Britaniyanın istefa gününü açıqlayan Baş naziri Theresa May - inadkar lider

Theresa May Fotonun müəllifi AFP

İlk gəlişində onun haqqında "yeni dəmir ledi" düşüncəsi vardı, amma gedişini "hoydu-hoydu" və sarkastik qəhqəhələr müşayət edir. Söhbət Britaniyanın ikinci qadın Baş naziri Theresa May-dən - "Brexit"in əvvəl zirvəyə yüksəldib sonra məhv etdiyi siyasətçidən gedir.

Britaniyanın siyasi mədəniyyət anlayışına görə, Theresa May çoxdan istefa verməliydi.

Bunun üçün ilk "dəmir" səbəb bu ilin yanvar ayında yaranmışdı: Nümayəndələr Palatası tarixdə görünməmiş səs çoxluğuyla Avropa İttifaqından çıxma layihəsini rədd edəndə, May hökuməti özünün ən vacib və prinsipcə, yeganə işini - martın 29-da Britaniyanı nizamlı şəkildə Avropa İttifaqındən çıxarmaq vəzifəsini yerinə yetirə bilməyəndə.

Amma Theresa May martda buna ikinci dəfə cəhd etdi və yenə məğlub oldu. "Artıq mütləq getməlidir" - şərhçilər olaya belə reaksiya verdilər.

Amma yox - baş tutmayan "Brexit" günü, yəni martın 29-da May üçüncü dəfə cəhd edir, bütün Avropa siyasətçiləri prosesi qəhqələrini güclə boğaraq izləyirlər.

May yenə istefa vermir.

Fotonun müəllifi AFP/Getty Images
Image caption Britaniyanın siyasi mədəniyyət anlayışına görə, Theresa May çoxdan istefa verməliydi.

Bütün bu müddət ərzində Britaniya siyasətçiləri və şərhçiləri onun niyə belə davrandığını müzakirə edirlər.

Kimsə onu hakimiyyətdən əl çəkmək istəməməkdə günahlandırır.

Kimsə ehtimal yürüdür ki, May doğma Mühafizəkarlar Partiyasını dağılmaqdan qorumaq istəyir və öz "Brexit" variantını məhz buna görə mütləq reallaşdırmağa çalışır: ümid edir ki, bu kompromisli variant çəkişən fraksiyaları barışdıra bilər. Alınmır.

Bəlkə də bunlar doğru ehtimallardır. Amma bir ehtimal da budur ki, rahib qızı olan Theresa May az qala dini hissiyatlara qapılaraq düşünüb ki, Baş nazir olmaq və Britaniyanı Avropa İttifaqındən çıxarmaq missiyasını Tarix və Tanrı onun üzərinə qoyub.

Amma bu missiyanı yerinə yetirmək mümkün olmadı.

Belə görünür, ilk başda Theresa May (az qala bütün britaniyalılar da) ölkəni təxminən yarım əsrlik tarixi olan ittifaq vəziyyətindən çıxarmağın nə demək olduğunu anlamayıb.

Yeni Baş nazir Theresa Mayin 2016-cı ilin yayındakı ilk proqram çıxışlarında nə dediyini bu gün artıq heç kim xatırlamır.

Məsələn, sosial ədalət haqqında. Yoxsullara qayğı haqqında. İşçilərin şirkət sahiblərinə nəzarəti haqqında. "Brexit" haqqında, əlbəttə ki, nələrsə vardı, amma onlar daha çox mantranı xatırladırdılar - məsələn, ""Brexit" "brexit"-dir və biz bu yolda böyük uğurlar əldə edəcəyik" tipli ümumi fikirlər kimi.

Problemə geniş baxış, mümkün olmayan yerdə kompromis axtarmaqdan imtina qərarlılığı və hazırlılığı - ola bilsin, partiya funksioneri Theresa May-ə bu xüsusiyyətlərin çatışmazlığı problem yaratdı. Amma onun uğursuzluğunun əsas səbəbi dalana dirənməsi oldu - atdığı hər addım "Brexit"ə görə parçalanmış siyasi elitanın gah bu, gah da o biri qanadında böyük narazılıqla qarşılandı.

