Qrenlandiyada arzuolunmaz hamiləliklərin sayı niyə bu qədər çoxdur?

Kuklalar Fotonun müəllifi PAARISA
Image caption Hökumətin təşəbbüsü ilə məktəblərdə həyata keçirilən "Kukla layihəsi" yeniyetmələrə gənc yaşlarda uşaq doğmağın fəsadlarını izah edir.

"Mən tərəddüd etmədim. Biz abort barədə açıq danışırıq. Sonuncu dəfə abort etdirəndə bunu dostlarıma da, ailəmə də dedim", - Qrenlandiya sakini, 19 yaşlı Piia* BBC-yə deyib.

O, son iki ildə beş dəfə abort etdirib.

"Adətən qoruyucu vasitərəldən istifadə edirəm, lakin bəzən bunu etməyi unuduram. İndi mən uşaq saxlaya bilmərəm; məktəbin son ilindəyəm", - Qrenlandiya paytaxtı Nuuk-da yaşayan yeniyetmə deyir.

Və o, bu fikrində tək deyil.

Rəsmi statistikaya əsasən, 2013-cü ildən bəri Qrenlandiyada hər il orta hesabla 700 doğuş və 800 abort halı olub. Görəsən, Qrenlandiyada abort statistikasının belə yüksək olmasının səbəbi nədir?

Fotonun müəllifi CHRISTIAN KLINDT SOELBECK
Image caption Paytaxt Nuuk-da tələbələr çərşənbə gününü "abort günü" adlandırır.

Böyük qəbahət sayılmır

Qrenlandiya dünyanın ən böyük adası olsa da, əhalisi təxminən 56 mindir.

Hamilə olan qadınların təxminən yarısı hamiləliyi davam etdirmir.

Nəticədə, Qrenlandiyada hər 1000 qadına təxminən 30 abort düşür.

Müqayisə üçün, Danimarkada abort indeksi xeyli aşağıdır - hər 1000 qadına 12 abort düşür.

Qrenlandiyada rəsmi olaraq özünüidarə sistemi olsa da, bu ərazi Danimarkadan asılı statusa malikdir.

Hətta iqtisadi çətinliklər, mənzil təminatı və təhsilin qənaətbəxş olmaması nəzərə alınmaqla, hamiləliyin qarşısını alan vasitələrin pulsuz və əlçatan olduğu ölkədə abort statistikasının belə yüksək olması təəccüb doğurur.

Hətta abortlara qanunla icazə verildiyi ölkələrdə belə abort edilməsinə yaxşı baxılmır, Qrenlandiyada isə bəzi qadınları bu məsələ narahat etmir; onlar arzuolunmaz hamiləliyi qəbahət saymırlar.

Fotonun müəllifi Getty Images
Image caption Danimarkadan asılı vəziyyətdə olmasına baxmayaraq, Qrenlandiyanın öz parlamenti var.

Abort günü

Bəs, arzuolunmaz hamiləliklərin sayı niyə bu qədər çoxdur?

"Dostlarımın çoxu abort elətdirib. Mən və qardaşım doğulmamışdan anam üç dəfə abort etdirmişdi, - Piia deyir. - Anam bu mövzuda danışmağı xoşlamır."

"Nuuk-da çərşənbə günləri tələbələrin öz seksual sağlamlıqlarını yoxlatmaq imkanı olur, onlar həmin günu "abort günü" adlandırıblar, - mövzuyla bağlı Danimarkanın Roskilde universitetində doktorluq işini yazan Turi Hermannsdottir deyir. - Qrenlandiyada abort mövzusunda debatlar və ya evlilikdən əvvəl cinsi əlaqədə olmaq və ya planlaşdırılmamış hamiməlik kimi mövzuları müzakirə etmək qəbahət sayılmır və buna görə heç kim məzəmmət olunmur."

Fotonun müəllifi Media for Medical
Image caption Qrenlandiyada kontraseptiv vasitələr pulsuzdur, lakin qadınların çoxu onlardan istifadə etmirlər.

