İran körfəzində iki Səudiyyə neft tankerinə kim hücum etdi?

BƏƏ Fotonun müəllifi Getty Images
Image caption İddia edilən təxribat hücumu BƏƏ-nin əl-Füceyrə limanında baş verib.

Səudiyyə Ərəbistanının iki neft tankeri bazar günü Birləşmiş Ərəb Əmirlikləri sahili yaxınlığında "təxribat hücumuna" məruz qalıb, Səudiyyənin Energetika naziri bildirib.

"İnsident Hörmüz boğazında Əl-Füceyrə limanı yaxınlığında baş verib, gəmilərə ciddi zərər dəyib", - Xalid əl-Fəlih qeyd edib.

BƏƏ bildirib ki, dörd gəmi hədəf seçilib, lakin tələfat olmayıb.

Böğazla sərhədi olan İran, insidenti "narahatedici və dəhşətli" adlandıraraq, hərtərəfli araşdırılmasına çağırıb.

Payına dünya neft daşımalarının beşdə biri düşən bu bölgədə vəziyyətin gərgin olduğu qeyd edilir.

ABŞ öz qüvvələrinə və dəniz daşımalarına yaranan İran təhlükəsinə görə bölgədə öz hərbi gəmilərini yerləşdirib. ABŞ bu addımı İranın əsas neft idxalçılarını İrana qarşı sanksiyaların təsirindən azad edən möhləti ləğv etdikdən sonra atıb.

İnsident barədə nə məlumdur?

Deyilənə görə, bazar günü Oman körfəzində BƏƏ ərazi sularında əl-Füceyrə əmirliyinin şərqində səhər saat 06:00-da (Bakı vaxtı) baş verən insidentin təfsilatları barədə məlumat yoxdur.

BƏƏ XİN-i bazar günü axşam bildirib ki, naməlum dörd kommersiya gəmisi "təxribat əməliyyatına" məruz qalıb, lakin tələfat və kimyəvi maddələrin dənizə tökülməsi barədə məlumat olmayıb.

Qeyd olunub ki, BƏƏ rəsmiləri bütün tələb olunan tədbirləri görüb və insident araşdırılır.

Nazirlik əl-Füceyrə limanında yanğın və partlayış barədə xəbərləri "əsassız" adlandıraraq limanda vəziyyətin normal olduğunu bildirib.

Bazar ertəsi səhər rəsmi Saudi Press agentliyi Xalid əl-Fəlihi iqtibas edərək bildirib ki, hədəf seçilən gəmilər arasında iki Səudiyyə gəmisi də olub.

"İki gəmidən biri Səudiyyə nefini Ras Tanura limanından Səudiyyənin Aramco şirkətinin ABŞ-dakı müştərilərinə çatdırmalı idi",- Xalid əl-Fəlih əlavə edib.

"Xoşbəxtlikdən hücum tələfata və ya neftin axmasına gətirib çıxarmayıb; lakin iki gəminin konstruksiyasına ciddi zərər dəyib", - o qeyd edib.

İddia edilən zərərə dair heç bir görüntü dərc olunmayıb.

Lakin Intertanko müstəqil tanker sahibləri və operatorları assosiasiyası "azı iki gəmidə silah işlədilməsi nəticəsində əmələ gəlmiş dəliklərin şəklini" görüb, Reuters bildirib.

Kim təqsirləndirilir?

Səudiyyə və BƏƏ heç bir qrupu və ya ölkəni ittiham etməyib.

Lakin Xalid əl-Fəlihh deyib ki, baş vermiş hadisənin məqsədi "dəniz naviqasiyasını pozmaq və dünya boyu müştərilərin neftlə təchizatının təhlükə altında olduğunu nümayiş etdirmək olub".

"Beynəlxalq birlik dəniz naviqasiyasının və neft tankerlərinin təhlükəsizliyinin təmin edilməsilə bağlı və bu cür insidentlərin enerji bazarlarına mənfi təsirinin qarşısının alınması ilə bağlı məsuliyyət daşıyır", - o əlavə edib.

İranın yarırəsmi İsna xəbər agentliyi Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Müsəvidən iqtibas gətirib: "Bu cür insidentlər dəniz daşımalarının təhlükəsizliyinə mənfi təsir göstərir", o deyib. O, bölgə ölkələrini "xarici agentlərin təxribatçı hərəkətlərinə qarşı ayıq-sayıq olmağa" çağırıb.

Bazar ertəsi səhər neftin satış qiyməti artıb: belə ki, Brent markalı neftin qiyməti 0,78% artaraq 1 barrel üçün $70.94 təşkil edib. West Texas Intermediate markası altında satılan ABŞ neftinin satış qiyməti 0,71% bahalaşaraq 1 barrel üçün $62.14 olub.

Bu barədə daha geniş