Moldovada siyasi böhran: kim kimə qarşıdır?

İqor Dodon Fotonun müəllifi AFP
Image caption Prezident İqor Dodon onun vəzifədən kənarlaşdırılması barədə Konstitusiya məhkəməsinin qərarını qanunsuz hesab edir

Moldovada siyasi böhran dərinləşməkdədir. Çərşənbə axşamı günü Rusiyapərəst prezident İqor Dodona rəqib Demokratlar Partiyası tərəfdarlarını etiraz aksiyalarına səsləyib.

Bundan əvvəl, Moldova prezidenti bəyan edib ki, onun vəzifədən kənarlaşdırılması barədə Konstitusiya məhkəməsinin qərarı qanunsuzdur. BBC News Azərbaycanca böhrana aid əsas məqamlara nəzər salıb.

Siyasi böhran necə yarandı?

Böhranla nəticələnən hadisələrin inkişafını görmək üçün fevral ayının 24-də keçirilən parlament seçkilərinə nəzər salmaq faydalı ola bilər.

Həmin səsvermə nəticəsində mandatların çoxu üç aparıcı partiya - İqor Dodonu dəstəkləyən Rusiya təmayüllü Sosialist Partiyası, ölkənin ən zəngin "oliqarxı" Vladimir Plaxotnyukun Demokratik Partiyası və sağcı, qərbpərəst ACUM bloku arasında bölünüb.

Koalisiya qaçılmaz olsa da, dərin qütbləşmə qanunla ayrılan üç ay ərzində hökumətin qurulmasını son anadək ləngidib.

Koalisiya ilə bağlı mübahisəsinin səbəbi nədir?

Koalisiya barədə razılaşma iyunun 8-də əldə olunub və sosialistlərlə ACUM bloku, parlamentin rəhbərliyi, strukturu və Maya Sandu başda olmaqla yeni hökuməti təsdiqləyib.

Konstitusiya Məhkəməsi hesab edir ki, parlament üç aylıq müddətdə hökumət qura bilməyib və nəticə olaraq prezident parlamenti buraxmalı və erkən seçkilər elan etməli idi.

Nəticədə, Konstitusiya Məhkəməsi prezident İqor Dodonu vəzifədən kənarlaşdıraraq 2016-cı ildən bəri Baş nazir olan Pavel Filipi dövlət başçısı səlahiyyətlərinin icraçısı təyin edib.

Fotonun müəllifi Reuters
Image caption Maya Sandu koalisiya hökumətində Baş nazir vəzifəsinə təyin olunub

İki hakimiyyətlilik necə yaranıb?

Çərşənbə axşamı günü prezident İqor Dodon elan edib ki, prezident səlahiyyətlərinin Baş nazir Pavel Filipə ötürülməsi barədə məhkəmə qərarı qanunsuzdur.

Öz növbəsində, prezident vəzifəsini icra edən Pavel Filip parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması barədə fərman imzalayıb.

Beləliklə, fevral ayındakı seçkilərdən sonra böhran iki hakimiyyət mərkəzinin yaranması ilə nəticələnib.

Pavel Filip həmçinin, 6 sentyabrda növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə fərman imzalayıb.

Mübahisə tərəfləri kimdir?

Fotonun müəllifi EPA
Image caption Fevral ayında keçirilən seçkilərdə səslərin çoxu qərbyönlü və rusiyapərəst partiyalara verilib

Qəribə olsa da adətən post-sovet məkanlarında bir çox hallarda fikirləri üst-üstə düşməyən Rusiya ilə Qərbin mövqeləri burada yaxındır.

Moskva, Avropa İttifaqı və ABŞ koalisiya hökuməti barədə razılaşmanı dəstəkləyiblər.

Koalisiyaya qarşı çıxan ölkənin ən nüfuzlu oliqarxlarından biri, demokratlar partiyasının rəhbəri Vladimir Plaxotnyukdur.

Onun tərəfdarları hesab edir ki, yeni hökumət ölkənin qərbyönlü siyasətinə son qoya bilər. Qarşı tərəf bu iddiaları rədd edir.

Qarşıdurma necə inkişaf edir?

Bazar gününə keçən gecə Demokrat Partiyasının tərəfdarları Kişinyovda bəzi nazirlik və hüquq-mühafizə orqanlarının binaları qarşısında çadırlar qurublar.

İqor Dodon hökumət qurumlarını bloklamamağa səsləyir.

Tərəfdarlarına müraciət edən Vladimir Plaxotnyuk isə sentyabr ayındakı seçkilər üçün səfərbər olmağa çağırıb.

Kişinyovdakı etiraz nümayişləri çoxsaylı təhlükəsizlik qüvvələrinin müşayiəti ilə keçirilir.

Son bəyanatlara əsasən tərəflərin mövqelərində yaxınlaşmağa dəlalət edən əlamətlər hələ ki, nəzərə çarpmır.

Bu barədə daha geniş