Honq Konqda etirazlar niyə baş verir? 5 suala cavabda

Etirazçı Fotonun müəllifi Getty Images

Honq Konq üzərində suverenliyin Britaniyadan Çinə ötürülməsinin ildönümü ilə bağlı keçirilən mərasimlər vaxtı parlament binasını mühafizə edən polislərlə fəallar arasında toqquşmalar baş verib.

BBC News Azərbaycanca Honq Konqda baş verən qarışıqlığı izah edən 5 mühüm məqama cavab tapmağa çalışıb.

Etirazlar niyə baş verir?

Kütləvi çıxışlara təkan verən, Çinə ekstradisiya barədə mübahisəli qanun layihəsi olub.

Həftələrdir ki, davam edən nümayişlərin ardınca parlamentə daxil olan etirazçılar binadan çıxarılıb.

Hazırda əraziyə polis nəzarət edir.

Honkonq-Çin gərginliyin tarixi səbəbləri nədir?

Ötən əsrin sonuna yaxın 150 ildən artıqdır ki, Böyük Britaniyanın idarəsi altında olan Honq Konq üzərində suverenlik Çin Xalq Respublikasına təhvil verildi.

Çinlə Böyük Britaniya arasında müvafiq razılaşma 1997-ci ildə imzalanıb.

Sənədə əsasən, Honq Konq 50 il ərzində Çin tərkibində xüsusi statusa malik olan ərazi olaraq qalmalıdır.

Buna görə də 1842-ci ildə Britaniyanın ələ keçirdiyi Honq Konqun Çin ilə münasibətləri "bir ölkə iki sistem" kimi təsvir olunur.

Fotonun müəllifi Getty Images
Image caption Cinayətdə şübhəli şəxslərin Çinə ekstradisiya olunması barədə qanun layihəsi kütləvi etiraz çıxışlarına təkan verib.

"Ətirli liman" necə inkişaf etdi?

Honq Konqun dövlət sistemi Böyük Britaniya modeli üzərində qurulub.

Sabit və aydın qanun sisteminə malik olan Honq Konq bir çox beynəlxalq və bölgə sərmayəçilərinin üz tutduğu yerdir.

Lakin buranın irəliləməsi 1950-ci ildə yerli portun inkişafı ilə bağlı olub.

Bu, tədricən Honq Konqu dünyanın ən zəngin ölkələri sırasına daxil edib.

Maraqlıdır ki, Honkonq sözünün tərcümələrinin biri də, məhz "ətirli liman" mənasını verir.

Çinlə Honq Konq iqtisadiyyatları arasında nəzərə çarpacaq dərəcədə dərin fərq mövcuddur.

Dünya Bankının statistikasına əsasən, Honq Konqda adambaşına düşən ÜDM-in həcmi 48,717 dollardır, Çində isə bu rəqəm 9,770 dollar təşkil edir.

Çinlə yaxınlaşma əleyhdarları hesab edir ki, daha aşağı maaşlı Çin iqtisadiyyatı ilə yaxınlaşma Honq Konqda həyat səviyyəsini aşağı sala bilər.

Image caption Rəy sorğuları yerli əhali arasında güclü Honkonq kimliyini təsdiqləyir

Honq Konq əhalisi özünü çinli hesab edirmi?

Honq Konq əhalisinin çoxu etnik çinli olsa da, 150 il ərzində Çindən ayrı, Britaniya koloniyası kimi, yaşayan ərazinin əksər sakinləri özünü məhz "honkonqlu" kimi görür.

Buna Honq Konq Universitetinin rəy sorğularının cavabı da sübutdur.

Məlumata əsəsən, respondentlərin yalnız 15 faizi çinli olduğunu deyib.

2017-ci ildə keçirilən sorğunun nəticələrinə görə, Honq Konq kimliyi gənc nəsil arasında daha güclüdür.

18-29 yaş arasında olanların cəmi 3 faizi özünü çinli kimi təqdim edib.

Honq Konqda siyasi etirazlar nadir haldırmı?

Fotonun müəllifi Getty Images
Image caption Təşkilatçılara əsasən, iyulun 1-də keçirilən yürüşə yarım milyondan artıq insan qatılıb.

Keçmişdə kütləvi etirazlar daha çox iqtisadi səbəblərə görə baş verirdisə, son zamanlar siyasi təmayüllü aksiyaların artdığı müşahidə olunur.

Honq Konqun müasir tarixində ən irimiqyaslı etirazlardan biri 1966-ci ildə baş verib. O zaman ictimaiyyətin qəzəbinə səbəb olan bərə şirkətinin gediş haqqını qaldırmaq barədə qərarı olub.

Hakimiyyət zorakı xarakter alan kütləvi çıxışlara komendant saatının tətbiqi ilə cavab versə də, bir müddət ərzində sakitliyi bərpa etmək mümkün olmayıb.

2003-cü ildə əsasən demokratiya tələbləri altında keçirilən mitinqə yüz minlərlə insan qatılıb.

Bundan 11 il keçmiş küçələrə çıxan nümayişçilər Honq Konq liderinin seçkilərində "Pekinin müdaxiləsinə" etiraz ediblər.

İyun ayından bəri isə yüz minlərlə insan Çinə ekstradisiya qanununa etiraz edir.

Bu, 1997-ci ildə bəri ən izdihamlı kütləvi aksiya sayılır.

Bu barədə daha geniş