Klassik kişi kostyumu sıradan çıxırmı?
- Cameron Laux
- BBC Mədəniyyət

Şəklin mənbəyi, Getty Images
Klassik kişi kostyumunun - əsl kişi geyiminin yerini "smokinq-don" və ipək pijama tutmağa başlayıb. Artıq nə gəldi geyinmək olarmı? Ənənəvi kişi obrazındakı bu dəyişikliklər hardan qaynaqlanır?
Dünyanın ən böyük investisiya banklarından biri olan "Goldman Sachs" öz əməkdaşları üçün yeni geyim qaydaları müəyyənləşdirib. Bankın bu sahədəki siyasəti xeyli yumşaldılıb: artıq kişilər kostyum əvəzinə köynək və "çinos" şalvar geyinə bilərlər, qalstukun düyününü də nisbətən boşaltmaq olar, amma "ağını çıxarmadan və qüsursuz davranış tərzinə xələl gətirmədən".
Bunu kostyum-qalstuk erasının sonunun başlanğıcı hesab etmək olarmı? Bu, kişi obrazının artıq dəyişməsi deməkdirmi? Və hansı istiqamətə?
Bildiyimiz kimi, klassik kostyum uzun zaman müəyyən "centlmen kişilik" tipinin sinonimi hesab edilib. Bəs, centlmen kimi görünməyin bugünkü şərti nədir?
Bütün aksessuarları - parıldayan çəkmələri, üçlü kostyumu və kişiliyin ləyaqət kodeksi də (kişinin centlmen olduğu uzaqdan bilinməlidir) daxil olmaqla, bu anlayış deyəsən, xeyli köhnəlib axı.
Amerikada 1931-ci ildə təsis edilmiş "Gentleman's Quarterly" ("Centlmenin Rüblüyü") jurnalı kişi stilindən yazır. 1957-ci ildə - ənənəvi kişilik və kişi dominantlığı çoxsaylı hücumlara məruz qalan dönəmdə nəşrinin adını qısaldıb GQ ediblər.
1960-cı illər ABŞ üçün ilk növbədə Vyetnam müharibəsi, kəskin etirazlar və köhnə mədəni dəyərlərdən imtina dövrüdür.
Şəklin mənbəyi, Getty Images
Həmişə qüsursuz geyinən John Fitzgerald Kennedy müəyyən tip kişilərin stilini təcəssüm etdirirdi
Kennedy əla tikilmiş kostyumlar, qar kimi ağ köynəklər geyinər, tutqun rəngli qalstuklar taxardı. Yan tərəfə daranmış saç düzümü heç vaxt dəyişməzdi. Onun xarici görünüşü bunu nümayiş etdirirdi: hər şey nəzarət altındadır, bütün detallar düşünülüb.
Bəli, Kennedy əla görünürdü. Amma kişilərin böyük əksəriyyəti üçün kostyum sadəcə iş formasıdır. Elə həmin dövrlərdə xeyli zədələnmiş kişilik anlayışı da məzmundan çox forma kimi qəbul olunur.
Hippiləri xatırlayaq - onların xarici görünüşlərini insanların özünü azad ifadə istəyi, boz kostyum standartına və bu standartın diqtə etdiyi bütün digər qəliblərə etiraz müəyyənləşdirirdi.
Göy cins şalvarlar məhz o dövrdə populyarlaşmağa başladı.
Rahat geyim və hər kəs üçün əlçatan olan cinslərdən bir addım sonrası isə bu günümüzün "küçə stili" inqilabıdır.
2019-cu ilin fevral ayında keçirilmiş "Oskar" təqdimatına nəzər salaq. Kişilərin çoxu o mərasimə kostyumda gəlmişdi, amma bir kişinin kostyumda necə görünə biləcəyinin müxtəlif variasiyaları da az deyildi.
"Qara bəbir" filminin baş qəhrəmanlarından biri Chadwick Boseman "Givenchy" brendinin daha çox qadın donunu xatırladan kostyumunu geymişdi.
Nyu-Yorkun 1980-lərdəki poliseksual dəbli həyatından bəhs edən "Duruş" teleserialının ulduzu Billy Porter isə Christian Sirianonun hazırladığı, qurşaqdan yuxarı smokinq pencəyini xatırladan geniş dondaydı.
