Sərxoş adamın qanı ağcaqanadların xoşuna gəlirmi?

Комар ağcaqanad Fotonun müəllifi Getty Images

İsti may günlərində istirahət etmək - təbiət, kabab, pivə və bir də... ağcaqanad deməkdir. İnsan qanındakı spirt bu xoşagəlməz həşəratların davranışına necə təsir edir?

Bir neçə il əvvəl mən Danimarkada vintaj avtomobillərin rallisində fotoqraf qismində iştirak edirdim. Orada finişə kimin birinci çatacağından daha çox ətrafdakıların diqqətini çəkəcək şəkildə geyinmək qabiliyyətinə diqqət yetirilirdi.

Tədbir Myon adasında yekunlaşdı - nahar, rəqs və çoxlu içki. Bir neçə saat sonra (Bu müddətdə xeyli içki içilmişdi) düşündüm ki, ulduzlar sayrışan göyün altında uzanıb dincəlmək yaxşı olar.

Həmin gün mən üç vacib şey kəşf etdim: a) yayda Danimarkada qəddar ağcaqanadlar olur; b) bu ağcaqanadlar hətta köynəyin və hətta şezlonq parçasının üstündən də dişləyə bilir; v) biz spirtli içki içməyə başlayanda ağcaqanadlar bunu nahar üçün siqnal kimi başa düşürlər.

O gecə bütün kürəyim köpəş-köpəş olmuşdu - necə deyərlər, Danimarka səfərindən xatirə. Ancaq mənim evə aparmaq istədiyim suvenir bu deyildi.

Amerika Ağcaqanadlarla Mübarizə Assosiasiyasının jurnalında (Journal of the American Mosquito Control Association) dərc edilmiş məlumata görə, 2002-ci ildə araşdırmaçılar alkoqol qəbul edən şəxslərin ağcaqanadlar tərəfindən hücuma məruz qalması ehtimalının dəfələrlə artdığını aşkar ediblər.

13 nəfərin cəlb edildiyi həmin eksperiment zamanı məlum olub ki, bir şüşə pivə içmək ağcaqanadların diqqətini çəkmək ehtimalını yüksəldir.

Onların nə üçün daha çox içkili şəxslərə meyl etməsinin səbəbi isə hələ ki, tam olaraq aydın deyil.

Bilinən odur ki, əsas etibarilə onları bizim nəfəsimizdəki iki element cəlb edir - karbon dioksid və oktanol (yağlı spirtlər sinfinə aid orqanik maddə).

Bu fakt ortaya başqa bir sual çıxarır: içkili şəxsi dişləyən ağcaqanad özü də sərxoş olurmu?

Maraqlıdır ki, min illərdir qanımızı içən həşəratın bu "xüsusiyyəti" heç kim tərəfindən araşdırılmayıb.

"Məncə, yox, çünki sərxoş insanın qanındakı alkoqol miqdarı çox az olur", - Pensilvaniya Universitetinin (Filadelfiya) etnomoloqu Tanya Depki BBC Future-yə belə deyib.

Ancaq biz Depkinin fikrini təsdiq edən ciddi elmi sübut tapmaq istəsək, məlum olacaq ki, bu sahə, yumşaq desək, çox az araşdırılıb.

Fotonun müəllifi Getty Images
Image caption Araşdırmaçılar hesab edirlər ki, spirtli içki qəbul edən zaman dərimizdən ifraz olunan etanol ağcaqanadları cəlb edə bilər.

"Gözəl yaşamağı qadağan edə bilməzsən" ("Absolutely Fabulous") serialının personajı Petsi Stounun belə bir replikası var: "Məni dişləyən sonuncu ağcaqanad sərxoşları ayıltma məntəqəsinə uçmaq məcburiyyətində qalıb".

Ancaq real həyatda həşəratlar alkoqola qarşı xeyli dözümlüdürlər.

Şimali Karolina Universitetinin əməkdaşı Kobi Şal bu yaxınlarda "Popular Science"-də dərc etdirdiyi məqalədə qeyd edib ki, 10 pay spirtli içki qəbul etmiş şəxsin qanında alkoqolun səviyyəsi 0,2 faizə çata bilir.

Ağcaqanad bu şəxsi dişləyərsə, nəticəsini ciddiyə almamaq olar - bir dişləmdə, o, elə az miqdarda qan sorur ki, həmin qandakı alkoqolun tündlüyü ekvivalent olaraq bizim içdiyimiz içkinin 1/25-inə bərabər olur.

Ağcaqanadlar min illərdir bizim qanımızı içir, amma bu məsələni indiyə qədər, demək olar ki, heç kim araşdırmayıb.

Təkamül ağcaqanadların köməyinə çatıb - qandan başqa bütün mayelər xüsusi həzm kisəsinə yığılır və fermentlər tərəfindən parçalanır.

Ona görə də, alkoqol, böyük ehtimalla, həşəratın sinir siteminə təsir etməyə macal tapmamış neytrallaşdırılır.

"Yetkin həşəratların çoxunda çinədan olur. Onlar qəbul etdikləri bütün mayeləri orda saxlayırlar. Fermentlər bütün zərərli maddələri parçalayır - alkoqolu da, bakteriyaları da. Mayelər ancaq bundan sonra orqanizmə daxil olur", - London Təbiətşünaslıq Muzeyinin böyük kuratoru, "Milçəklərin gizli həyatı" ("The Secret Life of Flies") kitabının müəllifi Erika Makalister belə deyir.

