Kişilərin intiharı: o, qadınların intiharından nəylə fərqlənir və nə üçün daha tez-tez baş verir

Intihar etmək haqqında fikirlər Fotonun müəllifi Getty Images

Bu statistika bütün dünyada belədir: depressiyadan daha çox qadınlar əziyyət çəkirlər, intihara da daha çox onlar meyllidirlər, amma intihar edənlərin çoxu kişilərdir.

Mənim də qardaşım intihar edib. Altı il əvvəl. Onun 28 yaşı vardı.

Təəssüf ki, intihar halları bizim düşündüyümüzdən daha çoxdur.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2016-cı ildə (Mövzuyla bağlı sonuncu qlobal rəsmi statistika bu ilə aiddir) dünyada 793 000 intihar hadisəsi baş verib. Özünü öldürənlərin çoxu kişilərdir.

1981-ci ildən etibarən həmin il Britaniyada suisid faktları ən aşağı səviyyədə olub - hər 100 000 nəfərə 15,5 nəfər. Amma 45 yaşına qədər kişilərin əsas ölüm səbəbi intihar olaraq qalır. Gender fərqi faktı da dəyişməyib: qadınlara aid statistika hər 100 000 nəfərdən 4,9-nun intihar etdiyini göstərir - kişilərdən 3 dəfə az.

Bir çox başqa ölkədə də vəziyyət bu cürdür - Avstraliyada kişilər qadınlardan 3 dəfə, ABŞ-da 3,5 dəfə, Rusiya və Argentinada 4 dəfə çox intihar edirlər.

ÜST-ün məlumatından görünür ki, ölkələrin 40%-ində vəziyyət daha ağırdır: hər 100 000 nəfərə 15 intihar hadisəsi baş verir və ölkələrin ancaq 1,5%-ində qadınlara aid göstəricilər kişilərinkiylə eynilik təşkil edir.

Bu tendensiya uzun illərdir ki, dəyişmir.

"Qeyri-bərabərlik biz bu statistikanı qeydə almağa başlayandan bəri mövcuddur" - intihara cəhd etmiş şəxslərə yardım edən, intiharların qarşısının alınmasıyla məşğul ola Amerika fondunun araşdırmalar şöbəsinin rəhbəri, fondun vitse-prezidenti Jill Harkavy-Friedman belə deyir.

Fotonun müəllifi Getty Images
Image caption Axı, nə üçün kişilər belə əzab çəkirlər?

İntihar- çox incə və mürəkkəb mövzudur. İnsanların özünü öldürməsi bizi onları buna sövq edən səbəbləri başa düşmək imkanından məhrum edir.

Amma psixi sağlamlıq məsələlərinin getdikcə daha çox araşdırılması bu faciəli qərarın qəbuluna təsir edən faktorları anlamaq səviyyəsini də artırır.

Qadınlarla bağlı hallarda intiharın anlaşılması ona görə daha çətin olur ki, səbəb olaraq, adətən, depressiya diaqnozu qoyulur. Bundan başqa, qadınların intihara cəhd etməsi ehtimalı daha çoxdur. Məsələn, ABŞ-da yetkin yaşlı qadınlar kişilərdən 1,2 dəfə çox intihara əl atırlar.

Amma kişilərin intihar zamanı istifadə etdiyi üsullar daha radikaldır və hətta yardım etmək istəyənlər olanda belə, nəticəni dəyişmək mümkün olmur.

Axı, nə üçün kişilər belə əzab çəkirlər? Və bunun qarşısını almaq mümkündürmü?

Risk faktorları

Vacib elementlərdən biri ünsiyyət və ünsiyyətcillikdir. Amma qadınların öz problemləri haqqında danışmağa kişilərdən daha çox meylli olduğunu demək məsələni son dərəcə sadələşdirmək demək olardı.

Hərçənd bu da faktdır ki, əsrlər boyu mövcud olmuş və bu gün də qüvvədə olan bir streotip var: kişilər daha güclü olmalı və öz əzablarını biruzə verməməlidirlər.

Fotonun müəllifi Getty Images
Image caption Hələ balacaykən oğlan uşaqlarını öyrədirik ki, ağlamaq zəiflik əlamətidir.

Çox vaxt bu, uşaqlıqdan başlayıır.

İntihara meylli şəxslərə 24 saat psixoloji yardım göstərən Avstraliya xeyriçiyyə cəmiyyəti "Lifeline"-nin keçmiş icraçı direktoru Colman O'Driscoll: "Biz elə hey deyirik: oğlanlar heç vaxt ağlamırlar. Biz onları hələ balacaykən emosiyalarını göstərməməyə öyrədirik, onlara bunun zəiflik olduğunu aşılayırıq".

Kanadada intiharların qarşısının alınması mərkəzinin icraçı direktoru Mara Grunau deyir ki, uşaqlarla necə danışmağımızdan, onları ünsiyyətə nacə hazırlamaımızdan çox şey asılıdır:

"Analar öz hissləri və təcrübələri haqqında əsasən qızlarıyla danışırlar. Sanki biz ənənəvi olaraq qadınlardan daha çox emosiya gözləyirik".

