“Qara dulların” əsirliyində: Salvador quldurları qadınları sığorta puluna görə ərə getməyə məcbur edirlər

Məhkəmə Fotonun müəllifi La Prensa Gráfica
Image caption "Qara dullar" qrupunun işi üzrə 7 nəfər mühakimə olunub.

"Bir neçə saatdan sonra sən dul qalacaqsan və bu rola hazır olmalısan". Salvador quldurlarının oğurladıqları qadınlar bu cümləni tez-tez eşitməli olurlar. Bu, içinə düşdükləri kabusun yeni mərhələsinin başlanması deməkdir.

Cəmi bir neçə gün əvvəl bu qadınları heç tanımadıqları adamlara ərə getməyə məcbur etmiş, az sonra da həyat sığortalarını ələ keçirmək üçün həmin adamları öldürmüşdülər.

Əməlləri qorxulu bir film, bir ssenari üçün zəngin material ola biləcək bu cinayətkar qrupu müstəntiqlər "Qara dullar" ("Mara salvatruça") adlandırıblar.

Mayın 17-də ölkənin ən böyük kriminal qruplaşmalarından biri olan "Mara salvatruça"nın üzvləri 15 ildən 30 ilədək həbs cəzasına məhkum ediliblər. Onlar həm ölkə, həm də bütün region üçün tarixi sayıla biləcək cinayətlər törədiblər.

Salvador prokurorluğunun insan oğurluğu və ticarəti üzrə xüsusi şöbəsinin rəhbəri Violeta Oliveras deyir ki, "bu, Salvadorda və Mərkəzi Amerikada məcburi nikaha görə verilən ilk cəzalardır".

"Sən ağlamalısan!"

İki il əvvəl quldurların əlindən qaça bilmiş gənc qadının ifadəsi sayəsində Salvador prokurorluğu bu işi araşdırmağa başlamışdı.

Əyalətdən olan bir qız (hakimiyyət nümayəndələri onun adını açıqlamırlar, biz ona şərti olaraq Monika deyəcəyik) San-Salvadordakı qadının evində qulluqçu işləmək üçün paytaxta gəlir.

Üç həftə sonra onu başqa evə aparırlar, orda bir kişi Monikaya deyir ki, onun dediklərini etməsə, qohumlarını öldürəcəklər.

Fotonun müəllifi Fiscalía de El Salvador
Image caption "Qara dullar" şəbəkəsinin cəzalandırılması təkcə Salvador üçün yox, bütün Mərkəzi Amerika üçün tarixi hadisədir

Əsas tapşırıq beləydi: o, tanımadığı bir kişiyə ərə getməlidir.

"Qız rədd cavabı verib və buna görə fiziki, sözlü, psixoloji və cinsi zorakılığa məruz qalıb" - ispandilli BBC Mundo xidmətinə müsahibəsində Violeta Oliveras belə deyib.

Şəbəkənin üzvləri qıza ər axtarmağa başlayırlar, tapdıqları "bəylərə" deyirlər ki, onların gələcək arvadının qaçqın statusu olacaq və bu, onlara arvadlarıyla birlikdə ABŞ-da yaşamaq imkanı verəcək.

Toydan sonra təzə gəlin ərini inandırmalıydı ki, ailə ittifaqının bütövlüyü üçün həyatını sığorta etdirsin. Cəmi üç, ya dörd həftədən sonrasa quldurlar əri öldürürdülər. Bunun ardınca olayın ən sürrealist hissəsi başlayırdı.

"Qadını yas mərasiminə göndərib cani-dildən ağlamasını tapşırıblar. Xəbərdarlıq ediblər ki, orda ciddi nəzarət altında olacaq, ona görə də öz rolunu elə ifa etməlidir ki, sığortanı almağa heç nə mane olmasın" - Olivera belə deyir.

"Sən özünü dərdli arvad kimi aparmalısan, ağlamalısan!" - "Qara dullar"ın üzvləri əsir qadına belə təlimat verirdilər.

Fotonun müəllifi AFP
Image caption Salvadordakı quldur dəstələri öz kriminal fəaliyyətlərini genişləndirirlər

Məhkəmə prosesində məhkumlar "Mara salvatruça" qrupunun üzvü olduqlarını boyunlarına almayıblar. Qrupun liderlərindən biri olduğu güman edilən Esmeralda Flores iddia edib ki, Monikanı evinə qulluqçu götürəndən sonra onu şantaj etməyə başayıblar.

"Hər şey pula görəydi və bu işdə polisin də əli vardı. Mənə dedilər ki, pul verməsəm, adam öldürməkdə ittiham olunacam" - Flores "Salvador Times" internet portalına müsahibəsində belə deyib. Onun sözlərinə görə, Monika Salvador polislərindən birinin yaxın qohumudur.

Flores iddia edir ki, "Bu, bir qulluqçunun məni soyması, ziyan vurması, sonra da polisə gedib özünü qurban kimi qələmə verməsi hadisəsidir".

100 min dollarlıq sığorta

Ərlərinin ölümündən sonra qadınlar onlara düşən 15-30 min dollar sığorta pulunu bankdan çıxarmalıydılar. Bu işdə onlara quldurlarla əlbir işləyən vəkillər kömək edirdilər.

