Britaniya: sabiq xarici işlər naziri hakim partiyanın sədrliyi uğrunda seçkilərin lideridir

BORİS Fotonun müəllifi PA
Image caption Boris Johnson ölkənin xarici işlər naziri və Londonun meri olub.

Böyük Britaniyada hakim Mühafizəkar Partiyasının sədrliyi uğrunda aparılan seçkilərin ilk turunda sabiq xarici işlər naziri Boris Johnson millət vəkillərinin 114 səsini qazanaraq səsvermənin lideri olub.

Cümə axşamı günü keçirilən səsvermədə Mühafizəkar Partiyasından Britaniya parlamentinin 313 üzvü iştirak edib.

Partiya liderliyinə seçkilər mərhələli şəkildə keçirilir və son nəticə iyulun ikinci yarısında açıqlanmalıdır.

Qalan namizədlər arasında səslər belə bölüşüb:

  • Dövlət katibi Jeremy Hunt - 43
  • Ekologiya naziri Michael Gove - 37
  • Sabiq Brexit naziri Dominic Raab - 27.
  • Daxili İşlər Naziri Sajid Javid - 23
  • Səhiyyə Naziri Matt Hancock - 20
  • Rory Stewart - 19
  • İcmalar Palatasının sabiq lideri Andrea Leadsom - 11
  • Mark Harper- 10
  • Əmək və Sosial Müdafiə naziri Esther McVey - 9

Minimum hədd sayılan 17-dən aşağı səs toplayan Andrea Leadsom, Mark Harper və Esther McVey mübarizənin növbəti mərhələsində iştirak etmək haqqını itiriblər.

Fotonun müəllifi AFP
Image caption Üç namizəd mübarəzini növbəti mərhələdə davam etdirəcək

Britaniya parlamentində səsvermə namizədlərin sayı ikiyə çatana kimi davam etdiriləcək.

Növbəti mərhələdə Mühafizəkar Partiyasının təxminən 60 min üzvü bu iki namizəddən birini partiyanın lideri seçməlidir.

İyulun 22-də elan ediləcək yeni lider, həmçinin Britaniyanın yeni Baş naziri olacaq.

Sabiq xarici işlər naziri Boris Johnson, buna ehtiyac yaranarsa, razılaşma olmadan da ölkəsinin Avropa İttifaqından (Aİ) çıxmasının tərəfdarıdır.

Johnson illik gəliri 50 min funt sterlinqdən (84000 AZN) yuxarı olan təbəqə üçün gəlir vergisini azaltmağı vəd edib.

Ekologiya naziri Michael Gove, 20 il əvvəl kokain istifadə etdiyini etiraf etdikdən sonra yarışdan imtina etməyə çağırılırdı.

Baş nazirin xələfi seçilənədək hökumət başçısı vəzifəsini may ayında istefaya çıxacağını elan etmiş Theresa May icra edəcək.

Böyük Britaniya Avropa İttifaqından martın 29-da çıxmalı idi. Lakin sonrakı danışıqların nəticəsi olaraq bu, tarix 31 oktyabra qədər təxirə salındı.

Theresa May istefasını açıqlayarkən bildirmişdi ki, "Brexit anlaşmasının həyata keçməsi üçün əlindən gələn hər şeyi edib və indi yeni Baş nazirin cəhd etmə vaxtıdır".

Əlaqəli mövzular

Bu barədə daha geniş