İsrail Avropaya niyə inanmır?

Natta Barzilai Fotonun müəllifi AFP
Image caption İsraillilərin çoxu Eurovision müsabiqəsini xoşlayıb, lakin hesab edirlər ki, Avropa onlara qarşıdır.

Eurovision 2019 mahnı müsabiqəsinin Təl-Əvivdə keçirildiyi günlərdə şəhər Eurovision müsabiqəsi mövzusunda plakat və reklamlarla bəzədilmişdi, bu hadisəyə həsr olunmuş çoxsaylı tədbirlər, görüşlər, mərasimlər keçirilmişdi, hadisə mediada ətraflı və geniş işıqlandırılmışdı.

"Biz həmişə Avropanın bir hissəsi kimi tanınmağımızı istəmişik, - İsrail Demokratiya İnstitutunun təhlil mərkəzinin prezidenti Yohanan Plesner deyir. - Medianın haqqımızda təkcə münaqişə ilə bağlı yox, mahnı festivalları kimi ürəkaçan hadisələrlə də bağlı yazmağını istəmişik".

İsraillilərin Avropaya münasibəti birmənalı deyil.

Onlardan bəziləri söhbət zamanı deyirlər ki, Avropa İsrailin ən böyük ticarət partnyorudur. İsraillilər həmçinin məzuniyyətlərini Avropada keçirməyi necə xoşladıqlarını, xeyli sayda qohumluq əlaqələrinin orada olduğunu qeyd edirlər.

Fotonun müəllifi AFP
Image caption Israil Aİ-nin həddən artıq fələstinpərəst olduğunu zənn edir

Bununla yanaşı, çoxları Avropaya antisemitizm mənbəyi, yeni gənc nəsil tərəfindən Holokost mövzusuna daha az əhəmiyyət verilən yer kimi baxır.

Belələri Avropanı o cümlədən, Qəzza və Qərb Sahilinə dair İsrail siyasətinin ədalətsiz tənqid mənbəyi sayırlar. Onlar həmçinin hesab edirlər ki, Avropa İsrailin təhlükəsizliyi üçün riskləri anlaya bilmir.

"Belələri hesab edir ki, Avropa yalnız İsrailə moizə oxuyur, qalan dünyada baş verən insan haqları pozuntularını isə nəzərə almır", - ictimayi rəy və siyasət təhlilçisi Dahlia Scheindlin qeyd edir. - Onlar Avropada yəhudilərə yanaşmanın tarixcəsini xatırladaraq Avropanın riyakarlığını qeyd edirlər".

Dahlia Scheindlin-in sözlərinə görə, həmin israillilərdən çox vaxt belə sözləri eşitmək olar: " Baxın, bunlar 70 il əvvəl bizə nə ediblər, indi isə insan haqlarından bizə dərs oxuyurlar".

O, əlavə edir ki, İsraildə Avropa siyasi mədəniyyətində liberal demokratiya, insan və vətəndaş haqlarına xüsusi diqqəti anlamağa edilən cəhdlər cüzidir.

"Beziblər"

Mədəniyyət müstəvisində olan qayğılarla yanaşı burada Avropaya qarşı institusional inamsılzıq da qeyd olunmalıdır.

Çoxları Avropa İttifaqını (Aİ) fələstinlilərlə münaqişədə obyektiv tərəf saymır.

Digərləri isə bu qurum tərəfindən ayrılan yardımın Həmas kimi terrorçu sayılan qruplara çatdığını deyərək Avropa İttifaqını pisləyir.

Fotonun müəllifi AFP
Image caption İsrail hesab edir ki, Aİ-nin ayırdığı pul Qəzzada hərbi işlərə xərclənir

Qəzza ilə qonşu olan Eshkol-da İlan İsaacson ilə görüşdüm. Onun vəzifəsi buradakı 16000 israillini raket, çərpələng və hücumlarından qorumaqdır.