"Bankdan çıxan kimi qadınlar pulu yaxınlıqda onları gözləyən quldurlara verməliydilər. Quldurların çoxu motosikldə olub. Bəzən qadınlar pulu birbaşa quldurbaşılardan birinə veriblər" - Violeta Oliveras belə deyir. O əmindir ki, pullar sonda "Qara dullar"a çatıb:

"Onlar sığortanı "Mara salvatruça"ya daxil olan qrupa veriblər. Biz hələ ki, bilmirik pullar orda qalıb, yoxsa digər qruplar arasında bölüşdürülüb. Amma "Mara salvatruça"nın əlinə keçməsi dəqiqdir".

Prokurorluğun məlumatına görə, "Qara dullar" bu işdə 100 min dollara qədər gəlir əldə ediblər. Bu məbləğin bir hissəsi yeni qurbanların tapılmasına sərf edilib.

Oliveras danışır ki, "şəbəkə bahalı avtomobillər kirələyib, qadın başçı həmin avtomobildə barları dolaşıb, kişilərlə tanış olaraq onlarla romantik münasibətlər qurub. Sonra yeni "sevgilisinə" deyib ki, onunla saxta nikah bağlamağa və sonra da birlikdə ABŞ-a getməyə razı olan bir qohumu var. Xeyli kişi buna inanıb".

Fotonun müəllifi Getty Images
Image caption "Qara dullar"ın qurbanları sığorta ödəmələrini bankdan götürüb dərhal quldurlara verməliydilər (arxiv şəkli)

Quldurlardan qaça bilmiş əsir qız onu saxladıqları evi polisə nişan verə bilib. Bundan dərhal sonra həbs edilənlər olub və polis daha iki qadını azad edib.

Bu qadınların ifadələri sayəsində daha iki qurban aşkar edilib, məhkəmə prosesinin ilin sonuna təyin edilmiş ikinci hissəsində onların da şikayətlərinə baxılacaq.

Amma "Qara dullar"ın oğurladıqları qadınların sayı xeyli çox ola bilər.

Oliversin dediyinə görə, qurbanlar saxta nikahdan və sığorta ödəmələrini təhvil verəndən sonra quldurlar tərəfindən öldürülən qadınlar haqqında da məlumat veriblər, ona görə də istintaq davam edir.

Kriminal müxtəliflik

Oliversin rəhbərlik etdiyi şöbə 2016-cı ildən etibarən Salvadorda hər il 50-60 arası adam oğurluğu hadisəsi qeydə alır (Bu il 40 belə hadisə qeydə alınıb). Bu oğurluqlar əsasən cinsi istismar məqsədi güdür, amma bəzi hallarda əsirlərdən pulsuz işçi qüvvəsi kimi də istifadə edirlər.

Prokurorluqda deyirlər ki, son vaxtlara qədər məcburi nikah hadisəsinin qeydə alınmaması qrupların fəaliyyətindəki diversifikasiyadan xəbər verir. Onlar buna böyük rayonları və orda yaşayan insanları ciddi nəzarət altında saxlamaqla nail olurlar.

Fotonun müəllifi Departamento de Estado de EE.UU.
Image caption Keçən il ABŞ-ın dövlət katibi Mayk Pompeo və ABŞ prezidentinin qızı İvanka Tramp Salvador prokurorluğundakı fəaliyyətinə görə Violeta Oliverə mükafat təqdim ediblər.

Salvadorun elektron nəşri "Faro"nun jurnalisti Karlos Martines də bu haqda danışır. O etiraf edir ki, kriminal aləmi və onun sosial fenomenini anlamağa sərf etdiyi səkkiz il ərzində bir dəfə də olsun belə ssenariyə rast gəlməyib, ona görə də bunu universal kriminal praktika hesab etmir.

Eyni zamanda, BBC-yə müsahibəsində Martines bildirib ki, son səkkiz ildə kriminal qruplaşmalar öz fəaliyyətlərini şaxələndiriblər və gəlirlərini artırmaq üçün yeni üsullara əl atıblar.

Məsələn, qadınları onların həbsxanalardakı uşaqlarına baxmağa, həyat yoldaşı qismində həbsxanalara gedərək onlara seks xidməti göstərməyə məcbur ediblər:

"Penitensiar mərkəzlərdə məhbusları ancaq onların arvadları ziyarət edə bilər, ona görə də bəzi hallarda qadınları quldurlara ərə getməyə məcbur ediblər. Onların çoxsaylı bicliklərindən və kriminal təcrübələrindən xəbərdar olduğuma görə "Qara dullar"ın əməlləri mənimçün çox da gözlənilməz deyil".

Violeta Oliverasın da qeyd etdiyi kimi, tarixi məhkəmə prosesinin uğurları fonunda daha vacib bir iş - quldurların qurbanlarına yardım məsələsi yaddan çıxarılmamalıdır. Əsirlikdən azad ediləndən sonra hakimiyyət onları həm yaşayış yeriylə, həm də psixoloji yardımla təmin edib.

"Qurbanlar normal həyat sürməyin çətin olduğunu başa düşürlər, çünki "Mara salvatruça"nın təsiri altında olmayan, onlara çətinliklə sığınacaq verə bilmiş kasıb ailələrdə yaşayırlar" - Oliveras belə deyir.

Prokurorluq həmin qadınların zorakılığa məruz qalmış şəxslər kimi başqa ölkələrə göndərilməsi və orda sığınacaq və müdafiəylə təmin edilməsi variantı üzərində də işləyir.

Bu barədə daha geniş