Kaliforniyadakı sinaqoqda atışma: şübhəli həbs olunub

Polis Fotonun müəllifi Reuters

ABŞ-da, Kaliforniya ştatının Poway şəhərindəki sinaqoqda yəhudi Pasxa bayramının sonuncu günü qeyd edilərkən baş vermiş atışma nəticəsində bir qadın ölüb və üç nəfər yaralanıb.

Rəsmilərin bildirdiyinə görə, hadisə ilə bağlı San Diego şəhərinin sakini olan 19 yaşlı kişi saxlanılıb və indi onun sosial şəbəkələrdə yaydığı mesajlar və açıq məktubu yoxlanılır. Hücum törətdiyi güman edilən şübhəlinin adı John Earnest-dir.

John Earnest mart ayında yaxınlıqdakı şəhərdə yerləşən məsciddə baş vermiş yanğınla bağlı istintaq altında olub, Associated Press xəbər verib.

Sinaqoqa hücum edənin AR-15 yarı-avtomatik tüfənglə siahlandığı bildirilir.

Fotonun müəllifi AFP
Image caption Hadisə sinaqoqda yəhudi Pasxa bayramının sonuncu günü qeyd edilərkən baş verib.

Təxminən 50 min insanın yaşadığı Poway şəhərinin meri hücumun nifrət hissi zəminində baş verdiyini güman edib.

"Məndə olan məlumata görə, bunu yəhudi icmasına nifrət hissi bəsləyən biri edib", - hücumçunun sinaqoqa basqın edərkən qışqırdığı sözlərinə istinad edən şəhər meri deyib.

ABŞ prezidenti Donald Trump da hadisəylə bağlı oxşar bir bəyanatla çıxış edib: "Hələlik bu hadisə nifrət zəminində törədilmiş cinayətə bənzəyir. Bütün zərər çəkmişlərə dərin hüznlə başsağlığı bildirirəm. Hadisənin kökünə gedib çıxacağıq".

Bu barədə daha geniş