O deyir ki, ərzaq, məktəb və evlərin inşası üçün Aİ tərəfindən fələstinlilərə ayrılan yardımın bundan sonra da davam etməsini istəyir:

"Təəssüf ki, son iki ildə, göndərilən pulların böyük hissəsi Həmasa və [Fələstin İslam] Cihad qrupuna çatıb və terrorçu tunel, bina tikintisi və raket arsenalına xərclənib... İnsanların çoxunu bu bezdirir".

Aİ təkid edir ki, Qəzza sakinlərinə göstərilən yardım humanitar səciyyə daşıyır, İsrailin iqtisadi blokadası şəraitində çapalayan minlərlə fələstinlilərə ərzaq və tibbi yardım almaq imkanını təmin edir.

İsrail deyir ki, Qəzza ilə sərhədə sərt nəzarətin məqsədi Həması silah almaq imkanından məhrum etməkdir.

"Reallıqdan uzaq"

Bu cür əhval-ruhiyyənin yayılmasına təkan verən Aİ-ni "bədxah və riyakar" adlandırmış Benjamin Netanyahu olub.

O, bu yaxınlarda təkrar Baş nazir seçilib.

O, Brüsselə qarşı şübhə və oxşar millətçi hisslərini bəsləyən Polşa və Macarıstan kimi Mərkəzi və Şərqi Avropa ölkələriylə yeni alyanslar yaratmağa başlayıb.

Aİ-nin parçalanmasına yönələn bu cür addımlar artıq öz bəhrəsini verməkdədir: ötən ay Macarıstan işğal olunmuş ərazilərdə İsrail məskənlərinin salınmasını pisləyən Aİ-nin BMT bəyanatını dəstəkləməkdən imtina etdi.

İsraildən gələn tənqidlə bağlı üzlərini turşudan Avropa diplomatları qeyd edirlər ki, Trump administrasiyasına çox yaxın olan İsrail Aİ-ni qapazaltı edir.

Onlar eləcə də Aİ ölkələriylə İsrail arasında olan əhəmiyyətli ticarət və təhlükəsizlik əlaqələrinin olduğunu qeyd edirlər. Heç bir tərəf onların pozulmasını istəmir.

Həmin diplomatlar hesab edir ki, İsrailin Aİ barədə yaratdığı rəy "reallıqla uzlaşmır". Eynilə, İsrailin Səudiyyə Ərəbistanı ilə qurduğu əlaqələrin Avropa ilə münasibətlərdən daha yaxşı olduğuna diqqət çəkilir.

"Tənqidə diqqət"

Aİ-yə qarşı inamsızlığı nümayiş etdirən təkcə İsrail deyil: bəzi fələstinlilər də eyni dərəcədə məyusdur. Ramallah şəhərində görüşdüyüm Fələstin hökumətinin müşaviri doktor Nur Odeh Aİ-ni siyasi qorxaqlıqda ittiham edib.

"Avropa ölkələri düzgün sözlər deyir, lakin sözdən əmələ keçmək, öhdəlikləri yerinə yetirmək vaxtı çatanda geriyə çəkilirlər, - o deyir. - Avropalılar iki dövlət düsturuna ciddi şəkildə sadiqdirlərsə, onu müdafiə edib Fələstini tanımalıdırlar".

Fotonun müəllifi Reuters
Image caption Aİ sülh prosesinin mühüm iştirakçısı olduğunu bəyan edir

Diplomatlar qeyd edirlər ki, bu planın gerçəkləşməsi üçün onu Avropa da daxil, beynəlxalq birlik dəstəkləməlidir.

Yaxın Şərq üzrə Britaniya hökümətinin sabiq naziri Alistair Burt deyib ki, İsrail təkcə ABŞ-ın dəstəyinə bel bağlamamalıdır.

"Onlar tənqidi dinləməli və Avropa ilə partnyorluğun ABŞ-la əlaqələr qədər vacib olduğunu etiraf etməlidirlər", - Alistair Burt hesab edir.

Lakin indi bu cür yanaşmanı nə Yerusəlim (Qüds), nə də Washington-da çoxları bölüşür.

Bu barədə daha geniş