Yaşamın bütün hallarında istifadə edilən klassik kişi kostyumundan indiki vəziyyətə bu cür keçid necə baş verdi?
Şəklin mənbəyi, Getty Images
Billy Porterin Oskar-2019 mərasiminə geyindiyi "smokinq-don" maraqla qarşılanıb
Əsl centlemenliklə bağlı mübahisələri unudun. İndi biz "Ümumiyyətlə, kişilik nədir" sualı ətrafında mübahisə edirik. Və ən başlıca sual - bügünkü kişi hansı vəziyyətdədir?
Bir çox toplumlarda, o cümlədən, bizim toplumumuzda "o" şəxs əvəzliyi "mən" və "biz" sözlərindən çox-çox az əhəmiyyətlidir.
Bu yerdə biz "GQ" jurnalının daha bir transformasiyasına yaxınlaşırıq. 2019-cu ilin əvvəllərində nəşrin kreativ direktoru Will Welch baş redaktor təyin edilib və ona jurnalın adını müasirləşdirmək tapşırığı verilib.
Məlum, son illərdə çap mətbuatı internet-mediayla qeyri-bərabər savaş içindədir. "GQ"-nin problemini dərinləşdirən həm də odur ki, jurnalın indiki hədəf kütləsi - milleniallar və post-milleniallar (40 yaşdan aşağı olanlar) hədəf qrupu olmağı heç xoşlamırlar. Üstəlik, bu gün "kişi" sözünün mənası da kifayət qədər "dumanlı" hala gəlib ("centlmenlər üçün jurnal", "kişilər üçün jurnal", sonra.. nə?).
Belə görünür ki, Welch-ə həlli mümkün olmayan tapşırıq verilib.
Şəklin mənbəyi, Getty Images
Aktyor Chadwick Boseman Oskar-2019 mərasiminə "Givenchy"markalı rəngarəng kostyumla qatılıb
Jurnalın yeni baş redaktor rəhbərliyində çıxan ilk sayı (fevral ayında) Welch-in şəkliylə illüstrasiya edilib - yerdə oturmuş, ayağındakı idman ayaqqabılarının bağlarını və altından tişört görünən bol köynəyinin düymələrini bağlamamış kişi şəkliylə.
Saçları yana daranıb, amma əlində iki döymə var. John Fidjerald-ın obrazından çox-çox uzaq görüntüdür, elə deyilmi?
"Nə gəldi geyinmək"
Bu şəkil - hansısa niyyətin açıq nümayişidir. Və onu qalstukun məqbul eni barədə çox sayda məqalə hazırlamış jurnal dərc edib.
"Mən "GQ"-nin baş redaktorunun necə geyinməli olduğu barədə kimlərinsə təsəvvürlərinə uyğunlaşmaq məcburiyyətində deyiləm" - Welch BBC-yə müsahibəsində belə deyib.
"Mənim təsəvvürümdəki "GQ" - hansısa uydurulmuş ideala uyğun gəlməyə çalışmaq, konkret tipli köynəklər geyinmək yox, özünü dərk etmək, özünə inanmaq və özünün ən yaxşı halında olmaqdır".
Jurnalın həmin o fevral nömrəsində sadəcə bir necə klassik kişi kostyumunun şəkli var, amma hətta ən konservativi də corabsız təqdim edilib.
Kişilər kimi, kostyumlar da dəyişir
Welch: "Hesab edirəm ki, kişi-qadın, kişilər üçün-qadınlar üçün, ağ-qara və sairə kimi binar yanaşmaların dəyişməsi həm mədəniyyət, həm də cəmiyyət üçün müsbət hadisədir. Bu o anlama gəlir ki, beynimizi ayıq, ürəyimizi açıq tutmalıyıq. Bu o deməkdir ki, biz hər bir fərdin dəyərini və individual təkrarolunmazlığını qəbul etməli və bunlara hörmətlə yanaşmalıyıq".
"Mr.Porter" kişi geyimləri onlayn-mağazası da bu sahənin ən yaxşı oriyentirlərindən biridir. Bu sektorda alış-verişin artma səbəblərindən biri kişilərin öz kimlikləri və hədəfləri haqqında daha dərin düşünməyə başlamasından xəbər verir.
