Qazaxıstan: gənc fəal boş plakata görə saxlanılıb?

Aslan Saqutdinov Fotonun müəllifi Uralskaya Nedelya/YouTube
Image caption Aslan Saqutdinovun hərəkəti polisi ilk əvvəl çaşbaş qoyub.

Qazaxıstanda polis boş plakatla küçədə dayanan gənc fəalı saxlayaraq polis məntəqəsinə aparıb.

29 yaşlı videobloqçu Alan Saqutdinov deyib ki, boş plakatla küçəyə çıxmasının məqsədi Qazaxstanda polisin insanlara hətta ağ kağız parçası ilə də küçədə dayanmağa icazə vermədiyini nümayiş etdirmək olub.

Aslan Saqutdinov yaşadığı Oral şəhərinin mərkəzində yerləşən Abay meydanında, yerli icra hakimiyyəti binası qarşısında ağ kağız parçası ilə dayanaraq piket keçirib.

Videobloqçunun polis tərəfindən saxlanması səhnəsini onun həmkarı lentə alıb və həmin video "Uralskaya Nedelya" qəzetinin vebsaytında dərc olunub.

"Mən etiraz aksiyası keçirmirəm. Göstərmək istəyirəm ki, hətta boş plakatla dayananda və heç bir şüar söyləməyəndə belə polis məntəqəsinə aparılıram", - Saqutdinov hadisəni izləyən jurnaliustlərə deyib.

"Araşdırarıq"

İlk əvvəl hadisə yerinə gələn şəhər merinin köməkçisi Yerbol Kuşekov videobloqçunu əmin edib ki, onu heç kim saxlamayacaq, Uralskaya Nedelya bildirib.

Lakin köməkçi mobil telefonla kiminləsə danışdıqdan sonra yol polisi əməkdaşları Saqutdinova yaxınlaşaraq onu xidməti maşına otuzuduraraq aparıblar.

Saqutdinovun saxlanılmasının səbəbini soruşduqda polislərin cavabı belə olub: "Araşdırarıq".

Qazaxıstanda mart ayında Nursultan Nazarbayev prezidentlik vəzifəsindən istefa verdiyini elan edəndən sonra küçə etirazları dalğası baş verib.

Bu etirazlara təkan verən ölkə paytaxtına Nazarbayevin adını vermək qərarı olub. Tədricən etirazlar daha kəskin siyasi xarakter alıb, etirazçılar iyun ayında keçiriləcək seçkilər və keçmiş prezidentin və onun ailəsinin hökmranlığının davam etməsi ilə bağlı narahatlıqlarını bildiriblər.

Həmin etiraz aksiyaları polis tərəfindən dağıdılıb, iştirakçılar saxlanılıb və məhkəmələr onlara həbs hökmləri çıxarıb.

Aslan Saqutdinovun boş plakata görə saxlanmasını Qazaxıstanın tanınmış siyasi təhlilçisi Dosım Satpayev Facebook səhifəsində lağa qoyub.

"Bu, siyasi zarafatdır. Bir azdan ağ kağız və ağ paltarı da silah sayacaqlar, ağ mələfə almaq üçün isə icazə tələb olunacaq", - o, Facebook səhifəsində yazıb.

Fotonun müəllifi Ruslan Pryanikov/AFP/Getty Images
Image caption Qazaxıstanda mart ayından bəri küçə etitrazları dalğası baş verib.

Daha bir Facebook istifadəçisi isə yazıb ki, belə getsə, tualet kağızı bağlaması ilə bayıra çıxanı da etirazçı sayacaqlar".

Məntəqəyə aparıldıqdan bir müddət sonra polis Aslan Saqutdinovu azad buraxıb.

"Onlar məni nədə ittiham etməyi bilmirdilər ", - videobloqçu Uralskaya Nedelya qəzetinə deyib.

Fotonun müəllifi Uralskaya Nedelya/YouTube
Image caption Məntəqəyə aparıldıqdan bir müddət sonra polis Aslan Saqutdinovu azad buraxıb.

Bu barədə daha geniş