İran: Trump-ın "soyqırım ruhlu ifadələri İranı bitirməyəcək"

Həsən Ruhani və Donald Trump Fotonun müəllifi Reuters
Image caption Prezident Həsən Ruhaninin Iranı və prezident Donald Trump ABŞ-ı arasında gərginlik artıb.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Trump-ın sərt xəbərdarlığına şərh verib.

O Twitter səhifəsində bildirib ki, "bu cür soyqırım ruhlu ifadələr İranı bitirməyəcək".

ABŞ prezidenti Donald Trump İrana sərt xəbərdarlıq edərək bildirib ki, "iki ölkə arasında münaqişə baş versə, İran məhv olacaq".

"İran vuruşmaq istəsə, bu, İranın rəsmi sonu olacaq, - Trump bazar günü Twitter səhifəsində bildirib. - Birləşmiş Ştatları bir daha hədələməyin".

ABŞ son günlərdə İran körfəzində əlavə hərbi gəmi və təyyarələr yerləşdirib.

Donald Trump-ın sonuncu tviti hərbi münaqişənin ehtimalını azaltmaq istiqamətində bu yaxınlarda göstərdiyi səylərdən sonra onun tonunda dəyişikliyin baş verdiyini göstərir.

Fox News yayım şirkətinə bazar günü verdiyi müsahibəsində ABŞ prezidenti vurğulayıb ki, İrana nüvə silahı əldə etməyə imkan verməyəcək. Amma o, eyni zamanda qeyd edib ki, münaqişənin baş verməsini istəmir.

"Mən müharibəni istəyən adam deyiləm, çünki müharibə iqtisadiyyatları dağıdır, əsası isə odur ki, insanları öldürür', - o deyib.

İran gərginliyin artacağına dair narahatlıqları sakitləşdirməyə çalışıb.

Şənbə günü İranın Xarici İşlər naziri heç kimin müharibə həvəsində olmadığını qeyd edib.

"Müharibə olmayacaq, çünki nə biz müharibə istəyirik, nə də ki, kiminsə regionda İranla qarşıdurmaya girə biləcək kimi illüziyası var", - Məhəmməd Cavad Zərif IRNA xəbər agentliyinə bildirib.

Bazar günü o Trump-ın tvitinə cavab olaraq qeyd edib ki, ABŞ prezidenti "[Makedoniyalı] İsgəndərin, Çingiz [xanın] və digər təcavüzkarların edə bilmədiyini edəcəyinə ümid edir".

"İranlıların tarixi minilliklərdir ki, davam etməkdədir, təcavüzkarların isə hamısı yox olub. #İqtisadiTerrorçuluq və soyqırım ruhlu ifadələr "İranı bitirməyəcək", #İranlınıHədələmə. Hörmət etməyə çalış - bu, nəticə verir!" - Zərif öz Twitter səhifəsində yazıb.

Təhlil

Jonathan Marcus, hərbi məsələlər üzrə müxbir

Prezident Trump İranla münasibətlərdə gərginliyi sanki azaltmaq cəhdlərindən sonra, göründüyü kimi, indi ABŞ maraqları və ya obyektlərinə qarşı istənilən hücuma görə fəlakətli əks-zərbə vəd edir.

Bu, ABŞ-ın qlobal problemlərə yanaşmasının dəyişgənli olduğunu göstərir - təmkinlik bir anda çılğınlıqla əvəzlənə bilər.

Bu cür dəyişəgənlik ABŞ-ın niyyətlərinin Tehran tərəfindən düzgün başa düşülməsini əngəlləyə bilər.

Bu arada isə qarşıdırmanın başlaması üçün bütün tərkib hissələr artıq mövcuddur: ABŞ-ın yanaşmasında aydınlığın çatışmazlığı; İranın potensial olaraq hazırki durumu sonadək aydınlaşdırmaq istəyi; bölgədə baş vermiş insidentlər silsiləsi (bir neçə neft tankerinə qarşı təxribar və Bağdadda ABŞ səfirliyi yaxınlığında raket hücumu) göstərir ki, bölgədə mövcud olan bəzi elementlər hazırki gərginliyi alovlandırmaqda və ABŞ administrasiyasının qətiyyətini yoxlamağa maraqlıdır.

Gərginliyə səbəb nədir?

İki ölkə arasında gərginlik ötən ildən, prezident Trump 2015-ci ildə İranın nüvə proqramına dair bağlanmış beynəlxalq müqavilədən ABŞ-ın çıxdığını elan edəndən sonra artmağa başlayıb.

Həmin müqavilənin məqsədi İranın nüvə proqramının dayandırılması müqabilində ona qarşı sanksiyaları ləğv etmək olub.

Trump həmin sövdələşməni "qüsurlu" adlandıraraq İrana qarşı ABŞ sanksiyalarını bərpa edib.

ABŞ-ın addımına cavab olaraq, İran bu ayın əvvəlində qeyd olunan müqavilə çərçivəsində öz öhdəliklərini dayandıraraq uranın zənginləşdirilməsini bərpa edəcəyi barədə xəbərdarlıq edib.

Tehran iddia edildiyinə görə, İran körfəzindəki qayıqlara raket yerləşdirib. ABŞ müstəntiqləri güman edirlər ki, BƏƏ sahilyanı sularında dörd tankeri zədələyən İran olub, xəbərlərdə deyilir. İran bu ittihamları rədd edir.

İran körfəzində son durum

İraq hərbiyyəsinin bildirdiyinə görə, bazar günü Bağdadın ciddi qorunan Yaşı Zonasına raket atəşi açılıb. Həmin zonada hökümət binaları və xarici səfirliklər yerləşir.

Xəbərlərə görə, raket ABŞ səfirliyi yaxınlığında yerləşən atılmış binaya dəyib - tələfat olmayıb.

Bu hücumun arxasında kimin durduğu məlum deyil.

Lakin ABŞ Dövlət Departamenti bildirib ki, "əgər bu hücum İranın dəstəklədiyi silahlı qüvvələr tərəfindən edilibsə, məsuliyyət daşıyan İran sayılacaq".

Trump-ın tviti raket hücumu haqqında ilk xəbərlərdən bir neçə saat sonraya təsadüf edib.

Son günlər ərzində ABŞ bölgədə USS Abraham Lincoln təyyarədaşıyıcı gəmisini yerləşdirib və Yaxın Şərqə 120 minlik qoşun göndərmək planını nəzərdən keçirir.

ABŞ diplomatik personalına İraqı tərk etmək göstərişi verilib, ABŞ hərbiyyəsi regiona dair təhlükə səviyyəsini artırıb, lakin bu, "təhlükənin artmadığnı" bildirən britaniyalı generalın dedikləriylə ziddiyyət təşkil edir.

Səudiyyə Ərəbistanı Tehranı cümə günü neft kəmərlərinə dron hücumu təşkil etməkdə ittihamlayıb.

Səudiyyə iddia edib ki, hücumu İranın göstərişi ilə Yəməndə husi üsyançıları edib.

Səudiyyədə hökümətyönlü qəzet ABŞ-ı ölkəyə qarşı hücuma keçməyə çağırıb.

İran bu ittihamları rədd edir.

Bu barədə daha geniş