Siqaret kötüklərindən, sellofan tullantılardan incəsənətə…

Chai-Khana layihəsindən Fotonun müəllifi Sultana Əhmədbəyli

Çoxlarının zibil gördüyü yerdə 29 yaşlı rəssam Nəzrin Musayeva fürsət görür.

Çirklənmə səviyyəsinin yüksəlməsilə azərbaycanlılar, xüsusilə də gənc nəsillər ekoloji məsələlərin vacib olduğuna diqqət çəkməyə, bununla daha çox maraqlanmağa başlayıblar.

Fotonun müəllifi Sultana Əhmədbəyli

Artan plastik tullantıların həcmi xüsusilə narahatlıq yaradır. Rəsmi statistikaya əsasən, hər il ölkədə adambaşına təxminən 24 kiloqram plastik tullantı düşür.

Prezident İlham Əliyev fevral ayında plastik tullantıların təsirinin azaldılmasına dair iki illik dövlət proqramı imzalayıb.

Plastik təhlükəsi, xüsusilə sellofan torbalar rəssam Nəzrin Musayeva üçün təzə xəbər deyil.

Fotonun müəllifi Sultana Əhmədbəyli

"Xəbərlərdə, verilişlərdə polietilen paketlərin xüsusən suda yaşayan canlıların başına nə oyunlar açdığını görürük. Bu görüntülər mənim üçün faciədir, görəndə unuda bilmirəm. Problemdən çıxış yolunu özlüyümdə polietilen tullantıların toplanmasında tapmışam. Küçədə, bayırda, ağacın başına ilişib qalmış bütün sellofanları toplayıram".

Paytaxt Bakıda yaşayan Nəzrin Musayeva on ildən artıqdır ki, plastik tullantıları toplayır. Azərbaycan Rəssamlıq Akademiyasının məzunu olan rəssam cəmiyyətin çirklənmə ilə bağlı passivliyinə meydan oxumaq üçün yığdığı tullantılardan sənət əsərləri yaratmaq üçün istifadə edir.

Fotonun müəllifi Sultana Əhmədbəyli

Tullantılardan ən çox zərər görən dəniz canlıları olduğu üçün Nəzrin Musayevanın ən böyük işi sellofan tullantılardan hazırladığı "Mürəkkəb balıq"dır. Bu iş səkkiz aya başa gəlib - tullantıların toplanmasına dörd ay, rəsmi "çəkməyə" də dörd ay vaxt gedib.

Nəzrin Musayeva topladığı siqaret kötüklərindən də rəsm əsəri yaradıb. Bu əsər indi Bakı Qala Muzeyində nümayiş olunur. Rəssam bu işlərin insanların diqqətini çəkəcəyinə ümid edir.

Fotonun müəllifi Sultana Əhmədbəyli

"Çünki bizim düşünmədən etdiyimiz səhvlər başqa canlıların həyatına qəsd edir. Televiziyada göstərirdilər ki, suitilərin həyatını xilas etmək üçün onların ağzını cırıb həmin sellofan tullantıları çıxarırlar.

Onlar necə əzab çəkirdilər. Heç olmasa, bunlara baxıb, bir az diqqətli olmaq olar. Planetdə bizim kimi heyvanların da yeri var. Bir-birimizi düşünüb yaşamalıyıq. Heç olmazsa, zibilləri yerə atmamalıyıq".

Fotonun müəllifi Sultana Əhmədbəyli

Nəzrini gördüyü işə görə təqdir edənlərlə bərabər, anlamayanlar da olur. Deyir, qonşulardan, tanışlardan tez-tez eşidir - "bu nə işdir e görürsən, işin-gücün yoxdur, küçədən zibil toplayırsan. Get komputerdə işlə, gül kimi işin var".

"Ən azından mən nəsə edirəm. Heç nə etməyənlər, üstəlik, bu, azmış kimi təbiəti çirkləndirənlər, tullantıları hara gəldi atanlar utansın", Nəzrin vurğulayır.

Fotonun müəllifi Sultana Əhmədbəyli

Təbiət Dostları Gənclər İctimai Birliyinin idarə heyətinin üzvü Nuray İsmayılova deyir ki, Azərbaycanda ekoloji maarifləndirmə istiqamətində həm dövlət strukturları, həm də QHT-lər müəyyən işlər görür, amma onların sayı və effektivliyi elə də yüksək deyil.

"Əvvəla, bu fəaliyyətlər kiçik kütlələrə xitab edir. Bundan əlavə, o qeyd edir ki, belə fəaliyyətlərin formatı əsasən oxşar olur - ağac əkmək və təmizlik aksiyası tipli", o əlavə edir.

