"Biz bunu heç ağlımıza da gətirmirdik!" Özbəkistanda hakimiyyəti tənqid edən saytlara giriş bərpa olunub

BBC Özbəkistan Xidməti
Image caption Rəsmi Daşkəndi tənqid edən saytlar, o cümlədən, BBC Özbəkcənin saytı 10 ildən çoxdur ki, ölkə ərazisində bloklanmışdı

Özbəkistanda 10 ildən çoxdur ki, bloklanmış olan bir neçə sayta qarşı qadağa aradan qaldırılıb. Ötən həftədən etibarən hakimiyyət hüquq müdafiəsi təşkilatlarının və rejimi tənqid edən xarici ölkə mediasının saytlarına girişi bərpa edib.

ATƏT artıq bu qərarı alqışlayıb. Amma bu, Özbəkistan hakimiyyətinin görüntü üçün atdığı addım da ola bilər, çünki bəzi müxalifyönlü saytlar və xəbər portallarına hələ də blok aradan qaldırılmayıb.

Məsələn, Azadlıq radiosunun Özbəkistan xidmətinin saytı blokdan çıxarılmayıb.

"Özbəkistanda artıq hər şeyin normal olduğunu demək doğru olmazdı. Amma İslam Kərimovun dövrü ilə müqayisədə və ya üç il bundan əvvəlki vəziyyətə nisbətən daha azadıq. Həm jurnalistlər, həm də indi daha çox tənqidi material dərc edən oxucular xeyli sərbəstləşiblər, sosial şəbəklərdə görünməmiş aktivlik var" - BBC Özbəkistan xidmətinin baş redaktoru Xayrullo Fayz belə deyir.

2016-cı ildən bu yana Özbəkistan hakimiyyəti liberallaşma yönündə addımlar atmağa davam edir: siyasi əfv elan edilib, turizmin inkişafına şərait yaradılıb, xarici investisiyaların cəlb edilməsi üçün işlər görülür.

Hansı saytlar blokdan çıxarılıb?

Bu ilin aprel ayında ATƏT-in KİV-də azadlıq məsələləri üzrə nümayəndəsi Harlem Dezir Özbəkistan hakimiyyətini saytlar üzərindəki qadağanı aradan qaldırmağa, informasiyanın əldə olunması və ifadə azadlığını tənzimləyən normativ aktları dəyişməyə çağırıb.

Mayın 10-da İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin rəhbəri Komil Allamjonov BBC Özbəkistan xidmətinin, "Deutsche Welle" telekompaniyasının, "Amerikanın səsi" radiosunun, "Eurasianet.org" , "AsiaTerra", "Fergana" və digər media qurumlarının, o cümlədən, "Sərhədsiz Reportyorlar", "Amnesty International" və "Human Rights Watch" təşkilatlarının saytlarına girişin bərpa edildiyini bildirib.

Allamjonov qeyd edib ki, bu saytları "texniki problemə görə" açmaq mümkün olmayıb və hazırda bu problemlər aradan qaldırılıb.

Müstəqil şərhçilər texniki problemlərin uzun illər boyu nə üçünsə ancaq müxalifyönlü və xarici saytlara, o cümlədən, hüquq müdafiəsi ilə məşğul olan bəzi təşkilatların saytlarına maneə yaratdığına diqqət çəkiblər.

Özbəkistan hakimiyyəti bir sıra xəbər portallarını və analitik onlayn resursları 2005-ci ildən etibarən bloklamağa başlayıb.

O zaman bir çox Qərbi Avropa ölkələri, ABŞ və beyəlxalq hüquq müdafiəsi təşkilatları Əndican əyalətində baş vermiş qarşıdurmada Özbəkistan hakimiyyətinin fəaliyyətini kəskin tənqid etmişdi. Həmin hadisədə təxminən 200 nəfər həlak olmuşdu.

Fotonun müəllifi Getty Images
Image caption 2016-cı ildən etibarən Özbəkistan hakimiyyəti ölkəyə turist və xarici invesitisiya cəlb etməyə çalışır

Hakimiyyət nə üşün bu addımı atdı?

Saytlara giriş qadağasının aradan qaldırılması Özbəkistan prezidenti Şövkət Mirziyoyevin siyasi liberallaşdırma siyasəti ilə əlaqəlidir.

O, 2016-cı ilin sonunda - 25 illik prezidentliyi dönəmində Özbəkistanı ən repressiv dövlətlərdən birinə çevirmiş İslam Kərimovdan sonra hakimiyyətə gəlib.

Mirziyoyevin rəhbərliyində ölkə yavaş-yavaş da olsa, mətbuat azadlığının ümumdünya indeksi üzrə irəliləməkdədir. 2017-ci ildə 169-cu yerdə olan Özbəkistan bu il 160-cı yerə yüksəlib. Bu isə o deməkdir ki, rəsmi Daşkənd dövlət senzurasını azaltmaq siyasəti yürüdür.

Son vaxtlar sosial şəbəkələrin Özbəkistan seqmentində saytların blokdan çıxarılması çağırışları xeyli artmışdı. Bir çox "Facebook" istifadəçisi prezidentin qızı, təzəlikcə İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktor müavini təyin edilmiş Səidə Mirziyoyevaya ünvanlanmış statuslar və məktublar yazırdılar.