Səbəbi nə olur-olsun, Baş nazir Theresa May müasirlərinin yadında ""Brexit" "brexitdir"-dir", "Güclü və sabit" kimi mənasız mantralarla və bir də "Maybot" ləqəbiylə qalacaq.

"Dar düşüncəylə inadkarlığın qarışığı"

1990-cı ilin noyabr ayında torilər (Mühafizəkarlar Partiyası) Margaret Thatcher-i hakimiyyətdən uzaqlaşdıranda ölkədə ona ikili münasibət vardı - ya sevirdilər, ya da nifrət edirdilər. Theresa May haqqındasa təəccüblü ikrahla danışırlar, həm də Britaniya siyasətinin bütün fraksiyalarında.

Fotonun müəllifi Reuters
Image caption ""Brexit" "brexit"-dir" - Theresa May-in tez-tez təkrarladığı cümlədən çoxları narazı qalmışdı

"Baş nazir postunda Theresa May avtomatik olaraq düşünülməmiş qərarlara aparıb çıxaran dardüşüncəlik və inadkarlığın öldürücü ittifaqını nümayiş etdirdi. Onun buraxdığı kobud səhvlərin siyahısı çox uzundur, amma Aİ-yə üzvlüklə bağlı referendumu britaniyalıların qəti qərarı kimi qəbul etmək qərarı o siyahıda mütləq olmalıdır. Referendum təxminən heç-heçə nəticələnmişdi və bu o anlama gəlməliydi ki, parçalanmanı dərinləşdirməmək üçün hər iki tərəfin istəyini nəzərə almaq lazımdır. Bunun əvəzinə Theresa May Birinci dünya müharibəsindəki Somma döyüşünün komandiri kimi davrandı: şərtlər nə olur-olsun, hücum etmək!" - baş tutmayan "brexit" günü bunları Avropa yönlü "İndependent" qəzetinin şərhçisi Patrick Cockburn yazmışdı.

"O özünü gah bu, gah o biri tərəfə vururdu, prinsipsiz şəkildə, küləyi tutmağa çalışaraq. Əgər işin nədən ibarət olduğu bilinmirsə, o işin ətrafında birləşmək haqqında necə danışa bilərsən? May aydan-aya tutuquşu kimi ""brexit" "brexit"-dir" deməyə davam etdi. Son dərəcə qəliz siyasi proses üçün bundan daha dumanlı, daha qeyri-müəyyən ifadə təsəvvür etmək çətindir" - bunu da aprel ayında avropalı skeptiklərin aparıcı nəşri olan "Daily Telegraph" qəzetində "brexit"-çi publisist Harry Maunt yazmışdı.

Bu qıcıq son ayların məhsulu deyildi; o, 2018-ci ilin birinci yarısından etibarən yığılmaqdaydı - "Brexit"lə bağlı qərar vermək zamanı gələndən və hamını, ya da heç olmasa, çoxluğu qane edən layihənin hazırlanmayacağı bilinən dövrdən.

"Referendum zamanı May xeyli ağıllı (tənqidçilərinin təbiriylə desək, arsız şəkildə) davranaraq "Aİ-nin passiv tərəfdarı" mövqeyini tutdu. Onun namizədliyi məhz buna görə hamıya uyğun gəldi. "Brexit"çilər düşündülər ki, ""Brexit" "brexit"dir" deməsi onun məsələyə ciddi yanaşmasından xəbər verir, Aİ tərəfdarlarısa Baş nazirin onların həyəcanını anladığını güman etdilər" - 2018-ci ilin sonunda "Spectator"-un şərhçisi James Forsyth belə yazırdı.

"Amma Theresa May-in fəaliyyəti ona olan inamı puça çıxardı. "Brexit" tərəfdarları haqlı olaraq deyirlər ki, May bu problemə yaranan imkanların reallaşdırılmasını yox, ziyanın tezliklə minimuma endirilməsini tələb edən məsələ kimi yanaşdı. Hökumət üzvlərindən birinin etirafına görə, partiyanın birliyini ön plana çıxarıb layihənin hazırlanmasını Aİ tərəfdarlarına həvalə etmək son dərəcə yanlış qərarıydı. Bu gün onlar Baş nazir postuna "brexit" tərəfdarı gətirməyə qərarlıdırlar" - "Spectator"un şərhçisi yarım il əvvəl belə yazmışdı.