Fotonun müəllifi Sultana Əhmədbəyli

"Əlbəttə ki, bu işlər görülməlidir. Lakin məlumatlandırmanın artırılması üçün yeni yollar lazımdır. Əks təqdirdə, belə bir fikir yaranır ki, təbiəti sevmək və qorumaq yaşıllaşdırma və həmin əraziləri təmiz saxlamaqdan ibarətdir", İsmayılova deyir.

Azərbaycanda çətinliklərdən biri də odur ki, əhalinin böyük əksəriyyətinin başı öz məişət problemlərinə qarışıb və "ətraf mühitin qorunması" məsələsi arxa planda qalıb, Nuray İsmaylova əlavə edir.

Fotonun müəllifi Sultana Əhmədbəyli

"Əhalinin rifah səviyyəsinin aşağı olması da bu problemlərin artmasında böyük rol oynayır. Gündəlik ehtiyaclarını çətinliklə ödəyən insan yalnız özü və ən yaxınlarının tələbatları haqqında fikirləşir.

Onlardan qlobal istiləşmə, meşələrin qırılması kimi məsələlər haqqında fikirləşməyi gözləmək olmaz. Amma insanlar, ən azından, küçəyə zibil atmağın fəsadları, meşələrdə, su hövzələrində yaranan fəsadlarla bağlı maarifləndirilməlidirlər ki, heç olmasa, bu ən sadə ekoloji təmizlik qaydasına riayət olunsun".

42 yaşlı Fərhad Əliyev bu fikirlərlə razılaşır.

Fotonun müəllifi Sultana Əhmədbəyli

Fərhad Əliyevə təbiət sevgisi doğulduğu gün onun adına ağac əkən atasından keçib. Atası Cəbrayılın Karxulu kənd mərkəzində onun adına xan çinarı əkibmiş. Bu çinar o qədər böyüyüb ki, camaat kölgəsinə toplaşırmış. Beləcə, ağacın olduğu yer zamanla kəndin mərkəzinə çevrilibmiş.

Fərhad Əliyev öz həyat tərzi ilə təbiətin çirklənməsi haqqında məlumatlılığı artırmağa çalışır. İngilis dili müəllimi olan Fərhad Əliyev özünü "yaşıl adam" sayır, yaxın məsafələrə və işə getmək üçün velosipeddən istifadə edir.

Fotonun müəllifi Sultana Əhmədbəyli

O, bel çantasına yazılmış "Zibili qabına ataq" şüarıyla velosiped gəzintilərinə çıxır.

"Belimdə bu şüarla gəzirəm. Bəlkə görüb utananlar, ətrafa zibil atmağı tərgidənlər olar. Nəsə etmək, faydalı olmaq məni xoşbəxt edir".

Fərhad Əliyev deyir ki, Sumqayıt-Bakı marşurutu üzrə velosiped sürərkən maşınların tullantıları yol kənarına atdığının şahidi olurmuş.

"Uşaq idim, amma yadımdadır, əvvəl insanların "setka torbaları" vardı. Marketə gedəndə aparırdılar. Çox istəyərdim ki, indi də insanların evində market torbaları olsun. Bir xeyli adam bunu etsə, təbiətə nə qədər töhvə verər".

Onun gündəlik fəaliyyətinə reaksiyalar fərqlidir: "Yaxşı ki, bu mesajı verirsiz" deyirlər. Bəzi insanlar isə saxlayıb "zibil qabı yoxdu axı, bəs hara ataq?", - soruşurlar.

Fotonun müəllifi Sultana Əhmədbəyli

İnsanlar bəzən düşünürlər ki, ətrafımızda həmişə zibil qabı olmalıdır. Yoxdursa, yerə atmaq lazımdır. Elə deyil axı. Sən evində zibil qabı olmasa zibili yerə atarsan, yoxsa başqa alternativ düşünərsən? Küçədə də bunu düşünmək lazımdır. Yoxdursa, zibili çantana qoy, zibil qabı görəndə atarsan və yaxud maşında saxla".

Fərhad ümidlidir ki, insanlar onu və onun şüarına diqqət yetirəcək və ətrafı zibilləməyi dayandıracaqlar.

Chai Khana layihəsininBBC News Azərbaycanca ilə paylaşdığı reportajın müəllifləri:

  • Müəllif: Gülər Mehdizadə
  • Fotoqraf: Sultana Əhmədbəyli

Bu barədə daha geniş