığorta Hamı üçün" şüarı altında proqramlardan danışırlar.

Bu arada isə Laura Marston insulinə baha qiymətlərlə təkbaşına apardığı mübarizəsini davam etdirmək əzmində olduğunu bildirir.

"Hətta bir insan belə bu dərəcədə baha qiymətləri ödəmək məcburiyyəti qarşısında qalırsa, bu, haqsızlıqdır, - Laura deyir, - Sanki kimsə üstünə tapança çəkir və səndən pul qoparmasa, öldürəcəyi ilə səni hədələyir".

Fotoların müəllifi HannahLong-Higgins-dir.

Bu barədə daha geniş