"Mr. Porter" kimi saytlarda çox sayda məhsul təqdim edilir, onların çox az hissəsi kişi kostyumlarıdır.
Saytın alış üzrə direktoru Fiona Firth-in dediyi kimi, "küçə stilinin diqtə etdiyi indiki dövrdə klassik geyimlər getdikcə daha çox kənara atılır, çünki kişilər gündəlik həyatda sərbəst geyim tərzinə getdikcə daha çox üstünlük verirlər. Buna baxmayaraq, individual seçimlər qalmaqda davam edəcək - axı, hər bir kişinin həyatında klassik kostyum geyinməyi tələb edən hadisələr baş verir. Bu, toy da ola bilər, xüsusi tədbirlər də. Həm də kostyum böyük əksəriyyət üçün ofis geyimi olaraq qalmaqdadır".
Ancaq Firth onu da qeyd edir ki, zaman klassik kostyumları dəyişmələrə məzruz qoyur: "Kostyumlar müasirləşir, daha sərbəst yanaşmalar nəticəsində fərqli biçimlər yaranır, müasir geyim standartlarına uyğunlaşır. Mən hesab edirəm ki, klassik kostyum erası bitməyəcək, sadəcə kişilərin yeni həyat stillərinə adaptasiya olunacaq".
Şəklin mənbəyi, Getty Images
Musiqiçi və müğənni Ezra Koenig "GQ" jurnalının "İlin ən dəbli kişiləri" mükafatının təqdimatı mərasiminə kostyumsuz qatılıb
"Mr. Porter" saytının 2018-ci ilə aid "Ən dəbli kişilər" siyahısında səkkiz kişi var və onlardan üçü (biri şahzadə Charles olmaqla) kostyumdadır. Bu səkkiz şəxs ən müxtəlif etnik qrupların təmsilçiləridir və hər birinin öz stili var. Məsələn, ispaniyalı futbolçu Hector Bellerin Londonda keçirilən moda həftəsinə ipək pijamada və "Gucci"nin xəzli çəkələk gedib.
Bir il sonrakı siyahıda nisbətən ciddi geyimli kişilərin adı var. Onlardan dördü kostyumdadır. Çəhrayı rəngli kostyum geymiş Chadwick Boseman yenə möhtəşəm görünür.
Aydındır ki, belə siyahılara əsasən cəsarətli, avantürist geyimlərə üstünlük verən kişilər düşür.
Şəklin mənbəyi, Getty Images
Hector Bellerin Londondakı moda həftəsinə ipək pijamayla və "Gucci"nin xəzli çəkələklərində qatılıb
Kişilər dəyişdiyi kimi, kostyumlar da dəyişir. Əvvəllər klassik geyim tərzi ciddi protokol qaydalarına əməl etməyi ehtiva edirdi. Amma bu gün hər cür geyinmək mümkündür. Son dəbli kostyumla idman ayaqqabısı geymiş kişi artıq heç kimi təəccübləndirmir. Üstəlik, ən müxtəlif rənglərdə kostyumlar var - açıq çəhrayıdan bənövşəyiyə qədər. Sanki onlar dəbin daha mürəkkəb qaydalarının bir parçasına çevrilib.
Welch deyir ki, "Los-Ancelesdə, Nyu-Yorkda və ya Londonda olanda qəflətən hər şeyin bir-birinə uyğun gəldiyini görürsən. Siz əyninizə kostyum, ayağınıza çəkələk geyinə bilərsiniz. Siz qismən 60-ların, qismən 70-lərin, 80-lərin və 90-ların stilinə müraciət edə bilərsiniz. Eyni adam bir həftə ərzində həm rəsmi, həm də pank, mod, hippi və ya hip-hop pərəstişkarı kimi geyinə bilər. Bu, zəmanənimizin həqiqətən unikal olduğunu göstərir".
Kişi geyim mədəniyyəti və onun əsas hissələrindən biri olan klassik kostyum stili bəlkə də ömrünü başa vurmaqdadır, amma yerində yeni şeylər yaranır.
Yəqin ki, boz və ya qara kostyum həmişə klassika olaraq qalacaq. Ümid edirəm ki, nə vaxtsa "smokinq-don" da klassika sayılacaq.