Kişilər özlərini zəif hiss etdiklərini həm özlərinə, həm dostlarına, həm də həkimlərinə çox nadir hallarda deyirlər. "British Medical Journal"-ın araşdırması zamanı məlum olub ki, onların tibbi yardım üçün müraciət etməsi ehtimalı qadınlardan 32% azdır.

Jill Harkavy-Friedman deyir ki, kişilər psixi sağlamlıq problemləriylə bağlı daha az tibbi yardım alırlar: "Ona görə yox ki, onların qadınlardakına bənzər problemləri yoxdur, ona görə ki, problemləri olduğunu daha az dərk edirlər və bu, suisid riskini artırır".

Əgər insan ruhi vəziyyətindəki narahatlığın stresdən qaynaqlandığını dərk etmirsə, kiminsə və ya nəyinsə ona yardım edə biləcəyi haqqında heç düşünmür də.

Fotonun müəllifi Getty Images
Image caption Kişilər psixiatrlara və psixoterapevtlərə qadınlardan daha az müracət edirlər.

Jill Harkavy-Friedman bildirir ki, intihar edənlərin yalnız üçdə biri o dönəmdə depressiyadan və ya hər hansı başqa bir psixi xəstəlikdən müalicə alıb.

Ən təhlükəlisi də odur ki, küşülər mütəxəssislərə müraciət etmək əvəzinə, özləri özlərini sağaltmağa çalışırlar.

"Onlar depressiya vəziyyətində alkoqol və narkotik qəbul etməyə daha çox meyllidirlər, bu isə bildiyimiz kimi, intihar meylini atırır" -Jill Harkavy-Friedman belə deyir.

Həqiqətən də, kişilərdəki alkoqol asılılığı qadınlardan az qala iki dəfə çoxdur. Amma bu, onların depressiyasını daha da dərinləşdirir, davranışlarını impulsiv edir. Alkoqolizm suisidə əsbəb olan əsas faktorlardan biri kimi tanınır.

Həmin faktorlar arasında ailə və iş problemləri də var. Məsələn, iqtisadi tənəzzül dövründə işsizliyin səviyyəsi və bununla birlikdə intihar cəhdləri də artır - adətən, iqtisadi böhran başlayandan 1,5 - 2 il sonra.

Fotonun müəllifi Getty Images
Image caption Narkotik vasitələrin köməyilə depressiyadan çıxmağa çalışmaq pis seçimdir

2015-ci ildə aparılmış bir araşdırmanın nəticələri göstərib ki, işsizlik səviyyəsinin artan hər faizi suisid səviyyəsinin 0,79% artmasına səbəb olur.

Yeni iş tapmaq məcburiyyəti və pulsuzluq psixi problemləri dərinləşdirir. Eyni zamanda, sosial təzyiq və şəxsiyyət böhranı da insanların ovqatına ciddi təsir edir.

"Bizi elə tərbiyə edirlər ki, həyatımız boyu özümüzü başqalarıyla müqayisə edirik, şəxsiyyətimizi maliyyə imkanlarımıza görə qiymətləndirirk. Nəzarət edə bilmədiyimiz iqtisadi faktorlar yarananda vəziyyətimiz mürəkkəbləşir" - Britaniyadakı CALM xeyriyyə cəmiyyətinin rəhbəri, həyatını intiharların qarşısını almaq işinə həsr etmiş Simon Gunning belə deyir.

Bəzən vəziyyəti həm də o gərginləşdirir ki, depressiyadan müalicə olunan şəxsin tibbi sığortası iş yerinə bağlı olur və işini itirən kimi müalicəsi də kəsilir.

Fotonun müəllifi Getty Images
Image caption Cəmiyyətdən təcrid olunmaq daha bir ciddi risk faktorudur

Digər risk faktoru təklik və cəmiyyətdən təcrid olunmaqdır - həkim Thomas Joiner özünün "İnsanlar niyə özlərini öldürürlər" kitabında belə yazır.

Grunau isə deyir ki, karyerasını hər şeydən (o cümlədədn, cəmiyyətdəki münasibətlərindən də) üstün tutan zahirən uğurlu mütəxəssis təkliyin ən ağır vəziyyətində ola bilər.

Nəzərə almaq lazımdır ki, hər hansı xarici faktor intihara meylli insanı suisidə sövq etmiş ola bilər, amma bu, yeganə səbəb olmayacaq.

"Milyonlarla insan işini itirir, ayrılıqlar hamımızın həyatında olub, amma biz bunlara görə özümüzü öldürmürük" - Jill Harkavy-Friedman belə deyir.