Hakimiyyətin bloklama siyasətinin dəyişməsinə sosial şəbəkələrin populyarlaşması faktoru da təsir edə bilərdi.

Məsələ burasındadır ki, bloklanmış saytlarda dərc olunmuş materialların böyük qismi onların "Facebook" səhifəsinə və ya "YouTube" kimi sosial platformalara yerləşdirilir. Bu durum saytların əngəllənməsini müəyyən ölçüdə səmərəsizləşdirir və hakimiyyət üçün əhəmiyyətsiz tədbir halına gətirirdi.

"Hesab edirəm ki, bu, indiki hakimiyyətin ən vacib qərarlarından biridir. Üç il əvvəl biz bunu heç ağlımıza da gətirmirdik. Ümid edirəm ki, hakimiyyət söz azadlığı olmadan digər islahatların real nəticə verməyəcəyini anladığı üçün bu addımı atdı" - Fayz belə deyir.

Bütün bunlar hansı mənanı verir?

Özbəkistan hakimiyyətinin bu qərarına münasibət birmənalı deyil.

ABŞ-da yaşayan özbəkistanlı politoloq Rəfael Səttarov belə hesab edir ki, "Bəzi media quruluşlarının və hüquq müdafiəsi təşkilatlarının saytlarına qadağanın aradan qaldırılması Allamjonovun demokratikləşməsi və ya müdrik olması əlaməti deyil. Bu addım Almaniya prezidenti Steinmeier-in səfəri öncəsi ölkədə pozitiv atmosfer yaratmaq üçün atılıb".

Səttarov həmçinin əlavə edir ki, hər belə səfərdən əvvəl rejim jurnalistlərə akreditasiya verir, blokladığı saytlara girişi bərpa edir: "Prezident Kərimovun dövründə bloklama siyasəti saat kimi işləyirdi, hansısa böyük qonağın gəlişindən əvvəl "pozitiv məzmun" üçün, adətən, siyasi məhbusları azad edirdilər. Forma dəyişmir, forma".

"Mən bu günlərə qədər yaşaya bildiyimə sevinirəm. Bəlkə pafoslu səslənəcək, amma hesab edirəm ki, bu qərar prezidentin apardığı islahat siyasətinin nəticəsidir. Aydındır ki, bu, əvvəlki rəhbərliyin dövründə mümkün olmazdı" - "Fergana.ru" saytının baş direktoru Daniil Kiselyov "Repost.uz" saytına müsahibəsində belə deyib.

"Human Rights Watch" təşkilatının Mərkəzi Asiya üzrə nümayəndəsi Steve Swerdlow bu qərarı Özbəkistanda söz azadlığının artması yönündə atılmış son dərəcə vacib addım hesab edir.

Politoloq Əlişer İlhamov isə deyir ki, Mirziyoyev sələfi Kərimovun nümunəsini təkraralayaraq ancaq təhlükəsiz hesab etdiyi saytları blokdan çıxarmış ola bilər:

"Mümkündür ki, Mirziyoyevin komandası qismən bloklama təcrübəsini bərpa edir və bunu piar-kampaniyaya çevirməyə çalışır".

Sonra nə olacaq?

İndiyə qədər Mirziyoyevin KİV-lə bağlı islahatları mədud, amma həm də nisbətən ardıcıl xarakter daşıyıb.

Bu o deməkdir ki, Özbəkistan hakimiyyəti gələcəkdə blokdan azad edilən saytların sayını artıra bilər. Amma sözügedən qərar, çətin ki, müxalif siyasi təşkilatların internet səhifələrinə də şamil olunsun.

Üstəlik, o da var ki, qadağaların qaldırılması barədə açıqlama verən Allamjonov xarici media qurumlarını və jurnalistləri "jurnalist etikasını gözləməyə, təsdiqlənməyən və doğru olamayan informasiyaları dərc etməməyə, əsassız şaiyə və şübhələri yaymamağa" çağırıb.

Bu həm də ondan xəbər verə bilər ki, hakimiyyət dövlətin nəzarəti altnda olmayan KİV və jurnalistlərə hələ də ehtiyatla yanaşır.

"Mən hesab edirəm ki, bu gün hakimiyyətdə Kərimov olsaydı, biz jurnalistlərin çoxu həbsdə olardı. İndi biz işləyirik. Amma bunu da qeyd etmək lazımdır ki, bəzi jurnalistlərə və bloqçulara təzyiqlər hələ də davam edir" - Fayz belə deyir.

Bu yaxınlarda Çap Nəşrlərinə Dəstək Fondunun sədri, jurnalist Səidəbdüləziz Yusupov fırıldaqçılıqda şübhəli bilinərək həbs olunub. Jurnalistlərin və bloqçuların böyük əksəriyyəti onun azadlığa buraxılmasını tələb edib.

"Özbəkistanda jurnalist həmrəyliyinin yaranması artıq vəziyyətin dəyişməsindən xəbər verir" - BBC Özbəkistan xidmətinin baş redaktoru belə hesab edir.

Bu barədə daha geniş