Qoruyucu vasitələr

"Hamiləlikdən qoruyan vasitələr pulsuz və əlçatandır, lakin mənim dostlarımın çoxu onlardan istifadə etmir", - Piia deyir.

Stine Brenoe Qrenlandiyada ginekoloq işləyir və bir neçə ildir ki, abortlarla bağlı tədqiqat işi aparır.

"Baxış keçirdiyim qadınların təxminən 50 faizi hamiləlikdən qoruma vasitələrinin mövcudluğu barədə məlumatları olub, onların 85 faizdən çoxu həmin vasitələrdən ya istifadə etməyib və ya düzgün istifadə etməyib", - o, BBC-yə deyib.

Arzuolunmaz hamiləlik alkoqol qəbulu ilə əlaqəli ola bilər: "Alkoqol qəbul edən kişi və ya qadın hamiləlikdən qoruyan vasitələrdən istifadə etməyi unuda bilər", - Stine Brenoe qeyd edib.

Təsir altında

Hermannsdottir hesab edir ki, Qrenlandiyada qadınların hamiləliyə qarşı vasitələrdən istifadə etməməsinin üç səbəbi ola bilər:

"[Birincisi,] Qadın uşaq istəyəndə, [ikincisi,] nizamsız həyat tərzi sürən qadın alkoqollu içkinin təsiri altında kontraseptiv həbləri qəbul etməyi unudanda və nəhayət, kişi prezervativ taxmaqdan imtina edəndə".

Fotonun müəllifi Sean Gallup
Image caption Qrenlandiyada abortlar 1975-ci ildən leqallaşdırılıb.

Zorakılıq və cinsi istismar

Qadın zorlandığına görə hamilə qalanda və ya ailəsindəki çətin vəziyyətə görə uşaq doğmamaq qərarına gəlirsə hamiləliyini poza bilər.

"Abort etdirmək arzuolunmaz uşağı doğmaqdan daha yaxşıdır", - Qrenladiyanın cənubundakı kiçik bir şəhərdə sahə həkimi işləyən Lars Mosgaard deyir.

Qrenlandiyada zorakılığın sağlamlığa təsiri halları özünü vaxtaşırı göstərməkdədir.Hər 10 tələbədən biri anasının zorakılığa məruz qalmasının şahidi olub, Nordic Rifah və Sosial Məsələlər Mərkəzi bildirib.

Zorakılığın şahidi olmaqla yanaşı uşaqlar tez-tez zorakılığın qurbanı da olurlar.

"Qrenlandiyada böyüklərin üçdə biri uşaqlıqda zorakılığın hansısa formasına məruz qalıb", - seksual istismarla mübarizəyə dair hökumət proqramına rəhbərlik edən Ditte Solbeck Danimarkanın Yayım şirkətinə bildirib.

Fotonun müəllifi Getty Images
Image caption Qrenlandiya dünyada əhalisinin sıxlığı ən az olan ərazisidir - orada əhali sıxlığı göstəricisi 0,03 nəfər/kv.km təşkil edir

Kontrasepsiya vasitələri haqqında məlumatın azlığı

Kontraseptiv vasitələr pulsuz və əlçatan olsa da, onların istifadəsiylə bağlı vəziyyət fərqlidir.

"Anam mənimlə seksual sağlamlıq barədə heç zaman danışmayıb, bəzi məlumatları məktəb dostlarımdan öyrənmişəm", - Piia BBC-yə deyib.

Şimal Qütbü ətrafındakı ölkələrinin sağlamlığına dair beynəlxalq jurnalın bildirdiyinə görə, Qrenlandiyada ailələrdə seksual sağlamlıq mövzusunda söhbət aparmaq çətin və yersiz sayılır.

Fotonun müəllifi Getty Images
Image caption Qrenlandiyada yerli əhali arasında alkoqolizm geniş yayılıb.

Dünyada ən yüksək intihar statistikası

Ən yüksək abort statistikası ilə yanaşı Qrenlandiyada intiharların sayı da olduqca yüksəkdir: hər 100 min nəfərə 83 intihar hadisəsi düşür.

