BMT: Dünya boyu qızılca hallarının sayı bu il dördqat artıb

Uşaq Fotonun müəllifi Getty Images
Image caption Ümümdünya Səhiyyə Təşkilatı qeyd edib ki, son rəqəmlər "həyəcan qaldırmağa əsas verir".

Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, 2019-cu ilin ilk üç ayı ərzində dünya boyu qızılca xəstəliyinə tutulma halları ötən ilin eyni dövrü ilə müqayisədə dördqat artıb.

BMT strukturu olan ÜST qeyd edib ki, dünyanın bütün bölgələrində xəstəlik hallarının kəskin sürətdə artması müşahidə olunub.

Ən kəskin artım Afrikada qeydə alınıb - 700%.

Agentlik bildirib ki, dünya boyu, orta hesabla, hər 10 xəstəlikdən yalnız birinin qeyd olunduğunu nəzərə almaqla, xəstəlik hallarına dair gerçək statistika açıqlanmış rəqəmlərdən qat-qat çox ola bilər.

Qızılca sürətlə yayılan yoluxucu xəstəlikdir, bəzən ciyər və beyin infeksiyaları da daxil, ağır fəsadlara gətirib çıxara bilər.

Xəstəliyin təsirinə ən çox Ukrayna, Madaqaskar və Hindistan qalıb.

Fotonun müəllifi Getty Images

Sentyabr ayından bəri təkcə Madaqaskarda qızılcadan azı 800 nəfər ölüb.

Braziliya, Pakistan və Yəməndə qızılca hallarının kəskin artması "uşaqlar arasında çoxsaylı ölüm hallarına səbəb olub". Peyvəndləmə səviyyəsi yüksək olan ABŞ və Tailand kimi ölkələrdə də xəstəlik hallarının statistikasında artım qeydə alınıb.

Ümumilikdə 170 ölkədə 112163 qızılca xəstəliyi halı qeydə alınıb, halbuki 2018-ci ilin eyni dövründə belə halların sayı 28124 olub.

BMT bildirib ki, müvafiq peyvəndləmə yoluyla bu yoluxucu xəstəliyin qarşısını almaq "tamamilə mümkündür", lakin qlobal miqyasda immunizasiyanın ilk mərhələsi 85% səviyyəsində ilişib qalıb, "epidemiyanın qarşısın alınması üçün tələb olunanların 95 faizi isə təmin olunmayıb".

"Qlobal qızılcaböhranı" necə yaranıb?

James Gallagher, sağlamlıq və elm üzrə müxbir, BBC News

Bu virus ən yoluxucu viruslardan biridir. Lakin qızılca xəstəliyi dəyişməyib və mutasiyaya məruz qalmayıb ki, daha da yoluxucu və təhlükəli şəkil alsın.

İndiki epidemiya yoxsulluq və dezinformasiya kimi insan amilindən doğan səbəblərlə əlaqəlidir.

Yoxsul ölkələrdə peyvəndləmədən daha az adam keçdiyindən, əhalinin böyük bir hissəsi virusa qarşı müdafiəsiz qalıb.

Bu isə daha irimiqyaslı epidemiyanın yaranmasına gətirib çıxarır - musal üçün, Konqo Demokratik Respublikası, Qırgızıstan və Madaqaskardakı kimi.

Lakin peyvəndləmə səviyyəsi yüksək olan zəngin ölkələrdə də xəstəlik halları kəskin artıb. Bu, ona görə baş verib ki, həmin ölkələrdə insanlar peyvəndlərlə bağlı sosial mediada həqiqətə uyğun olmayan məlumatların yayıldığından, uşaqlarına ümumiyyətlə peyvənd vurmamaq yolunu seçiblər.

ÜST qeyd edib ki, qızılca çox təhlükəli xəstəlikdir, hər il dünyada bu xəstəlik təxminən 100000 adamın ölümünə səbəb olur, xəstəliyin miqyası ilə bağlı gerçək rəqəmlər isə indiyədək məlum olan rəqəmlərdən xeyli böyük ola bilər.

ÜST rəhbəri Tedros Adhanom Ghebreyesus və UNICEF başçısı Henrietta Fore CNN-ə bildiriblər ki, "dünya qızılca böhranın episentrindədir" və bu cür vəziyyətin səbəblərindən biri də peyvəndlərlə bağıə "çaşdırıcı və ziddiyətli" məlumatların yayılmasıdır.

ÜST və UNICEF rəhbərləri deyiblər ki, "belə bir şəraitdə valideynlərin çaşbaş qalması başa düşüləndir", lakin "peyvəndləmənin faydası şübhəsizdir".

Onlar qeyd ediblər ki, "2000-ci ildən bəri qızılcaya qarşı peyvəndləmə 20 milyondan çox insanın həyatını xilas etməyə imkan verib".

Bir sıra ölkələrdə qızılca epidemiyası ilə bağlı, peyvəndləmənin icbari olaraq keçirilməsinə dair çağırışlar səslənib.

Ötən ay İtaliyada yaşı altıdan aşağı olan və qızılca, çiçək və digər xəstəliklərə qarşı peyvənd olunmamış uşaqlara məktəbə gəlmək qadağan olunub.

New York şəhərinin bəzi rayonlarında isə sağlamlıq durumu ilə bağlı fövqəladə vəziyyət elan olunub. Həmin rayonların sakinlərinə peyvəndləmədən keçmək göstərişi verilib. Qeyd olunub ki, bu göstərişə əməl etməyənlər cərimələnəcəklər.

Bu barədə daha geniş