Çempionlar Liqasının finalı: kuboku 6-cı dəfə Liverpool qazanıb

Liverpool Fotonun müəllifi Getty Images
Image caption Liverpool UEFA Çempionlar Liqasının kubokunu qazanıb

Şənbə günü axşam, Madriddə futbol üzrə Avropa Çempionlar Liqasının finalında İngiltərənin Liverpool və Tottenham futbol klubları qarşılaşıblar.

Liverpool 2:0 hesabı ilə qalib gələrək altıncı dəfə UEFA Çempionlar Liqasının kubokuna sahib olub.

Liverpool komandasının qələbəsini şərh edən İngiltərə millisinin və Manchester United klubunun keçmiş müdafiəçisi Rio Ferdinand qeyd edib ki, "indiki Liverpool klubu ilə Avropanın istənilən komandası qarşılaşmağa ehtiyat edər".

"Növbəti püşkatmalarda heç bir klub Liverpool-la bir qrupa düşməyi və ya onun meydançasında oynamağı arzulamaz", - Rio Ferdinand deyib.

Ötən il də Çempionlar Liqasının finalında çıxış etmiş Liverpool o zaman Real Madrid komandasına uduzmuşdu.

UEFA Çempionlar Liqasının kuboku Liverpool-un məşqçisi Jurgen Klopp-un bu kluba 2015-ci ildə gəldiyindən bəri ilk böyük futbol mükafatıdır.

Liverpool-un keçmiş hücumçusu Michael Owen qeyd edib ki, qalib gəlmiş komandanın "inadkarlığı təqdirəlayiqdir".

"Son bir neçə ildir ki, bu komanda əla oyun nümayiş etdirir və bu dəfə böyük qələbə qazanması qanunauyğundur, - Michael Owen deyib. - Bu elə bir nailiyyətdir ki, oyunçular onu ömür boyu xatırlayacaqlar və həmin oyunçuların özləri də artıq əfsanəyə çevriliblər".

Əlaqəli mövzular

Bu barədə daha geniş