Problem bundadır ki, Theresa May-i başqasıyla dəyişmək problemin yox olmasına və ya tezliklə həll edilməsinə gətirib çıxarmayacaq. Necə ki, Britaniya cəmiyyəti və siyasi elitasındakı parçalanma da yox olmayacaq.

Karyera və rekordlar

Theresa May zirvəyə doğru 40 il yol gəlmişdi.

Image caption Theresa May gənc yaşlarından siyasətçi olmaq istəyib

"Elə bir dövr xatırlamıram ki, May siyasətdə irəli çıxmağı arzulamamış olsun" - hələ 2011-ci ildə onun Oksforddan tələbə yoldaşı Pat Frankcliff belə demişdi.

Gələcək əri Philipp May- lə Theresa Brezier tələbələrin Konservatorlar Assosiasiyasının əyləncə tədbirində tanış olmuş, onları bir-birinə pakistanlı tələbə Bənazir Bhutto təqdim etmişdi.

Siyasi olimpə yüksəlişi çox da sürətli olmamışdı, 29 yaşında May cənub-qərbi Londonda rayon bələdiyyəsinin üzvü seçilmişdi.

Sonrakı illərdə parlamentə seçilməyə cəhd etmiş, buna ancaq 3-cü dəfə nail ola bilmişdi - 1997-ci ildə. Həmin ilin oktyabr ayında Mayin 41 yaşı tamam olacaqdı.

Həmin il o, Mühafizəkarlar partiyasının sədri olur (onda partiyanın lideri Iain Duncan Smith idi).

2010-cu ildə Theresa May David Cameron hökumətində qadın məsələləri departamentinin sədri, 2012-ci ildə Daxili İşlər naziri təyin edilir.

Nəhayət, 2016-cı ilin iyul ayında, Cameron-un "brexit" referendumundan sonrakı istefasının ardından tam təxmin edilməz olmasa da, hər halda bir qədər gözlənilməz şəkildə May Mühafizəkarlar partiyasının yeni lideri seçilir və Baş nazir postuna yiyələnir.

Theresa May Baş nazir olaraq iki rekorda imza atıb və hər ikisi Britaniya siyasət tarixinə mənfi işarəylə düşəcək.

Birincisi 15 yanvar 2019-cu ildə Nümayəndələr Palatasında Aİ-dən çıxma layihəsinə səsvermənin nəticəsidir: 432-yə qarşı 202 - ona qədər heç vaxt heç bir hökumət (hansı ki, parlament çoxluğuna sahib olur) belə böyük fərqlə uduzmamışdı.

İkinci rekord - son iki ildə 36 hökumət üzvünün istefa verməsidir. İkinci yerdə Tony Blair gəlir: onun hökumətindən 29 nazir istefa vermişdi, amma iki yox, on il ərzində.

Onu da nəzərə almaq lazımdır ki, Britaniya hökuməti 160-170 nəfərdən ibarət olur. Bu tərkibə Nümayəndələr Palatasının bütün üzvləri - Baş nazirdən tutmuş hökumət işinə və hökumətin parlamentlə əlaqələrinə dəxli olan hər hansı parlament katibinə qədər.

İstefadan sonra Theresa May nə ilə məşğul olacaq? Oktyabrın 1-də onun 63 yaşı tamam olur, qarşıda aktiv həyat illəri var.

Bəlkə keçmiş prezidentlər və Baş nazirlər kimi, o da memuar yazmağa başlayacaq və mühazirə demək üçün bütün dünyanı dolaşaraq bunun üçün Baş nazirin illik məvacibinə bərabər qonorarlar alacaq.

Bəlkə də deputat olaraq qalmaqda davam edib zamanla hökumətə qayıtmağa cəhd edəcək. Son üç ildə gördüyümüz kimi, Theresa May çox inadkar adamdır.

Bu barədə daha geniş