Qrenlandiyada intihar hallarının yarısı gənc kişilərin payına düşür.

"Zorakılıq və istismar şəraitində böyüyənlər, bir qayda olaraq, intihara daha meyilli olurlar", - Qrenlandiyada bir neçə ildir ki, işləyən psixoloq Lars Pedersen deyir.

1953-cü ildə Qrenlandiya Danimarka krallığının tərkibinə qatılıb, Danimarka dili adada rəsmi status alıb, o zamanadan bəri iqtisadiyyat və cəmiyyət dramatik dərəcədə dəyişib.

Qrenladiya əhalisinin 88 faizini təşkil edən aborigen inuit xalqı müasir cəmiyyətə uyğunlaşmaq və eyni zamanda mədəni irsini qorumaq yollarını tapmalı idi.

"Qrenlandiya ənənəvi inuit cəmiyyəti quruluşundan müasir yaşayış qaydasına keçdi. Nəticədə alkoqol istehlakı, onun ardınca isə zorakılıq və seksual istismar halları da artmağa başladı, - Pedersen deyir. - Çoxlarının dost-tanışı arasında intihar edən kimsə var".

Fotonun müəllifi Getty Images
Image caption Rəsmi mənbələrə əsasən, Qrenlandiyada orta hesabla hər üç böyükdən biri təhqiredici rəftara məruz qalıb.

Pulsuz abort

Bəziləri düşünürlər ki, abortların sayını azaltmaq üçün hər abort halına görə cərimə ödənməlidir.

Digərləri qeyd edirlər ki, abort etdirən qadınlar bunu abort əməliyyatının pulsuz olduğuna görə etmir.

Misal üçün, abort əməliyyatının eyni dərəcədə "yüngül" olduğu Danimarkada abort statistikası (hər 1000 qadına 12 əməliyyat) Qrenlandiyadan xeyli aşağıdır.

Qrenlandiyada işləmiş norveçli həkim Johanne Sundby hesab edir ki, abort əməliyyatı pulsuz olmalıdır: "Əks halda ucuz və təhlükəli abort xidməti təklif edən qara bazar əmələ gələcək".

Fotonun müəllifi PAARISA
Image caption Kukla layihəsinin məqsədi yeniyetmələr arasında arzuolunmaz hamiləlik və cinsi yolla yayılan xəstəlik hallarının qarşısını almaqdır.

Kukla Layihəsi

Qrenlandiyada gənclər 14-15 yaşından cinsi əlaqədə olmağa başlayırlar; statistikaya görə 15 yaşlıların 63 faizi mütəmadi cinsi əlaqədə olur.

Hökumətin təşəbbüsü ilə məktəblərdə həyata keçirilən "Kukla Layihəsi" yeniyetmələrə gənc yaşlarda uşaq doğmağın fəsadlarını izah edir.

Bu layihənin məqsədi yeniyetmələr arasında arzuolunmaz hamiləlik və cinsi yolla yayılan xəstəlik hallarının sayının azaldılması, kontraseptiv vasitələrdən istifadə barədə məlumatın təmin edilməsidir.

"Mədəni baryerlər"

Qrenlandiyada abort məsələsinə qadınların yüngül yanaşdığı fikriylə Stine Broene razı deyil.

"Qadınların əksəriyyəti üçün aborta qərar vermək ağır bir məsələdir, - o deyir. - Mən elə bir qadın görməmişəm ki, aborta yüngüllüklə yanaşsın, sadəcə, çoxları bu mövzuda danışmağı sevmirlər. Bəzi həkimlər isə bunu laqeydlik kimi yozur."

"Biz bu problemə fərqli bucaqdan baxmalıyıq, - Lars Pedersen hesab edir. - Əsas diqqət arzuolunmaz hamiləliyə şərait yaradan zorakılıq və istismar hallarının qarşısının alınmasına verilməlidir".


*Ad dəyişdirilib

Bu barədə daha geniş