O, alkoqolun drozofil milçəklərinə təsirini araşdırıb və diqqət edib ki, bu balaca varlıqlar çürümüş meyvələri çox sevirlər.

Fotonun müəllifi Getty Images
Image caption Həşəratlar alkoqola qarşı çox dözümlüdür.

Erika Makalister "bilmirəm, spirtli içkilər ağcaqanadlara təsir edir, ya yox, amma drozofillər ciddi dərəcədə sərxoş olurlar. Hərçənd onların alkoqola dözümü kifayət qədər yüksəkdir. Kiçik dozalar onları hiperaktiv və oynaq hala gətirir. Eyni zamanda, onların partnyor seçimindəki tələbkarlığını azaldır. Böyük dozalarsa drozofilləri huşsuz hala salır" deyir.

Şəkərin fermentləşməsi sayəsində tərkibində alkoqol əmələ gələn çürümüş meyvələri ağcaqanadlar da sevirlər.

İnsan qanını ancaq dişi ağcaqanadlar içir - yumurta qoymaq üçün lazım olan proteini əldə etmək üçün.

Böyük dozalar drozofilləri huşsuz hala salır

Erkək və dişi ağcaqanadlar güllərin şirələrini də içirlər (Əsas tozlandırıcılardan biri də ağcaqanaddır) və beləliklə də yaşamaq üçün vacib olan enerjini əldə edirlər. Bəzən fermentlər sayəsində bu nektar da az miqdarda alkoqola çevrilir.

Tanya Depki alkoqollu şəxslərin ağcaqanadlar üçün cəlbedici olub-olmaması məsələsinin onu da maraqlandırdığını deyir.

Bəzi insanlar genetik olaraq ağcaqanadların diqqətini çəkirlər, belələrinin 20 faiz olduğu hesab edilir. Belə genetik xüsusiyyətlərdən biri qan qrupudur. Məsələn, araşdırmaların birində aşkar edilib ki, ağcaqanadlar qanı birinci qrup olan şəxsləri qanı ikinci qrup olanlarla müqayisədə iki dəfə çox dişləyir.

Digər risk faktorları yüksək temperatur, hamiləlik (Ola bilsin, bu da bədən temperaturuyla əlaqəlidir), tez-tez dərindən nəfəsalma (havaya buraxılan karbon dioksid qazına görə) və böyük bədən ölçüsü də buna təsir edə bilər.

Pivə içmiş şəxslər ağcaqanadlar üçün cəlbedici olurlar

Ağcaqanadlar dişləmə "ünvanı" məsələsində də seçicidirlər, bəziləri əlləri və ayaqları, bəziləri isə karbon dioksidin ifraz olunduğu ağız və burun ətrafını - üzü və boyunu dişləyirlər.

"Mən Kosta-Rikaya getmişdim, orda ağcaqanadlar məni ayağımın altından dişləyirdilər, təsəvvür edirsinizmi?!", - Tanya Depki heyrətlə deyir.

Ola bilsin ki, sərxoş insanda ağcaqanadlar üçün əsas kimyəvi siqnal tərlə birlikdə ifraz olunan etanoldur - 2002-ci ildə aparılmış araşdırmanın nəticəsi bu qənaəti yaradır.

Oxşar eksperiment 2010-cu ildə Burkina-Fasoda da aparılıb. 18 nəfərin cəlb edildiyi araşdırma zamanı təsdiq olunub ki, içkili şəxslər ağcaqanadları daha çox cəlb edirlər.

Alkoqol qəbul etmiş şəxsin bədənindən tərlə birlikdə ifraz olunan son dərəcə az miqdarda etanol ağcaqanadlar üçün "nahara" dəvət rolunu oynayır.

Fotonun müəllifi Getty Images
Image caption Bəzi insanların genetik xüsusiyyətləri onları ağcaqanadlar üçün cəlbedici edir.

Həmin araşdırmanın hesabatında qeyd edilib ki: "Nəfəslə havaya buraxılan karbon dioksid qazı və bədənin temperaturu insanı ağcaqanadlar üçün daha çox cəlbedici etmir. Ancaq eksperimentdə iştirak etmiş könüllülər arasındakı individual fərqlərə baxmayaraq, onların pivə içməsi bütün hallarda ağcaqanadların onlara qarşı diqqətini artırıb".

"Əgər siz acsınızsa və şəhərdə dolaşırsınızsa, ayaqlarınız sizi, məsələn, hot-doq iyi gələn tərəfə aparacaq. Ola bilsin, siz məhz hot-doq yemək istəmirsiniz, amma bu iy sizə yeməyin hansı tərəfdə olduğunu nişan verir", - Tanya Depki belə deyir.

Erika Makalister də onunla təxminən eyni fikirdədir: "İnsan orqanizmindəki alkoqol, ola bilsin, ağcaqanadlar üçün yeməyə çağırış rolunu oynayır. Ancaq həşəratları sizə cəlb edən əsas faktor, yəqin ki, sizin genetik kodunuzdur".

"Yəni buz kimi pivədən vaz keçsəniz belə, bu, zəhlətökən ağcaqanadlardan xilas üçün zəmanət olmayacaq.

Bəlkə də əksinə, spirtli içki ağcaqanadlara qarşı dözümünüzü artıracaq - yüngül sərxoşluq halında dəriniz lap da çox qaşınmayacaq. Mənə inana bilərsiniz, başıma gəlib", - o deyib.

Bu barədə daha geniş