Ukrayna prezidenti Volodymyr Zelensky Ali Radanı buraxdı

Rada Fotonun müəllifi EPA/TASS

Ukrayna prezidenti Volodymyr Zelenski parlament səlahiyyətlərinin vaxtından qabaq sona çatdığını və iyulun 21-də yeni seçkilərin keçirilməsi barədə fərman imzalayıb.

O, Ali Radanı buraxacağını parlamentdəki inauqurasiya nitqində qeyd etmişdi.

"8-cı çağırış Ali Radanın səlahiyyətləri vaxtından qabaq sona çatdırılsın... Ali Radaya növbədənkənar seçkilər 2019-cü il 21 iyula təyin olunsun", - Ukrayna prezidentinin rəsmi saytında dərc olunmuş fərmanda deyilir.

Fərman çap olunduğu gündən qüvvəyə minir.

"Mən 8-ci çağırış Ali Radanı buraxıram. Yaşasın Ukrayna!" - and içəndən sonra prezident statusu rəsmiləşən Zelenski ötən gün Ukrayna xalqına müraciəti zamanı belə beyib.

Mayın 19-da Ukrayna KİV-i yazmışdı ki, Zelenski inauqurasiyadan dərhal sonra Radanın buraxılması haqda qərar imzalayacaq və əgər bu, bazar ertəsi baş verərsə, növbədənkənar seçkilər 14 iyulda keçiriləcək. Plan üzrə növbəti seçkilər oktyabr ayına təsadüf edir.

Zelenskinin Ali Radada keçirilən inauqurasiyası başa çatıb, BBC mərasimdən canlı yayım edib.

Prezident vəzifəsinin icrasına başlayan Zelenski nazirlərə istefa verməyi təklif edib.

"Bunu edə bilmərik deyən hökuməti başa düşmürəm. Bu, doğru deyil, edə bilərsiz - kağız və qələm götürüb öz yerlərinizi gələcək seçkilər barədə yox, gələcək nəsillər barədə düşünən şəxslər üçün boşalda bilərsiz", - Zelenski belə deyib.

Ali Radanın buraxılacağını bəyan etməzdən əvvəl o, deputatlardan bəzi vacib qanunları qəbul etməyi xahiş edib. İnauqurasiyanı məhz deputatların iş gününə təyin etdiyini xatırladan Zelenski onlara işləməyi təklif edib.

Fotonun müəllifi Getty Images
Image caption Ukrayna prezidenti Volodymyr Zelensky Ali Radanı buraxır

Zelenskinin Radanı buraxmaq hüququ varmı?

Zelenski özü inauqurasiyanın bazar günü - mayın 19-da keçirilməsini istəyirdi, amma Ali Rada mərasimi bazar ertəsinə təyin etdi.

Ukrayna qanunvericiliyinə görə, Ali Rada səlahiyyət müddətinin bitməsinə 6 ay qalmış buraxıla bilməz. Ona görə də Zelenskinin komandası üçün vacibiydi ki, inauqurasiya mayın 27-sinə təyin edilsin.

Ekspertlərin fikrinə görə, payıza qədər reytinqi aşağı düşməsi ehtimalına görə Zelenski parlamentin buraxılmasına nail olmaqla, öz populyarlığını çoxsaylı parlament fraksiyasına transformasiya etmək istəyir. Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun aprel ayında apardığı araşdırmanın nəticələrinə görə, onun "Xalqın xidmətçisi" partiyası növbədənkənar seçkilərdə birinci yerə çıxa bilər.

Ötən cümə günü "Xalq cəbhəsi" partiyası Ali Radadakı koalisiyadan çıxdığını bəyan edib. Yeni çoxluq yaratmaq üçün parlamentin 30 gün vaxtı var.

Ali Radadakı "Avropa Ukraynası" koalisiyası 2014-cü il parlament seçkilərindən sonra formalaşıb. İlk dövrdə onun tərkibinə "Pyotr Poroşenko bloku", "Xalq cəbhəsi", "Özünəyardım", "Batkivşina" və Radikal Partiyanın fraksiyaları daxil olub. Bir il sonra Oleq Lyaşkonun Radikal Partiyası, 2016-cı ildə isə "Batkivşina" və "Özünəyardım" fraksiyaları koalisiyanı tərk edib.

Hazırda "Pyotr Poroşenkonun bloku" və "Xalq cəbhəsi" fraksiyalarında toplam 215 deputat var. Koalisiya çox vaxt qərarları müstəqil deputatların və digər fraksiyalardakı deputatların dəstəyilə qəbul edib. Bu vəziyyət müşahidəçilərdə koalisiyanın mövcudluğuyla bağlı şübhələr yaradıb - koalisiyada ən azı 226 deputat olmalıdır. Məsələni qəlizləşdirən odur ki, Ukrayna qanunvericiliyində koalisiyanın ləğvinin rəsmiləşdirilməsi tələbi yoxdur.

Bu səbəbdən Radada koalisiyanın hansı tarixdə ləğv edildiyini məhkəmə təsbit etməli ola bilər.

Əlaqəli mövzular

Bu barədə daha geniş