Mümkün həll yolları

Bu cür qəliz problemin sadə həlli ola bilməz. Amma çoxsaylı dövlət proqramları və xeyriyyə təşkilatları irəliləyişə yardım edirlər. Məsələn, Avstraliyada bir qrup aktivist baxış və anlayış sistemindəki mədəniyyətin özünü dəyişməyə çalışır. Onların məşhur təşəbbüslərindən biri getdikcə polpulyarlaşan "Yaxşısanmı?" proqramı günüdür - həmin gün vətəndaşları özünü pis hiss edənlərlə, nəyəsə görə əzab çəkənlərlə söhbətə dəvət edirlər.

Daha bir yanaşma "çiyin-çiyinə prinsipi"dir - müxtəlif yerlərdə, məsələn, futbol matçında və ya velosiped gəzintisində insanlar bir-birilə daha çox danışmağa təşviq edilir.

Fotonun müəllifi Getty Images
Image caption Avstraliyada intiharların ən çox olduğu inşaat sektorunda "Tikintidəki dostlar" proqramı fəaliyyət göstərir

Dəstək və təlim üzrə "Tikintidəki dostlar" proqramı inşaat sektorundakı yüksək intihar səviyyəsi haqqında məlumat verir və vəziyyətdən çıxış yolları axtarır.

Odriskollun sözlərinə görə, proqram ilk növbədə bu fikri təbliğ edir: öz hisslərini başqalarıyla müzakirə etmək kişilərin zəifliyindən yox, gücündən xəbər verir.

Hər kəs öz dərin duyğularını dostları və hətta qaynar xətlə də bölüşməyə hazır olmadığı üçün bu işə müasir texnologiyaların da köməyi dəyir.

Dediklərinin qiymətləndirilməsindən narahat olanlar üçün süni intellektlə söhbət ürəyini boşaldıb məsləhət almaq üçün yaxşı vasitə ola bilər.

Strategiyalardan biri insanların diqqətini intiharın doğmalar üçün ağır zərbə olacağına yönəltməkdir. CALM təşkilatının "Layihə 84" kampaniyası (Britaniyada hər həftə 84 kişi intihar etdiyi üçün belə adlandırılıb) intihardan sonra özünü öldürənin yaxınlarının necə böyük dərd çəkdiklərini qabardır.

Gunning deyir ki, bu, potensial intiharçılar arasında geniş yayılmış "Hamını məndən xilas edəcəm" fikrinə qarşı təbliğatdır.

Fotonun müəllifi Getty Images
Image caption Bir-birinizə daha tez-tez kömək əli uzadın

Problemin həlli üçün digər variantlar intiharın texniki baxımdan çətinliyilə bağlıdır. Araşdırmalar göstərib ki, məşhur "intiharçılar körpüsü" Bristolun (Clifton asma körpüsü) kənarlarına maneəllər qoyulandan sonra suisid halları iki dəfə azalıb və başqa bir yerdə artım olması barədə də heç bir məlumat yoxdur.

Amma, əlbəttə ki, hələ görüləcək iş çoxdur.

Odriskoll deyir ki, yol qəzalarındakı ölüm hallarına suisiddən daha çox diqqət yetirlir, halbuki, intihar daha çox insanın həyatına son qoyur.

Məsələn, Avstraliyada intihar səviyyəsi 2015-ci ildə hər 100 000 nəfərə 12,6 nəfər düşdüyü halda, yol qəzalarında bu göstərici cəmi 4,7 nəfər təşkil edib.

Araşdırmaların sayı artmalıdır. "Aydındır ki, kişilərlə qadınlar arasında obyektiv fərqlər var - bioloji olaraq; hormonların strukturu, beynin inkişafı və fəaliyyəti baxımından".

Amma qadınları və kişiləri çox vaxt birlikdə öyrənirlər və statistik fərqləri göstərmək cəhdləri olsa da, bu, problemi anlamaq üçün kifayət deyil. Xüsusi araşdırmalara ehtiyac var.

Fotonun müəllifi Getty Images
Image caption İntihar mövzusunu müzakirə etməkdən utanmaq lazım deyil - bu, insan həyatını xilas edə bilər.

Jill Harkavy-Friedman deyir ki, Britaniya hökuməti problemin həllində maraqlıdır. Məsələn, 2018-ci ildə hökumət intiharların qarşısının alınması nazirliyi yaradıb - bu, Britaniyada ilk belə təcrübəd

Jill Harkavy-Friedman-ın sözlərinə görə, artıq nəticələr var, ölkədə intihar səviyyəsi azalmaqdadır, çünki bu problemə qarşı mübarizəylə bağlı milli strategiya mövcuddur.

Qrünau da hesab edir ki, vəziyyət yaxşılaşır: "Siz insanlarla artıq açıq şəkildə suisid problemini müzakirə edə bilərsiz. Düzdür, əvvəlcə onlar diksinirlər, amma sonra əvvəlkindən daha həvəslə söhbətə qoşulurlar".

İntihar hallarının azalmasından danışarkən bir məsələni də unutmamalıyıq: hətta bir intihar faktı belə xilas edilməsi mümkün olan həyat deməkdir.ir.

Bu barədə daha geniş